Məhkəmə qərarları › İş №2(102)-2066/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2066/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2066/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət; real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5520/2023 nöm rəli, 2023-cü il 17 oktyabr tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 oktyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində iddiaçının oğlu ona məxsus «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyatlı nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən, Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində 3-cü zolaqda M.Həsənov küçəsi istiqamətində hərəkətdə olan zaman Cavabdeh2 məxsus olan və digər Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilən «Volkwagen Touareg» markalı **MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyatlı nişanlı avtomobili n sürücüsü Ayxan Bədrəddinli sağ əl nahiyəsindən xəsarət almış, avtomobilə ziyan dəymişdir.

2. Yasamal RPİ İŞ-nin 19 yanvar 2022-ci il tarixli qərarı ilə baş vermiş yol-nəqliyyat hadisəsində sürücü Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş; sürücü Cavabdeh1 hərəkətlərində İXM-nin 327.8-ci və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilmiş, X2 idarə etdiyi «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14.248 manat məbləğdə ziyan və X4 məxsus «Lada Priora» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu onlara izah edilmişdir. 3. 10 fevral 2022-ci il tarixdə Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXMnin 469.1, 327.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 3(004)- 999/2022 nömrəli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin Məcəllənin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarı n surəti Yasamal RPİ-yə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan «Kia Optima» minik markalı, **-TV*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 14.248 manat maddi ziyanın, ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında yaranmış qiymət fərqinin əvəzi olaraq 12.000 manat və mənəvi ziyana görə 5.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində oğlu Ayxan Bədrəddinli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır. Həmçinin, Yasamal RPİ-nin 19 yanvar 2022-ci il tarixli qərarı ilə, hadisə nəticəsində «Kia Optima» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14.248 manat maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Həmçinin, bu hal "xxxx" MMC-dən verilmiş qiymətləndirmə aktı ilə təsdiq olunur. Avtomobilə dəyən zərərin ödənilməsini dəfələrlə cavabdehlərdən tələb etsə də, bu günədək cavabdehlər avtomobilimə dəyən zərəri ödəmir. Cavabdeh1 Cavabdeh2 məxsus olan «Volkwagen Touareg» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Mülkiyyətində olan avtomobili alarkən avtomobil yeni kimi olmuşdur. O, həmin avtomobilin ikinc i alıcısı olmuşdur. Avtomobil az sürülmüşdür. Qəza baş verərkən avtomobilin cəmi 72000 km. yürüşü var idi. Hazırda bu komplektasiyadan olan eyni avtomobilin dəyəri 28.000 manat təşkil edir. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 16.000 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 12.000 manat təşkil edir. Onun avtomobili yeni kimi olduğundan, o, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra iddiaçı onu satışa çıxardıqda ən yaxşı halda 16.000 manata sata bilər. Hesab edir ki, bu da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona vurulan zərərin bir hissəsidir. Bundan başqa, cavabdehin təqsirli hərəkətləri nəticəsində o, ç ox böyük stress yaşamışdır. Bununla da ona mənəvi zərər dəymişdir. Mənəvi zərəri 5.000 manat məbləğində dəyərləndirir.

6. İddiaçı avtomobilə dəyən zərərin miqdarının təsdiqi kimi X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktını təqdim etmişdir. Həmin aktdan görünür ki, «KİA Optima» markalı, ** TV *** dövlət qeydiyyat nişanlı, 2014- cü il buraxılışlı, qara rəngli avtomobilin təmir edilməsi üçün xidmət haqqının və endirimli ehtiyat hissələrinin cəmi dəyəri 14.248 manat təşkil edir.

7. Cavabdeh1 iddiaya etiraz edərək qeyd etmişdir ki, ona qarşı irəli sürülən tələblər əsassızdır. İddiaçının qeyd etdiyi kimi onun oğlunun idarə etdiyi avtomobilə 14.248 manat dəyərində maddi ziyan vurulması həqiqətə uyğun deyildir və şişirdilmiş məbləğdir. Belə ki, yol-nəqliyyat hadisəsi qarşılı qlı şəkildə baş vermişdir. O, hərəkət etdiyi istiqamətdən sola dönərkən minimal sürətlə dönmüşdür. İddiaçının oğlu isə gəldiyi düz istiqamətdə yüksək sürətlə idarə etdiyi avtomobilə çırpılmış və zərbənin təsiri nəticəsində idarə etdiyi avtomobil hərəkət istiqamətindən çıxaraq işıqforun dirəyinə dəymişdir. Avtomobili idarə edən X3 hadisədən sonra hadisə yerini tərk etmiş və polis əməkdaşları gəldikdən sonra hadisə yerinə qayıtmışdır. Polis əməkdaşları sonuncunun sərxoşluğu ilə maraqlanmamış və o, bunu təklif etsə də, əhəmiyyət verməmişlər. Özü isə bu tələbə əməl etmişdir. Hadisə zamanı tanımadığı şəxs ona mobil telefonla zəng edərək hədə-qorxu yolu ilə pul tələb etmişdir, hadisə nəticəsində idarə etdiyi avtomobilə 4 min manat məbləğində ziyan dəymişdir. Lakin o, bununla əlaqədar iddiaçıya v ə ya oğluna qarşı heç bir tələb irəli sürməmişdir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında leytenant kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamları ilə «Vətən uğrunda», «Vətən Müharibəsi iştitakçısı» və «Füzulinin azad olunmasına» görə medalları ilə təltif olunmuşdur, İİİ dərəcəli əlildir. N saylı hərbi hissə leytenantı kimi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində «Sol əlin İİ barmağının proksimal falanqa səviyyəsində travmatik amputasiyası. Sol burun qanadının kor, sol əlin İİ barmağının dəlib-keçən qəlpə yaralanması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi» xəsarətini almışdır. Müdafiə Nazirliyinin Baş X1 üzrə müntəzəm müalicələr almaqla həkim nəzarətindədir. Postravmatik stress pozuntu, Postkommision sindrom diaqnozu ilə müalicə alır və hazırda da müalicədədir, müvafiq dərmanları qəbul edir. İddiaçının irəli sürdüyü kimi o, avtomobili etibarnamə olmadan deyil, xx.xx.2031-ci ilə kimi qüvvədə olan etibarnamə əsasında idarə etmişdir. Hadisə zamanı vurulmuş ziyanın 14.248 nanat göstərilməsi əsassızdır. O, zabit olaraq döyüşərək orduda kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir. İddiaçının oğlu baş vermiş hadisənin qarşısını almaq imkanına malik olsa da, bunu etməmişdir. Onun yuxarıda qeyd edilən tibbi müayinədən boyun qaçırması da mütləq nəzərə alınmalıdır. Maddi ziyanla bağlı irəli sürülən tələbə qarşı bildirir ki, hazırda buna maddi imkanı yoxdur. Odur ki, məhkəmədən işə baxılarkən qeyd etdiklərini n və işin faktiki hallarının nəzərə alınmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 25 oktyabr 2022-ci il tarixli, 9/6430-8/2415 saylı rəydən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisa slaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə).

9. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X5» tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13.282 manat müəyyən edilir (məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 9/1144 saylı rəy indən görünür ki, «Kia Optima» markalı, 2014-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 25.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 2.500 manat (25000 manat x 10 %) aşağı olması istisna edilmir.

11. Nəsimi Rayon Məhkəməsinin 2(006)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olan 13.282 manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2.500 manat, ödənilmiş 133 mana t məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 150 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Səməd Cəfərov).

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, birinci cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə mülki hüquq pozuntusu törətmişdir. İkinci cavabdeh isə buna səlahiyyət verən etibarnamə olmadan, öz mülkiyyətində olan avtomobili idarə etmək üçün birinci cavabdehə təqdim etmişdir. Onlar hər ikisi törədilmiş hüquq pozuntusu ilə vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar.

13. Məhkəmənin mövqeyinə görə, cavabdehlər iddiaçıya məxsus avtomobilin təmirbərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə birbaşa ziyan dəymiş, eləcə də, avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində vurulduğundan bazar dəyərini (əmtəə dəyərini) də itirmişdir.

14. Məhkəmə ekspert rəylərinə istinad edərək həmin rəylərdə müəyyən edilən miqdarda pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

15. İddiaçı ona mənəvi zərər vurulduğunu bildirsə də, həmin zərərin nədə ifadə edilməsini izah etməmiş, ona mənəvi zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddia həmin hissədə təmin edilə bilməz.

16. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 21, 1096, 1097.1, 1108.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin avtomobilin təmir-bərpa xərcinin ağlabatan qiymət dəyərinin 7 min manat həddində müəyyən edilməsi, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2500 manat hissəsində isə ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddiaya qarşı etirazla oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, avtomobili etibarnaməsiz deyil, etibarnamə ilə idarə etmişdir. İddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanı həqqindən artıq şişirdərək fantastik pul məbləği tələb edir ki, bu da ha qq və ədalətə uyğun deyildir. Cavabdeh kimi vurulmuş ziyanın 7000 manat məbləğində ödənilməsinə və bu barədə barışıq sazişi bağlanıb təsdiq edilməsinə razıdır. Nəqliyyat vasitəsinə vurulmuş ziyanı müəyyən edən qüsur aktının və digər sənədlərin reallığa uyğun olmamasına məhkəmə baxışı zamanı qiymət verilməmiş, nəqliyyat vasitəsinin tam yararsız hala düşməsi təəssüratı yaradılmışdır. Halbuki, nəqliyyat hadisəsi inzibati xəta kimi qiymətləndirilmişdir. Zərər vurulmuş nəqliyyat vasitəsi 2014-cü ildə istehsal edilmişdir. Zaman etibarı ilə onun istismarından 7 ildən artıq bir vaxt keçmişdir. Məhkəmə iclasında hadisə zamanı sözügedən nəqliyyat vasitəsinə yol nəqliyyat hadisələri eksperti tərəfindən baxış keçirilərkən “onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmaması barəd ə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/64430-8/2415 saylı rəyi nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “KİA OPTİMA” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 13282 manat müəyyən edilmişdir. Məhkəmə bu qüsur aktını əsas götürmüşdür. Halbuki, qüsur aktında subyektiv yanaşmanın mövcudluğu istisna edilmir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5520/2023 nömrəli iş üzrə 2024-cü il 17 oktyabr tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnamə si mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinov – sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

20. Kollegiya apellyasiya şikayətinin avtomobili etibarnaməsiz deyil, etibarnamə ilə idarə etməsi barədə dəlili üzrə qeyd etmişdir ki, hazırkı halda qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 şikayətinə əsasən yoxlanılır, bu səbəbdən həmin dəlil digər cavabdeh tərəfindən qətnamənin mübahisləndirildiyi halda əhəmiyyətli ola bilər.

21. Apellyasiya şikayətinin hadisənin baş verməsində hər iki tərəfin təqsirli olması barədə dəlili ilə apellyasiya instansiyası məhkəməsi razılaşmamış və qeyd etmişdir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 469.1, 327.8-ci maddələrinə ə sasən inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 3(004)- 999/2022 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin Məcəllənin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Yasamal RPİ-yə göndərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin nəqliyyat vasitəsinə vurulmuş ziyanı müəyyən edən qüsur aktının və digər sənədlərin reallığa uyğun olmaması barədə dəlili ilə ekspert rəyinə əsaslanaraq razılaşma mış və göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində həmin zərərə görə 7000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Bunula belə, apellyator iddiaçıya vurulmuş zərərin həmin həcmdə olmasına dair məhkəməyə hər hansı sübut verməmişdir. Apellyator şikayətində həm də avtomobilin zədələnməsi nəticəsində əmtəə dəyərinin itirilməsinə görə 2.500 manatın tutulması hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, ekspert rəyi ilə müəyyən olunmuş həmin halın təkzib olunmasına dair sübutlar verə bilməmiş, bu dəlilini yalnız özünün xəstə olması ilə əsaslandırmağa çalışmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 21.1, 21.2, 1096.1, 10697.1, 1108.1, 119.1, 1119.2, 119.3, 1119.4cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlillərinə görə, ziyan qəsdən vurulmamış, cavabdehin nəqliyyat vasitəsinə ziyan dəyməsi nəzərə alımnmamış, mülki hüquqların müdafiəsi pozulmuş, iddiaçının tələbi əsassız varlanmaya yönəlmişdir. Avtomobil etibarnamə əsasında idarə olunsa da, qətnamədə əksi qeyd olunmuşdur.

26. Təqdim etdiyi sübutlar aydınlaşdırılmamış, sosial şəbəkədə yerləşdirilmiş video ekspert rəyi verilməsi üçün əsas olsa da, fantastik məbləğdə hesablanmış qüsur aktı əsas götürülmüşdür. Təqdim edilən videoda “KİA Optima” markalı avtomobilin qüsür aktından göstərilən məbləğdən 2 dəfə az maddi zərər dəydiyi açıq-ayd ın görünür. (APA TV səhifəsində Bakıda zəncirvari qəza başlığı altında olan onlayn xəbər) Avtomobil ekspert tərəfindən rəy verilməsi üçün ekspertiza olunmamışdır.

27. Cavabdeh1 hüquqları pozulmuşdur, belə ki, qəbul edilmiş qətnamədə sübut olan ekspert rəyi düzgün və əsassız varlanmaya səbəb olan qüsur aktına əsaslanaraq qəbul edilmişdir. Heç bir əlavə tədqiqat materialları tələb edilməmiş, ekspertiza çəkişmə prinsipinə və Mülki Prosessual Məcəllənin müddəalarında nəzərdə tutulmuş qaydalara riayət olunmamaqla keçirilmişdir. Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə edilməsi araşdırılmamış və heç bir əsas olmadan maddi ziyanın vurulmasına atası Cavabdeh2 da cavabdeh olduğu barədə qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı et iraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq poz untusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə iddiaçıya məxsus «Kia Optima» minik mark alı, **-TV-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə zərər vurulmasında Cavabdeh1 təqsiri öz təsdiqini tapmışdır.

46. MM-nin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) kimi təsbit edilmişdir.

47. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəyib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki, bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıbazalmasına təsir etmir.

48. Kollegiya şikayətinin digər dəlillərinə münasibətdə bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməs i tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.

49. Kassasiya şikayətinin bir sıra dəlilləri isə işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5520/2023 nömrəli, 2023-cü il 17 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar