Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2100/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, müddətdən sonra faizlərin hesablanması, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1298/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 21 fevral 2014-cü il tarixdə bağlanmış 151/14 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 8 faiz olmaqla, 12 ay müddətinə 2.600.000 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi ilə bağlı Bank tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2.600,000 manat məbləğində əsas borc, 305.066,64 manat məbləğində faiz borcu, ümumilikdə 2.905.066,64 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh Bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin Banka borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – biri nci instansiya məhkəməsi) 2(060)-78/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1, 427.3, 428.4, 448.1, 448.2, 739.1, 739.2, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühas ibatlıq ekspertizasının 07 sentyabr 2020-ci il tarixli, 9/3247 saylı rəyinə əsasən, iş materiallarında olan Bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən 21 fevral 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsi üzrə cavabdehin 21.02.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Banka olan əsas borcu 2.594.221,22 manat, faiz borcu 35.742,60 manat müəyyən olunur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 21.02.2015-ci il tarixdən sonra 305.066,57 manat məbləğində ödəniş olunmuşdur, lakin sualda 21.02.2015-ci il tarixə olan borc qoyulduğundan tədqiqatda 305.066,57 manat nəzərə alınmamışdır. Rəyin tədqiqat hissəsinə əsasən, cavabdeh 21.02.2015-ci il tarixədək kredit müqaviləsi üzrə 177.956,56 manat məbləğində ödəniş etmişdir və həmin məbləğin 5.778,78 manatı əsas borcdan, 172.177,78 manatı faiz borcundan silinmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1298/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, is üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2.324.897,25 manat əsas borcun tutulması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi 12 ay müddətinə bağlanmışdır. İddiaçı isə 21 fevral 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsinin müddəti, yəni 12 aylıq müddət bitdikdən sonra da, 21 fevral 2015-ci il tarixdən 05 dekabr 2017-ci il tarixədək hesablanmış faizlərin ödənilməsini tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmu ş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı tərəfindən isə cavabdehdən hesablanmış faiz formasında zərərin-real zərərin və ya əldən çıxmış faydanın tutulması tələbi irəli sürülməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyinə əsasən, 21.02.2015-ci il tarixdən sonra, 17.06.2016-cı il tarixdə cavabdeh tərəfindən 305.066,57 manat məbləğində ödəniş edilmişdir. İddiaçı isə 21 fevral 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin ödəniş etməsini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş 2.629.963,82 manatdan (2.594.221,22 manat əsas + 35.742,60 manat faiz borcu) cavabdehin 17.06.2016-cı il tarixdə etdiyi 305.066,57 manat çıxıla raq cavabdehdən iddiaçının xeyrinə 2.324.897,25 manat (2.629.963,82 manat - 305.066,57 manat) tutulmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmsəini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız nəticəyə gəlmiş, təqdim edilmiş maliyyə arayışla rını, hesabdan çıxarışları nəzərə almamış, yalnız məhkəmə üçün məcburi olmayan ekspert rəyinə əsaslanmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Bank cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almış, daha sonra qalan məbləği cavabdehdən tələb etmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etmədiyinə görə, hər gecikdirilən gün üçün kredit müqaviləsində nəzərdə tutulduğu kimi, cərimə hesablanmışdır. Cavabdeh ödənişi kredit müqaviləsinin müddəti bitdikdən sonra etdiyindən, ödəniş cərimə borclarının silinməsinə yönəldilmişdir. Lakin ekspert bu halları nəzərə almamışdır. Kassator şikayətinin əsası kimi MPM-nin 14.1, 14.2, 77.3, 88, 101.2, 101.3, 103.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktını yalnız iddiaçı mübahisələndirdiyindən, məhkəmə aktı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz forması nda zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbi qi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq S əhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1298/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2100/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2100/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver