Məhkəmə qərarları › İş №2(102)-2118/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2118/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2118/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-830/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” KB ASC (bundan sonra – iddiaçı və ya bank) və Cavabdeh1 arasında 27.11.2012-ci il tarixdə əsas kredit müqaviləsi bağlanaraq ona 60 ay müddətinə 120000 manat kredit verilməsi razılaşdırılmış, bu müqavilə çərçivəsində bağlanmış 18.08.2014-cü il tarixli müqavilə ilə Cavabdeh1 36 ay müddətinə, illik 18%-lə 178000 ABŞ dolları kredit verilmişdir. Sonradan müqaviləyə dəyişiklik edilərək kreditin məbləği ******* manat, müddəti 27.11.2019-cu il müəyyənləşdirilmiş, kredit öhdəliyinin təminatı olaraq Könül Qyliyevaya məxsus ünvanndə yerləşən mənzili (bundan sonra – mübahisəli mənzil) ipoteka ilə yüklü olunmuşdur. İşin Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 06 fevral 2019-cu il tarix li qətnaməsi ilə müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, bank üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müəyyən olunmuş cədvəl əsasında ödənişləri həyata keçirməmiş və 129098,24 ABŞ dolları əsas, 2063,22 ABŞ dolları faiz borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış 18 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 129102 ABŞ dolları əsas, 9855,88 ABŞ dolları faiz, 5704,79 ABŞ dolları cərimə borcu olmaqla cəmi 144662,67 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqq ında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan mübahisəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul olunması xahiş etmişdir. İddiaçının təqdim etdiyi 09 dekabr 2016-cı il tarixli maliyyə arayışına (iddia ərizəsi verilən tarix üçün) əsasən Cavabdeh1 78BKƏ/14 nömrəli kredit müqaviləsi üzrə, həmin tarixə 129102,0 ABŞ dolları əsas borcu, 9855,88 ABŞ dolları faiz borcu, 5704,79 ABŞ dolları cərimə olmaqla, cəmi 144662,67 ABŞ dolları borcu vardır. İddiaçının təqdim etdiyi 30 noyabr 2017-ci il tarixli arayışa əsasən Cavabdeh1 18 avqust 2014-cü il tarixdən bu günədək cəmi 96.449,31 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bankın Qiymətləndirmə və Nəzarət Xidməti tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 05 dekabr 2013-cü il tarixli rəydən görünür ki, mübahisəli mənzilinin bazar qiyməti 155000 manat, bir ay müddətində satış qiyməti 140000 manat müəyyən olunur. Məhkəmənin qərardadına əsasən “xxxx” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 30 oktyabr 2017-ci il tarixli Ç726/2017 nömrəli rəylə müəyyən edilmişdir ki, mübahisəli mənzilin vizual bazar dəyərinin müəyyənləşdirmək üçün qiymətlədirilmə prosesi aparılmışdır. Obyektin qiymətləndirilməsinə baxış üçün şərait yaradılmamışdır. Əmlaka vizual olaraq qiymət təyin edilmişdir. Mənzilin vizual olaraq orta bazar dəyərini müəyyən etmək üçün müqayisəli satışlardan istifadə olunmuşdur. Qiymətləndirilən obyektin xüsusiyyəti qiymətləndirmə haqqında hesabatın tam mətni ilə birlikdə, onda təmsil olunan bütün kənarlaşmalar və məhdudiyyətlər şərh olunur. Mənzilin hazırkı bazar qiyməti 137000 manat təşkil edir. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 iyun 2018-ci il tarixli 1085 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 aldığı kredit vəsaitinə görə banka cəmi 96449,31 ABŞ dolları məbləğində vəsait ödəmişdir ki, bundan 48901,76 ABŞ dolları əsas borc məbləğinə, 45484,33 ABŞ dolları faiz borcuna, 2063,22 ABŞ dolları isə cərimə borcuna silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, maliyyə arayışından, hesabdan çıxarışlardan və 18 avqust 2014-cü il tarixdə bağlanmış 78BKƏ/14 saylı Əlavə Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 19 dekabr 2016-cı il tarixə bankaolan borcu əsas borc üzrə 129098,24 ABŞ dolları, faiz borcu üzrə 2063,22 ABŞ dolları, cərimə borcu üzrə 8134 ABŞ dolları. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadiqov) 03 avqust 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 27 noyabr 2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 18 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 129098,24 ABŞ dolları əsas, 2063,22 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 131661,46 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat m əzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun əvəzinin Cavabdeh1 bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən banka olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi qət olunmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 442, 448.1, 467, 279, 295, 296.1-ci maddələrinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 47.4, 59.3.2-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 103.1, 88, 14.2-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 bank ilə bağladığı 27 noyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi və əlavə saziş üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcalan özünə məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etd iyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan bankın tələbləri həmin ipoteka predmetinə yönəldilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. İddiaçı ipoteka predmetinin hərracda ilkin satış qiymətinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy əsasında 140000 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, məhkəmədə işə baxılarkən əmlakın qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirici təşkilatın rəyinə əsasən mənzilin hazırkı bazar qiyməti 137000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mənzilin mülkiyyətçisinin mənafeyini və mənzilin vizual olaraq qiymətləndirilməsini nəzərə alaraq hesab etmişdir ki, mənzilin hərracda ilkin satış qiyməti tələbdə göstərilən məbləğdə müəyyən edilməli, qiymətləndiricinin rəyi nəzərə alınmamalıdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddia tələbində əsas borc olaraq 129102,0 ABŞ dolları, faiz borcu olaraq 9855,88 ABŞ dolları, cərimə qismində isə 5704,79 ABŞ dolları tələb edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, əsas borcun məbləği 129098,24 ABŞ dolları, faiz borcunun məbləği 2063,22 ABŞ dolları, cərimə borcunun məbləği 8134,28 ABŞ dollarıdır. Məhkəmə hesab etmişdir ki, rəylə müəyyən edilmiş əsas və faiz borcları işin faktiki hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və müəyyən edilmiş qrafikə uyğundur, cavabdehdən rəydə müəyyən edilmiş məbləğdə əsas və faiz borcları tutulmalıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək işin hallarını və həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab etmişdir ki, 8134,28 ABŞ dolları miqdarında dəbbə pulu (cərimə) 129098,24 ABŞ dolları miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmeti olan mübahisəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması” tələbinin təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmən saxlanılmışdır. Məhkəmə qeyd edilən hissədə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci b ir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikde yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İş materiallarından müəyyən edilmişdir ki, ipoteka predmetində pasport qeydiyyatında olan şəxslər həm ipoteka müqaviləsinin bağlanmasına razılıq vermiş, həm də evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Sonradan qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, kredit mü qaviləsi üzrə tutulan borcun kreditin götürüldüyü vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi və borc məbləğlərinin yenidən hesablanması ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) 01 may 2020-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan Cavabdeh2 kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Elşanə Vəliyeva) 20 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şik ayəti təmin edilmiş, mülki iş apellyasiya şikayətinin mümkünlük məsələsinə göndərilmişdir. baxılması üçün apellyasiya instansiyası məhkəməsinə d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 10 dekabr 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərərək məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzilinin hərracda ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 165000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və cavabdehin “kredit müqaviləsi üzrə tutulan borcun kreditin götürüldüyü vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla tutulmalı olduğu” arqumenti əsaslı deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxl anılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edərək qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən iddiaçı bankın təklifi əsasında müəyyənləş dirilən qiyməti mübahisələndirildiyindən apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 165000 manat olması müəyyən edilmişdir. Əmlaka 2013-cü ildə qoyulan likvid qiymətin 140000 manat olmasını və ötən müddət ərzində əmlak qiymətlərində yüksəlmə tendensiyasının baş verdiyini nəzərə almaqla məhkəmə hesab etmişdir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun ABŞ dolları ilə tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmədini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin təkrar qiymətləndirilməsinin keçirilməsini təşkil etsə də, verilən rəydəki qiymət yenə də real qiyməti əks etdirmir. Məhkəmə borcun kredit müqaviləsi üzrə tutulan borcun kreditin götürüldüyü vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla tutulmalı olduğu halda bunu etməyərək səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin sə bəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəq il qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının həddini qətnamənin “cəmi 131661,46 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə tutulması” və “mənzilin hərracda ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Çünki qətnamədən cavabdeh (əsas borclu) şikayət verməmiş, iddiaçı bankın əvvəllər vermiş olduğu apellyasiya şikayəti əsasında isə ondan (əsas borcludan ) tutulan borcun məbləği ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin ipote ka predmetinin ilkin satış qiymətinin yenə də real qiyməti əks etdirməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu dəlili apellyasiya şikayətində göstərmiş və məhkəmə onun dəlilinə qiymət verərək qiymətləndirici rəyi almış və həmin rəyə istinad etmişdir. Rəyin mötəbərliliyinə şübhə doğuracaq hal müəyyən edilmir. Cavabdeh mübahisəli mənzilin real bazar qiymətinin rəydə göstərilən qiymətdə deyil, səlində nə qədər olması barədə nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, etirazının əsası kimi istiniad etdiyi halları sübut edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətin in digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-830/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar