Məhkəmə qərarları › İş №2(102)-2147/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2147/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2147/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(105)822/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28 iyun 2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsi üzrə 79482,32 manat əsas, 2020,18 manat gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 81502,50 manat borcun və 334,64 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2(060)-417/2025 qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbi təmin edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(105)-822/2025 nömrəli qərardadı ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və V.Hacıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə 23 mart 2025-ci il tarixdə yerləşdirilmiş, bununla onun şikayət verm ə müddəti 24 mart 2025-ci il tarixdən başlayaraq 23 aprel 2025-ci il tarixədək davam etmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 24 aprel 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti vermə müddəti 24 mart 2025-ci il tarixdən başlayaraq, 23 aprel 2025ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 24 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüş və birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir.

6. Bu baxımdan apellyasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti MPMin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul e dilməsi üçün əsas ola bilməz.

7. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 129.2, 361, 363.1.3, 364, 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(105)-822/2025 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 128.3, 129.1, 361.1.3-cü maddələrinin tələbləri pozulmuşdur.

10. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi 23 mart 2025-ci il tarixində elektro n kabinetə yerləşdirildiyindən, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinin tələbinə uyğun olaraq prosessual müddətin hesablanması 24 mart 2025-ci il tarixindən başlamalıdır. Müddətin başa çatdığı gün isə 129.1-ci maddəsinin tələbi üzrə 24 aprel 2025-ci il tarixi hesab edilir. Müddətin keçdiyi günlərin hesablanması isə yenidən MPM-in 128.3-cü maddəsinə uyğun olaraq 25 aprel 2025-ci il tarixindən başlayır.

11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcın ın təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3- cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verərək, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin ötürülməsini müəyyən etmişdir.

15. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 23 mart 2025-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilməsi, apellyasiya şikayətinin isə 24 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməsi işin mübahisə edilməyən hallarıdır.

16. Hazırda mübahisələndirilən məsələ cavabdehin apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin sonuncunun gününün hansı tarix ol masıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu müddətin 23 aprel 2025-ci il tarixdə bitməsini göstərmiş, cavabdeh tərəf müddətin isə müddətinin sonunun 24 aprel 2025-ci tarixdə olmasını iddia edir.

17. Göründüyü kimi, hazırkı mübahisə Mülki Prosessual Məcəllənin 128.3 və 129.1ci maddələrinin tətbiqi ilə bağlıdır.

18. Kassasiya kollegiyası razılaşır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə 23 mart 2025-ci il tarixdə təqdim edildiyi üçün, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən prosessual müddətin axımı sonrakı gündən, yəni 24 mart 2025-ci il tarixdən başlanmalıdır.

19. Bununla belə, kassasiya kollegiyası izah edir ki, Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla v ə illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir.

20. Qeyd edilməlidir ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Belə ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddət in sonu da həmin zaman kəsiyində bitir. Yəni, 24 mart 2025-ci ilin başlanğıcı saat 00:00:01-dən başlayır və bir aylıq müddət 23 aprel 2025-ci il saat 00:00:00-da bitir, 24 aprel 2025-ci il saat 00:00:01 artıq müddətin keçməsi hesab edilir.

21. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə də edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

22. Əks yanaşma, yəni “müvafiq günü”nün müddətin axımının başlandığı günə münasibətdə şərh edilməsi həmin tarixin iki dəfə nəzərə alınması və faktiki olaraq “ayın” 28, 30 və 31 g ün kimi (aydan asılı olaraq) deyil, müvafiq olaraq 29, 31 və 32 gün kimi hesablanmasına gətirib çıxaracaqdır ki, bu məntiqə zidd olmaqla yanaşı, mülki işin apellyasiya şikayəti verməyən tərəflərin qanunla qorunan mənafelərinə uyğun olmaz. Yəni, hazırkı halda, prosessual müddətlər cavabdeh tərəfindən göstərdiyi kimi hesablansa apellyasiya şikayətinin verilmə müddəti (24 mart 2025-ci ildən başlayaraq – 24 aprel 2025ci il daxil olmaqla) 32 günə bərabər olacaqdır ki, təqvimdə belə sayda günlər olan ay mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsində apellyasiya şikayətinin məhz 1 ay müddətində verilməsi müəyyən olunmuşdur.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərar dadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(105)-822/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar