Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2171/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-266/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLA Rİ
1. X4 xx.xx.2022-ci ildə vəfat etmişdir.
2. Onun vəfatından sonra birinci növbə vərəsələri İddiaçı1 və İddiaçı2 qalmışlar. 3. 05.09.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı1 X2 miras qalmış 783,69 manat pensiya puluna tam hissədə pay hüququ tanınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən atadan miras qalmış və iddiaçıların mülkiyyəti hesab edilən 6.800 manat məbləğdə pulun və 88 manat dövlət rüsumunun əvəzinin tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddianın əsaslarına görə, ataları X4 01 iyun 2022-ci ildə vəfat edərkən ona məxsus 6.800 manat pul atasının bacısı (iddiaçıların bibisi), hazırki iş üzrə ca vabdeh tərəfindən götürülmüş və mənimsənilmişdir.
6. Salyan Rayon Məhkəməsinin 2(057)-1986/2022 nömrəli iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərərk, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-266/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin əsaslarına görə, “Cavabdeh tərəfin mövqeyinə görə, iddiaçıların atasından miras qalmış pul vəsaitini mənimsəməmiş, pul vəsaitini mərhumun dəfninə, qəbirüstünün götürülməsinə, yas mərasimlərinin yola verilməsinə xərcləmişdir. Cavabdehin etirazının qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.... İddiaçıların tələbi ilə bağlı cavabdeh həm rayon polis şöbəsində verdiyi izahatında və həmçinin məhkəmə baxışı zamanı vermiş olduğu izahatında sözügedən pul vəsaitini qardaşının dəfn xərclərinə sərf etdiyini bildirmişdir. Cavabdehin izahatına görə, miras qoyanın birinci növbə vərəsələri olan iddiaçılarla ataları arasında münasibətlər soyuq olmuş, aralarında yaranan narazılıqlara görə uşaqları atalarının yas mərasimində iştirak etməmişlər. XXXin dəfni və dəfndən sonra yas məclislərini və digər tədbirləri ölənin bacısı və qardaşları yola vermişlər. Cavabdehin bu izahatına qarşı iddiaçı tərəf hər hansı arqument irəli sürməmişdir. İddiaçıların tələbləri həmin xərclərin məbləğinin sübuta yetirilməməsi ilə bağlı deyil. İ ddiaçı tərəfin möqeyinə görə, Mülki Məcəllənin 1157-ci maddəsində mirasqoyanın yalnız dəfn xərcləri nəzərdə tutulmuşdur, orada yas xərcləri və qəbir daşının düzəldilməsi xərci və s. nəzərdə tutulmamışdır, ona görə dəfn xərcindən başqa digər xərclər mirasın dəyərindən ödənilməli deyildi. Kollegiya iddiaçının mövqeyi ilə razılaşmır. Əvvəla Qanunda miras əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər nəzərdə tutulmuşdur. Burada dəfnlə əlaqədar bütün xərclərin, o cümlədən əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Əmək haqqı ilə bağlı vəsaitə isə qəbirin qazılması, qəbir daşının götürülməsi, mollalara verilən haqq və dəfnlə əlaqədar xərclərin daxil edilməsi ist isna edilmir. Dəfn zamanı müəyyən vaxtlarda (cümə axşamları, 3-cü, 4-cü, 7-ci, 40-cı günlər) yas mərasimlərinin təşkili, molla çağırılması, qəbir qazılması, qəbir daşının qoyulması kimi hallar hamı tərəfindən qəbul edilən qaydadır. Bu ənənənin mövcudluğunun da sübuta ehtiyacı yoxdur. Bundan başqa, Mülki Məcəllənin 1249-cu maddəsinə əsasən, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Qanunun bu normasının d a mənasından görünür ki, istənilən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, bununla əlaqədar əmək haqqının ödənilməsi və s. bu kimi xərclərdən başqa, mirasa dair sərəncam verə bilməz. Hazırkı halda cavabdehin sadalanan xərclərdən başqa, miras kütləsinə daxil olan digər əmlak barədə sərəncam verməsi müəyyən edilmir.”
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 1157, 1249-cu maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər.
12. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmədə cavabdeh etiraf etmişdir ki, həqiqətən də X4 öldükdən sonra ona məxsus pul mərhumun cibində olmuşdur və cavabdeh bu pulu götürərək mənimsəmişdir. Bu pul, hansı ki, etiraf edilib, 6.800 manat miqdardadır. Pulu götürən isə qanun üzrə vərəsə deyil.
13. Məhkəmə polis şöbəsi tərəfindən verilmiş qərarda və məhkəmə iclasında verilmiş ifadəni əsas götürərək pulun dəfn xərclərinə sərf edildiyini göstərmişdir. Halbuki, bu dəfn xərci deyil, qanunvericiliklə tənzimlənməyən hüzür xərci və qəbirüstü abidənin qoyulmasına çəkilən xərclərdir. Məhkəmə pulu cavabdehin götürməyə haqlı olmaması qənaətinə gəlsə də, iddiaçılarla mərhum atalarının aralarında soyuqluq olduğunu əsaslandırmışdır. Buna isə yalnız cavabdehin verdiyi ifadəyə əsaslanmışdır. Halbuki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəf iddiaçıları döyərək həyətdən çıxarmışlar. Bu hallara məhkəmə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edil ərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1157. Miras şərikləri Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM ): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslan dırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
22. Məhkəmə kollegiyası h üququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzr ə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəl ik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dai rəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bun unla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
26. Kassasiya şikayətinə gəldikdə, şikayətin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır və onlara qiymət verilmir.
27. Şikayət digər dəlillərə dair hissədə də əsassızdır. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, miras qoyanın birinci növbə vərəsələri olan iddiaçıların mərhum ataları ilə münasibətləri soyuq olmuş və onlar atalarının yas mərasimində iştirak etməmişlər, dəfn və dəfndən so nrakı zəruri tədbirləri (yas mərasimlərinin təşkili, qəbir qazılması, qəbir daşının qoyulması və sair) cavabdeh və mərhumun qardaşları tərəfindən yerinə yetirilmişdir (yas mərasimləri mərhumun qardaşının həyətində verilmişdir), cavabdehin sadalanan xərclərdən başqa, miras kütləsinə daxil olan digər əmlak barədə sərəncam verməsi və mübahisəli pul məbləğinin hər hansı hissəsinin xərclənməmiş qalması sübuta yetmir.
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-266/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.