Məhkəmə qərarları › İş №2(102)-2195/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2195/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2195/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan, delikt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10481/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) təsisçilərin biri olmaqla, Cavabdeh2 onun arvadı, Cavabdeh3 isə bacısı oğludur. Hazırda tərəflər arasında əmlakla bağlı mübahisələr vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə psixiatrik və psixoloji ekspertizası keçirilməklə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 psixi pozuntusunun olması və onlar tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində dəymiş 50.000 manat ziyanın cavabehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "xxxx" Ticarət Mərkəzinə və xx.xx.2016-cı il tarixdə MMC-nin nəzdində olan “Çil-Çıraq” elektrik mağazasına gələrək, münaqişə yaratmaqla normal iş ahəngini pozmuş, müxtəlif əşyaları (pəncərə, televizor, kompüter və s.) sındırmışdır. Digər Cavabdeh3 isə xx.xx.2021-ci il tarixdə MMC-nin mülkiyyətində olan “Ər-Riyad” Ticarət Mərkəzində münaqişə yaratmaqla şirkətin giriş hissəsində yerləşən qeyri-yaşayış sahəsinin pəncərəsini sındırmış, daha sonra isə MMC-yə məxsus ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasına gələrək, binanın ümumi işıq, su sisteminə qanunsuz müdaxilələr etmiş, lift si stemini sıradan çıxarmış, binanın ümumi istifadəsində olan sahəyə və qonşuların mənzillərinə bilərəkdən su axıtmışdır. Cavabdehlərin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində MMC-yə maddi ziyan dəymişdir.

4. İddia ərizəsinə əlavə olunmuş binanın komendantı və mühafizə xidmətinin rəisi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktda qeyd edillmişdir ki, Cavabdeh3 Cavabdeh1 istifadəsində olan mənzilə qanunsuz daxil olmaqla, 11-ci mərtəbə yerləşən su xəttini açıq qoyduğundan, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyindən və lifti saatlarla həmin mərtəbədə dayandırdığından binaya ümumilikdə 20.000 manata yaxın maddi ziyan vurulmuşdur.

5. İddiaçı tərəfindən təqdim olunmuş Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin xx.xx.2016-cı il tarixli cinayət işinin b aşlamasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, iddiaçı, Cavabdeh2 onun ünvan 2 ünvanında yerləşən müxtəlif mağazalarına daxil olmaqla icarə haqlarının öna ödənilməsi, əks halda onları mağazadan çıxarmaqla hədələməsi, təhqir etməsi barədə ərizə ilə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 göstərilən ünvanda yerləşən mağazalara gedərək, orada olan satıcı və müdir heyəti ilə mübahisə edərək, işlədikləri mağazanın 25% payçısı olduğunu bildirməklə, onlardan icarə haqqını tələb etmiş, əks halda onları mağazadan çıxarmaqla hədələmiş, həmçinin təhiqamiz ifadələr işlətmişdir.

6. İddiaçı tərəfindən təqdim olunmuş Abşeron RPİ-nin xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarda qeyd edilmişdir ki, iddiaçı, Cavabdeh2 xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixlərdə MMC-nin nəzdində fəaliyyət göstən "xxxx" Ticarət Mərkəzinə gələrək, işçiləri və mühafizə xidmətinin əməkdaşlarını təhqir etməsi, ticarət mərkəzində olan mağazaların iş rejimini pozmaqla mağazalara maddi ziyan vurması barədə ərizə ilə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 göstərilən tarixlərdə ticarət mərkəzinə gələrək, orada fəaliyyət göstərən mağazaların bəzilərinin ona məxsus olduğunu bildirməklə icarə haqlarının ona verilməsini tələb etmiş, bu səbəbdən, onunla ticarət mərkəzinin əməkdaşları arasında münaqişə yaranmış və o, ticarət mərkəzinin əməkdaşlarını söyüb təhqir etmiş, mühafizə xidmətinin rəisinin xidməti papağını götürüb, çölə atmışdır. Cavabdeh2 tərəfi ndən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxsi münasibətlərə aidiyyəti olmayan digər şəxslərə qarşı zor tətbiqi və ya özgənin əmlakını sındırmaqla müşayiət olunan qərəzli hərəkətlər törədilməmiş, mübahisənin baş verməsi mağaza sahiblərinin icarə haqlarını sonuncuya verməməsi səbəbindən olmuşdur.

7. İddiaçının müraciəti əsasında keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki, ekspert tərəfindən Bakı şəhəri, H.Əliyev keçəsi 10/30 ünvanında yerləşən yaşayış binasında və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesinin, 7-ci km-də yerləşən "xxxx" Ticarət Mərkəzində icra edilmiş təmir-bərpa, quraşdırma işlərinə vizual baxış keçirilərək, yenidən həyata keçirilmiş işlərin siyahısı tərtib edilmiş və yaşayış binasında icr a edilmiş işlərə 15.800 manat, ticarət mərkəzində icra edilmiş işlərə isə 7420 manat xərc çəkildiyi müəyyən edilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 2018-ci ildə MMC-yə komendant təyin edilmişdir. Sərdar həmin binada yaşamasa da, dayısı Şahbazın evinə gələrək, digər şəxsləri narahat edirdi. Arzunun psixoloji problemləri var idi. Bununla əlaqədar, hüquq-mühafizə orqanlarına müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Arzu müşahidə kameralarını, giriş qapısını sındırıb, mühafizə əməkdaşlarını təhqir etmişdir. Cavabdehlərin MMC-yə vurduqları ziyanın məbləği barədə məlumatı yoxdur, lakin deyə bilər ki, onlar giriş qapısını, binanın kameralarını, şlaqbaumu sındırmalqa, lifti xarab etməklə, həmçinin yuxarı mərtəbədən aşağı mərtəbələrə su ax ıtmaqla xeyli ziyan vurmuşlar.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3300/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ekspert rəyində sözügedən yaşayış binasında icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 15.800 manat və ticarət mərkəzində icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 7420 manat olmaqla, ümumi məbləğ 23.220 manat müəyyən edilmişdir. İddiaçı maddi ziyanın əvəzi kimi 50.000 manat t ələb etsə də, vurulmuş ziyanın məhz həmin məbləğdə olmasını, habelə ziyanın digər cavabdehlərlə yanaşı Cavabdeh1 tərəfindən vurulduğunu əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096, 1097.1, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Şikayətlər eyni məzmunda belə əsaslan dırılmışdır ki, iddiaçı tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, bununla bağlı təqdim etdiyi sübutların tələblə birbaşa əlaqəsi olmamışdır. Məhkəmə isə onlara münasibətdə iddianı qismən təmin edərkən yalnız iddiaçının müraciəti əsasında keçirilmiş qiymətləndirmə üzrə rəyə istinad etmişdir. Halbuki, həmin rəydən orada qeyd olunan işlərin hansı dövrdə, hansı səbəblə görüldüyünü müəyyən etmək mümkün deyil və rəy iddiaçının Cavabdeh2 tərəfindən ona maddi ziyan vurulduğuna istinad etdiyi vaxtdan (2016-cı ilin oktyabr ayı) 5 il keçdikdən sonra verilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10481/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və m əruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmə, iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri isə, formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

16. Cavabdehlər Cavabdeh2 (Vəkil1) və Cavabdeh3 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

17. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətləri ilə eynidir. Şikayətlərdə, həmçinin qeyd olunmuşdur ki, tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1096-cı maddəsinin dispozisiya şərtləri mövcud olmadığı halda, apellyasiya istansiyası məhkəməsi tərəfindən həmin normanın tələbləri kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya mü qavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsind ə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehlərin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi saxlanı lmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10481/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar