Məhkəmə qərarları › İş №2(102)-2227/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2227/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2227/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alimentin artırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3284/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflərin birgə nikahlarından 04 dekabr 2015-ci il tarixdə X1 adında bir uşaqları olmuş, Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə 127 manat sabit pul məbləğindən aliment tutulmuşdur. Bundan sonra Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 aprel 2019-cu il tarixli qətnamə ilə ondan tutulmalı olan alimenti uşağın 18 yaşı tamam olanadək əvvəlcədən bir dəfəyə ödəməsini və bununla əlaqədar ona 21.717 manat verməklə həmin halın İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsi ilə sübut olunmasını əsas göstərməklə həmin qətnamə ilə ondan tutulmalı olan aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon Məh kəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən qanuni sayılaraq dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulması qət olunan alimentin miqdarının artırılaraq 170 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək alimentlə əlaqədar İddiaçı ödədiyi 21.717 manatın İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-46/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: İ.Ə.Xəlilov ) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3284/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-46/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflər in maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, İddiaçı 2019-cu ildə məhkəmədə qaldırdığı iddia tələbində Cavabdeh uşağın saxlanılması üçün 170 manat məbləğində alimentin tutulmasını tələb etmiş, məhkəmə tərəfindən həmin iddia qismən təmin edilərək cavabdehdən 127 manat məbləğində alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Təyin olunmuş alimentin miqdarının artırılması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun həmin normasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş 127 manat məbləğində alimentin uşağın maddi təminatı üçün kifayət etməməsi nəticəsinə gələrək Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehdən tutulan alimentin miqdarını artırmaqla 170 manat məbləğində müəyyən etmişdir. Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh alimentin uşağın 18 yaşı tamam olana kimi əvvəlcədən birdəfəlik ödəməsi və bununla əlaqədar İddiaçı 21.717 manat verməsi sübuta yetirilməməklə Cavabdeh bu barədə olan tələbi rədd olunduğundan, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsaslanaraq qarşılıqlı iddianın rədd olunmasını qanuni saymışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, mübahisə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsalandırılmaqla həll edildiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3284/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar