Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2248/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, iddia müddəti, iddia müddətinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixədək (1 il müddətinə) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək azadlıqdan məhrum edilmiş və həmin müddətdə cəzaçəkmə müəssisəsində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 13 iyun 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdehdən 11.000 ABŞ dolları borcun və ödənilmiş 146 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci il tarixdə təsadüfən tanış olmuş, bir müddət sonra cavabdeh ondan şəxsi ehtiyacları üçün borc istəmiş, səmimiliyinə inanaraq xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinə əsasən ona 11.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh borcu bir il müddətinə qaytarmağa söz versə də, uzun müddət keçməsinə baxmayaraq, borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2021-ci ildə həbsdə olduğundan cavabdehdən pulunu tələb edə bilməmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə müqavilə üzrə borcunu tələb etmək haqqı vardır.
5. Cavabdeh, iddia müddətinin tətbiqi barədə ərizə verə rək, bildirmişdir ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçının həbsdə olduğu müddət isə iddia müddətinin axımının dayandırılmasına əsas olan hal deyil. Həbsdə olması iddia qaldırmaq hüququnu məhdudlaşdırmır.
6. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə həbsdə olmuş, bu müddət iddia müddətinin son 6 ayında baş vermişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edə bilməmişdir. Həmçinin, həbsdə olduğu müddətdə hamıya məlum olan COVİD-19 pandemiyası ilə bağlı etibarnamə verməsi məsələsi qeyri-mümkün olmuşdur. Hətta, barəsindəki cinayət işi üzrə vəkillə görüşündə də çətinliklər olmuşdur. Digər tərəfdən, cinayət təqib i zamanı fəaliyyət göstərdiyi yerdə bütün sənədlər götürülmüş və həmin yer müvafiq orqan tərəfindən möhürlənmişdir. Bu səbəbdən, sözügedən kredit müqaviləsinin əldə edilməsi mümkün olmamışdır. Həbsdən azad olduqdan dərhal sonra notariusa müraciət edərək, kredit müqaviləsinin surətini əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir.
7. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(034)-409/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia rədd olunmuş, eyni tarixli qərardadla iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyind ən iddiaçı cavabdehə verdiyi krediti geri tələb etmək hüququna malikdir. Lakin iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlamışdır. Bu halda, həmin müqavilə üzrə iddia müddəti artıq xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra heç bir ödəniş olmamış və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia ərizəsi təmin edilməməlidir.
9. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsinə münasibət də isə bildirmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçının iddia müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək məhkəməyə müraciət etmək imkanı olsa da, bu tarixədək müraciət etməmişdir. İddiaçının istər COVİD-19 pandemiyası ilə bağlı karantin rejimi dövründə, istərsə də 2021ci ilin yanvar ayından həbsdə olduğu vaxt ərzində poçt vasitəsilə məhkəməyə müraciət etmək imkanı olmuşdur. Ona görə də, ərizəsi təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.2, 375.2, 377.2, 385.1, 425.1, 442, 443.1, 448.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi və iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razı laşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə tələb etdiyi məbləğdə borc pul verməsini sübut etsə də, iddia müddətini ötürdüyündən bütün hallarda iddia təmin oluna bilməz. Apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı iddia müddətini üzrlü səbəbdən ötürdüyünü onunla əsaslandırmışdır ki, cəzaçəkmə müəssisəsində olduğundan lazımi sənədlər onda olmadığından, eləcə də xəstəliyi səbəbilə vaxtında iddia qaldıra bilməmişdir. Lakin iddiaçının gətirdiyi bu əsaslar iddia müddətinin axımının dayandırılması ilə bağlı Mülki Məcəllənin 379-cu maddəsinin təsiri altına düşmür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İd diaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 382ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən, iddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə də, digər halların olması istisna edilmir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
16. Cavabdehlə arasında bağlanmış kredit müqaviləsi nin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğundan xx.xx.2021-ci il tarixdən iddia müddətinin axımı dayandırılmalı idi. Belə ki, həbsdə olduğu vaxt nə vəkillə müqavilə bağlamaq, dövlət rüsumu ödəmək üçün maddi imkanı olmuş, nə də azadlıqda olmadığından özü iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmişdir. Həmçinin, həmin dövr karantin rejiminin kəskin vaxtına düşmüşdür. Məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, tibb xidməti ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatdadır. Həbsdən azad olunan kimi qalan iddia müddətinin 5 ay 12 günü ərzində iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış dır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar ş əklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qər ardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Baxılan işin mübahisəsiz halların dan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə (xx.xx.2018-ci il tarixədək) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilmiş, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzaçəkmə müəssisəsində olmuş, azadlığa çıxdıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı bu müqavilədən irəli gələn öhdəliyin (borcun) icrası barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
34. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, həmin müqavilədən irəli gələn tələblər üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı həmin tarixdən başlanmış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür.
35. İddiaçı iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəb kimi iddia müddətinin son 6 ayı ərzində cəzaçəkmə müəssisəsində olmasını, buna görə də iddia qaldırmaq imkanlarının məhdud olduğunu göstərmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi buna münasibətdə qeyd etmişdir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması iddia müddətinin axımının dayandırılması ilə bağlı Mülki Məcəllənin 379-cu maddəsinin təsiri altına düşmür.
37. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin “iddia müddəti axı mının dayandırılması” və “iddia müddətinin bərpa olunması” barədə normaları düzgün tətbiq olunmamışdır.
38. Belə ki, iddia müddətinin axımının dayanmasına əsas olan hallar Mülki Məcəllənin 379-cu maddəsində konkret göstərilməklə, həmin hallardan birinin baş verməsi maddənin adından da göründüyü kimi iddia müddətinin axımını dayandırır.
39. Hazırkı halda isə, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi mübahisəsiz olmaqla, mübahisə iddiaçının müddəti buraxmasının səbəbləri kimi istinad etdiyi halların üzrlü hesab edilib-edilməməsi ilə bağlıdır ki, bu məsələ Mülki Məcəllənin 382-ci maddəsi ilə tənzimlənməklə, iddia müddətinin axımının dayanmasına deyil, artıq buraxılmış müddətin bərpasın; tələb edir. İddiaçı da bununla bağlı məhkəməyə verdiyi ərizəsində məhz tərəfindən idd ia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.
40. Həmin normanın tələbinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
41. Göründüyü kimi, bu maddənin tətbiq olunması üçün 2 şərt ödənilməlidir. Birincisi, iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı müstəsna hallarla bağlı olmalıdır. İkincisi isə həmin səbəb müddətin son altı ayında, həmin müddət altı aya bərabər və ya a ltı aydan az olduqda isə iddia müddəti ərzində baş vermiş olmalıdır.
42. Birinci şərtin yoxlanılması zamanı məhkəmələr nəzərə almalıdırlar ki, maddənin məzmununda göstərilən hallar məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdə olmaqla, qanunverici hansı səbəblərin iddia müddətinin ötürülməsi baxımından üzrlü hesab edilibedilməyəcəyini işə baxan məhkəmənin səlahiyyətinə aid etmişdir. Verilən misallardan belə görünür ki, maddənin məqsədi yalnız iddiaçının şəxsiyyəti ilə bağlı iddia qaldırmasına əngəl törədən müstəsna hallarda pozulmuş hüququnun müdafiəsinə təminat verməkdir.
43. Baxılan işdə istinad olunan iddiaçının iddia müddətinin son 6 ayı ərzində və bundan sonra cəzaçəkmə müəssisəsində olması halının üzrlü səbəb hesab edilibedilməməsi məsələsinə qiymət verilərkən isə mülki qanunvericil iyin yuxarıda qeyd olunan məqsədləri baxımından azadlığından məhrum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində olduğu müddətdə məhkəmədə iddia qaldırmaq üçün yetərli imkan və şəraitə sahib olması hər bir iş üzrə individual olaraq nəzərə alınmalıdır.
44. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisəli məsələnin yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edil sin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.