Məhkəmə qərarları › İş №2(102)-2251/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2251/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2251/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: məhkəmənin çəkişmə prinsipini təmin etmə vəzifəsi, apelyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi məsələləri) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(103)-681/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 2013-cü ildən beton alğı-satqısı olmuşdur.

2. Həmin münasibətlərdən borc qalığı olduğuna görə Qəmbərov X1 Rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh ondan 41.560 manat dəyərində beton məhlulu alıb qaytarmadığını bildirmişdir. Həmin ərizə əsasında polis tərəfindən araşdırma aparılarkən, İddiaçı verdiyi izahatında Cavabdeh 2013-cü ildən tanıdığını, onunla dəfələrlə ticarət mübadiləsinin olduğunu, təxminən 120.000 manatlıq alverlərinin olduğunu, 2013-cü ildən 2014-cü ilədək Mahirə 41.560 manatlıq beton verdiyini, lakin pulunun ödənilmədiyini bildirmişdir.

3. Cavabdeh isə verdiyi izahatında İddiaçı 36.800 manat məbləğində qum-çınqıl borcu qaldığını bildirmi şdir.

4. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

5. Cavabdeh (Karimov Makhir) Gürcüstan Respublikasının vətəndaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən satdığı 41.560 manat məbləğində betonun pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayon u, Baksol yolunda yerləşən beton zavodunda baş mühəndis işləyir və cavabdehi 2013-cü ildən tanıyır. Aralarında ticarət əlaqələri olmuşdur. Cavabdeh iddiaçı üçün qum-çınqıl gətirmiş, iddiaçı isə cavabdehə beton vermişdir. Sonuncu dəfə cavabdehə 160.000 manat dəyərində beton satmışdır. Həmin betonun dəyərinin 118.440 manatını cavabdeh ona qum-çınqıl verərək ödəmiş, lakin yerdə qalan 41.560 manat pulu ödəməmişdir. İddiaçı cavabdehin barəsində şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclaslarında cavabdeh iştirak etməmiş, iddia tələbinə qarşı yazıl etiraz və mülahizə də bildirməmişdir.

9. Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(008)-3735/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, cavabdehdən 36.800 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan göründüyü kimi Cavabdeh izahat verərək bildirmişdir ki, Qənbərov YYYı 2013-cü il tarixdən tanımışdır. YYY Bakı şəhəri Binəqədi rayonu, BaKsol yolunda yerləşən Beton zavodunun müdiri vəzifəsində işləmişdir. YYYla barter yolu ilə alverləri olmuşdur. Belə ki, dəfələrlə YYYdan beton götürmüş, 50 faizinin pulunu vermiş, qalan 50 faizinin yerinə isə qum-çınqıl vermişdir. 2013-cü ildən 2014-cü ilədək o, “Qolden Rin q” şadlıq sarayının tikintisi ilə əlaqədar oranın müdriyyəti ilə danışmış və şadlıq sarayının tikintisi üçün ora beton vermişdir. YYYla danışığa əsasən ondan 160000 manata yaxın beton götürmüş, həmin pulun 80000 manatını ona nəğd şəkildə vermişdir, qalan puluna isə ona qum-çınqıl verməli olmuşdur. YYYa 40000 manata yaxın qum-çınqıl vermiş, yerdə qalan hissəsini isə verə bilməmişdir. YYYa sonuncu dəfə 2016-cı ilin sonunda 7000 manat məbləğində qum-çınqıl vermişdir. Lakin sonradan Bakı-Quba yolu ilə hərəkət edən yük avtomobillərinin tonnajı azaldığı üçün və 22 tondan yuxarı yük aparamağa icazə verilmədiyindən müvəqqəti olaraq YYYa qum-çınqıl apara bilməmişdir. Bir neçə dəfə YYYa qum-çınqıl vermiş, lakin sonradan YYY ondan qum yox, pulun ödənilməsini istəmişdir. Hazırda YYYa 36800 manat məb ləğində qum-çınqıl borcu qalmışdır.

11. Beləliklə məlum olur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməyərək almış olduğu betonun dəyərini tam ödəməmişdir. İddiaçı hazırda cavabdehin ona 41560 manat borcu olduğunu irəli sürsə də, cavabdehin xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda vermiş olduğu izahatından onun İddiaçı 36800 manat borcu olduğunu etiraf etmişdir.

12. Belə olan halda iddia tələbi qismən, yalnız cavabdehin etiraf etdiyi hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 36800 manat deyil, 41560 manat məbləğində borcunun qalmasını irəli sürsə də, borcun məbləğini təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, bu səbəbdən cavabdeh məhkəmədə öz dəlillərini və etirazlarını deyə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə, borcla bağlı iş mate riallarında heç bir mötəbər sübut yoxdur. Əslində iddiaçı tərəfindən cavabdehə pul verilməli idi ki, o da öz növbəsində qum-çınqıl və şeben versin. İstintaq tərəfindən cavabdeh tərəfindən verilmiş ifadələr təhrif edilmiş və düzgün yazılmamışdır. Tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. İddiaçı tərəfindən borcu təsdiq edən heç bir fakt və sənəd təqdim olunmayıb. Məhkəmə heç bir müqaviləyə və fakta əsaslanmadan qətnamə qəbul etmişdir.

16. Apellyasiya şikayəti ilə birlikdə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia edilən şifahi müqavilə tələbləri üzrə verilmiş üç illik iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmi n edilə bilməz.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəmə prosesləri ilə bağlı məlumatı olmamış, icra şöbəsindən məktub gəldikdən sonra qətnaməni qəbul etmiş, icradan təsadüfən məlumatı əldə etmişdir. Cavabdehin qeydiyyata alındığı evin kimə məxsus olduğunu bilmir, 2020-ci ildə həmin ünvandan qeydiyyatdan çıxmışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, cavabdehin miqrant olduğunu, Azərbaycan Respublikasında yaşamadığını, cavabdehin qeydiyyatda olduğu evin qayınanasına məxsus olduğunu, məhkəməyə müraciət edəndə cavabdehin ona zəng edərək onu nə üçün məhkəməyə ver diyini soruşduğunu bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, məhkəməyə müraciət etmək müddətinin uzanmağı bu səbəbdən olub ki, cavabdeh ona borcu hissə-hissə qaytaracağını demişdir.

19. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarında olan izahatının təhrif edilməsi barədə dəlilini araşdırmaq üçün həmin araşdırma materialını almaqdan ötrü sorğu vermişdir. Sorğuya Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış materialın saxlama müddəti 3 il olduğundan, material məhv edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 13 fevral 2023-cü il tarixli, 2(103)-681/2023 nömrəli qətnaməsi ilə (hakimlər – M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdeh tərəfindən polis idarəsində verilmiş izahatının təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Hazırkı vəziyyətdə də material məhv edildiyi üçün bunu müəyyən etmək mümkün deyil.

22. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edib ki, «L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhk əməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

23. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 1 ünvanına göndərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı 2017-ci ildə polis orqanlarına şikayət edərkən artıq hüququnun pozulduğunu bilmi ş və məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

25. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz, çünki cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 385.1, 386.1, 442 və 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, xüsusi olaraq qeyd olunmuşdur ki, cavabdehin iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə ʺcavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil.ʺ Məhkəmənin bu dəlilləri tamamilə əsassızdır. Çünki Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə iclasında araşdırılmış və işdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh məhkəmə iclasından xəbəri olması barədə heç bir tutarlı sübut işdə yoxdur. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılmış, məhkəmə iclası barəsində məlumatı olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki “birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 1 ünvanına göndərilmişdir”. Lakin məhkəmə həmin bildirişlərin cavabdeh tərəfindən alınması barədə heç bir sübutun olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, MPM-nin 9-cu maddəsinin tələbinə görə, ədalət mühakiməsi faktlar əsasında həyata keçirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şika yətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

32. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

33. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

34. Maddə 375.2. Məhkəmə tərəfi ndən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

40. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual h üququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfi ndən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməml olunmadığına görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

52. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallara görə, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini tam icra etməmiş və iddiaçıya 36800 manat borcu qalmışdır.

53. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə alğı-satqı münasibətlərind ən irəli gəlir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddianın həllinə haqlı olaraq Mülki Məcəllənin alğı-satqı münasibətlərini tənzimləyən müddəalarını tətbiq etmişdir.

54. Məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə dəlilləri üzrə araşdırması və bununla bağlı əsaslandırması ilə razılaşmır.

55. Belə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar v ə hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9-cu maddəsi).

56. MPM-nin 138.1-ci maddəsinin tələbinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

57. MPM-nin 138.2-ci maddəsində deyilir ki, işdə iştirak edən şəx slər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir.

58. Məhkəmə bildirişinin prosessual hüquqlarının təminatında əhəmiyyəti nəzərə alınaraq, MPM-nin 134.1.4-cü maddəsində məhkəmənin işdə iştirak edən şəxslərə məhkəmə bildirişinin rəsmi qaydada verməli olması müəyyən edilmişdir.

59. Sənədin rəsmi qaydada verilməsi qaydaları da qanunla konkret olaraq tənzimlənir. MPM-nin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (MPM-ninn 135.1-ci maddəsi).

60. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (MPM-nin 135.2-ci maddəsi).

61. MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənə di rəsmi qaydada verilmiş hesab edilir (MPM-nin 135.5-ci maddəsi).

62. Göründüyü kimi məhkəmə bildirişi rəsmi təqdim olunmalı olan sənəddir və MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab edilir.

63. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydiyyat yeri kimi qəbul etdiyi ünvana xx.xx.2022-ci il tarixli (səh. 18-22), xx.xx.2022-ci il tarixli (səh.32-34) bildirişləri göndərilmişdir. Lakin həmin bildirişlərin cavabdehə təqdim olunması barədə nəticəyə gəlməyə əsas verən MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmir.

64. Həmçinin birinci instansiya məhkəməsi SMS vasitəsi ilə xx.xx.2022-ci il tarixdə (səh. 12) və xx.xx.2022-ci il tarixdə cavabdehin adına ********* nömrəli mobil telefona bildiriş göndərmişdir. Lakin həmin telefon nömrəsinin cavabdehə aidliyi barədə işdə sübut yoxdur. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi telefon nömrəsi isə başqa nömrədir.

65. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, «cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur». «Cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil».

66. Qeyd olunmalıdır ki, cavabdeh əcnəbidir və əcnəbilərin Azərbaycan Respublikasında qeydiyyatı və ünvanı qanunvericiliklə dəqiq tənzimlənir. 67. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna görə yaşayış yeri Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə əsasında, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar əsasında müəyyən edilir.

68. Həmin qanunun 11-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üz rə qeydiyyata alınmalıdırlar.

69. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

70. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinə cavabdehin ünvanı barədə sübut kimi təqdim olunmuş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli arayışında cavabdehin sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi və ünvan 2 ünvanda qeydiyyata alındığı göstərilir.

71. Lakin məhkəmə Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsində müəyyən edilmiş müddətlər baxımından işə birinci instansiya məhkə məsində işə baxılarkən həmin ünvanda olduğuna dair sübut tələb etməmişdir.

72. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehə məhkəmə bildirişinin rəsmi təqdim edilməsini təsdiq edən sübutlar olmadığı halda, apelyasiya instansiya məhkəməsinin «birinci instansiya məhkəməsi tərəfindən mülkiprosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır» qənaəti əsassızdır və daha çox ehtimallara söykənir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva ed ir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair əsas normativ hüquqi akt olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqə dar 2012-ci il 27 avqust tarixli Qərarı).

74. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən apelyasiya icraatında verilmiş ərizənin həlli bağlı məsələyə aydınlıq gətirərək məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası haqlı olaraq «L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

75. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə dəlilinin araşdırılması cavabdehin adi etiraz dəlillərinin araşdırılması baxımından deyil, iddia müddətinin tətbiq edilməsi kimi mühüm hüququn reallaşdırılması baxımından da önəmlidir.

76. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

77. MPM-nin 9.1-ci, 14.1-ci, 88-ci maddələrində müəyyən edilmiş prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

78. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(103)-681/2023 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar