Məhkəmə qərarları › İş №2(102)-2280/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2280/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2280/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödəniməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-386/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, borc tam qaytarılmadığına görə onların arasında mübahisə yaranmış və İddiaçı bununla bağlı Gəncə şəhər Kəpəz RPİ-yə müraciət etmişdir. Gəncə şəhər Kəpəz RPİ-nin xx.xx.20211-ci il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh1 İddiaçı 60.000 manat borc aldığını, bu borcdan 14500 manat pulu qaytardığını bildirmişdir.

2. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmışlar. Müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh1 35 (otuz beş) aydan gec olmayaraq, hər ayın 20-si tarixində, ilk ayında 1500 manat, növbəti hər ay 1000 manat olmaqla xx.xx.2023-cü ilə tarixədək borc məbləğini tam həcmd ə geri qaytarmaq şərti ilə 35500 (otuz beş min beş yüz) manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh1 xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə İddiaçı borc müqaviləsinə əsasən 1500 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 1000 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə 1000 manat, 20.02 2022-ci il tarixli təhvil-təslim aktı ilə 1000 manat ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30.000 manat pulun və 180 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər iddiaçı ilə bağladıqları borc müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirməmiş, bu səbəbdən borcun hər iki cavabdehdən tutulmasını tələb edir. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2021-ci il tarixdə borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 izahatında, İddiaçı 60.000 manat borc aldığını, lakin iddiaçının polis şöbəsinə şikayətindən sonra bankdan kredit götürüb borcun hamısını qaytardığını, bununla bağlı öz aralarında borc müqaviləsi bağlandığını, müqavilənin şəxsən özü tərəfindən imzalandığını bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddiaçıya olan 60.000 manat borcun hissə-hissə ödənildiyini, iddiaçıya borcunun olmadığını qeyd etmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətna məsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilərək, Cavabdeh1 və X2 30.000 (otuz min) manat məbləğində borc və 180 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etməməklə iddiaçıya borclu olduqları 60000 manat pulun 30000 manatını hissə-hissə ödəmiş, 30000 manat borcları qalmışdır.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə üzrə cavabdehlər məhkəməyə verdikləri izahatlarında iddiaçıdan aldıqları borcu tam qaytarmalarını bildirsələr də, bunu təsdiq edən hal aşkar edilməmiş, cavabdehlər buna dair heç bir sübut təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 425.1, 425.2, 1 096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Lakin ailə həyatı qurduqdan sonra bir müddət onların münasibətləri normal ailə münasibəti kimi olsa da, sonradan cavabdehin hərəkətləri nəticəsində aralarında həmişə dava-dalaş olmuşdur. Belə ki, Cavabdeh1 on un xəbəri olmadan müxtəlif şəxslərdən külli miqdarda sələm, borc pul götürmüş və həmin pulların hara xərclənməsi məlum olmamışdır. Bildiyinə görə aldığı borc pulları öz valideynlərinə vermişdir. Ona görə də hələ 2021-ci avqust ayında nikahlarının pozulması üçün mediasiya prosesinə başlamış və ilkin mediasiya prosesindən keçdikdən sonra həmin ilin sentyabr ayının sonlarında məhkəməyə müraciət etmişdir. Lakin noyabr ayının əvvəllərində Cavabdeh1 ona yalvararaq barışmaq istədiyini bildirmiş, o da uşaqlarının xatirinə onunla razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 həmin vaxt işləri məhkəmədə olarkən İddiaçı ilə borc (kredit) müqaviləsi bağlamış, buna görə də yenidən nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. Bu pulların götürülməsindən və hara xərclənməsindən onu n xəbəri olmamışdır. Buna baxmayaraq, iddiaçı götürülmüş pulları hər ikisindən tələb etmiş, məhkəmə isə hər hansı bir araşdırma aparmadan, qanunsuz və əsassız olaraq həmin pulların Cavabdeh1 ilə birlikdə ondan da tutulmalı olduğu qənaətinə gəlmişdir. Bundan başqa qətnamədə onun ifadələri də tamamilə təhrif edilmişdir. Belə ki, guya o məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 ilə birlikdə iddiaçıdan borc almışlar. Əslində qeyd etdiyi kimi, onun bu pulların alınmasından və hara xərclənməsindən xəbəri olmamış və ona görə də heç vaxt məhkəmədə belə bir ifadə verə bilməz. Həmçinin, Polis İdarəsində də heç vaxt iddiaçıdan birlikdə borc almaları barədə ifadə verməmişdir. Sözügedən borc müqaviləsi 20 oktyabr 2021-ci il tarixində bağlanmış, həmin vaxt ayrı yaşamalarına görə onun bundan xəbəri ol mamışdır Lakin məhkəmə hər hansı bir araşdırma aparmadan, heç bir mötəbər sübuta əsaslanmadan tamamilə qanunsuz bir qətnamə çıxarmışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, borc məbləğini hissə-hissə olaraq cavabdehlər birlikdə vermişlər. Məhkəməyə təqdim etdiyi səs yazısında da Cavabdeh1 borcun birlikdə götrülməsini etiraf etməkdədir. Buna görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-386/23 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 30.000 (otuz min) manat məbləğində borcun və 180 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək, iddia Cavabdeh2 münasibətdə təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2021-ci ilin iyun-iyul aylarında iddiaçı ilə Cavabdeh1 arasında hissə-hissə olmaqla, ümumilikdə 60000 manat borc verməsinə dair şifahi müqavilələr bağlanmışdır. Həmin müqavilələr yazılı bağlanmalı olduğu halda, şifahi qaydada bağlanmış, bununla da yuxarıda qeyd olunan Mülki Məcəllənin 329.1 və 740.2-ci maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqdlər olmuşdur. İddiaçı müqavilələrin həmçinin Cavabdeh1 əri olmuş, digər Cavabdeh2 ilə birlikdə bağlandığını və onun da birgə borcalan qismində öhdəliyinin olmasını iddia etmişdir. İdd iaçının bununla bağlı dəlili Cavabdeh2 polis idarəsində və birinci instansiya məhkəməsində verdiyi izahatlar olmuşdur ki, məhkəmə kollegiyası Cavabdeh2 iddiaçı ilə bağlanmış borc müqaviləsinin tərəfi olmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh2 polis orqanında verdiyi izahatlardakı imzanın ona məxsus olmadığını iddia etsə də, iddiaçı tərəfin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin izahatlarla da Cavabdeh2 iddiaçıdan borc məbləği arvadı ilə birlikdə alması, yəni borc müqavilələrinin tərəfi olması təsdiq olunmamaqdadır. Həmin izahatlarda Cavabdeh2 arvadı Cavabdeh1 iddiaçıdan ayrı-ayrı vaxtlarda borc götürməyini bildirməklə, borcu birlikdə ödəmələrinə dair izahatlar vermişdir. Cavabdeh1 isə borcun onun tərəfindən götürülməsini izahat larında bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin arvadının götürdüyü borcun ödənilməsində iştirak etməsi, dolayısı ilə borcun birgə nikah dövründə yaranmış borc olmasını qəbul etməsi, onun həmin müqavilə üzrə tərəf olması və həmin müqavilədən irəli gələn öhdəliyə görə kreditor qarşında məsuliyyət daşıması anlamına gəlməməkdədir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin protokolundan göründüyü kimi Cavabdeh2 məhkəmədə borc məbləğini iddiaçıdan arvadı olmuş Cavabdeh1 ilə birlikdə aldığını bildirmişdir ki, hazırda cavabdeh birinci instansiya məhkəməsinin onun izahatını təhrif etdiyini və belə bir izahat vermədiyini bildirməklə yanaşı, izahatının təhrif olunması ilə bağlı da birinci instansiya məhkəməsini n protokoluna qeyd verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsi protokoluna hər hansı bir səbəbdən qeyd verməməsi və ya verə bilməməsi, onun birinci instansiya məhkəməsindəki izahatının mütləq həqiqət kimi qəbul edilməsini şərtləndirmir. Bu zaman cavabdehin birinci və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatının mötəbərliyi digər sübutlarla yanaşı qiymətləndirilməklə həqiqət müəyyən olunmalıdır. Cavabdehin birinci instansiya məhkəməsində və hazırda verdiyi izahatlar digər sübutlarla yanaşı qiymətləndirildikdə isə Cavabdeh2 borc müqaviləsinin tərəfi olmaması və birgə borcalan qismində iddiaçı qarşısında məsuliyyət daşımaması təsdiq olunmaqdadır.

18. Belə ki, tərəflər arasında mübahisənin yarandığı zaman iddiaçının polis idarəsinə ünvanl adığı, iş materiallarının 45-ci səhifəsində olan ərizəsindən və 46-cı səhifəsində olan izahatından görünür ki, ərizəçi polis orqanına müraciət edərkən, yalnız Cavabdeh1 ondan borc almasını bildirmişdir. Həmçinin, polisə müraciət etdikdən sonra iddiaçı Cavabdeh1 ilə arasındakı öhdəlik münasibətini yazılı qaydada rəsmiləşdirərək, 20 oktyabr 2021-ci il tarixdə borc müqaviləsi, əslində isə mövcud borcun etirafı və ödənilməsi qaydasına dair razılaşma bağlamışlar ki, həmin müqavilə də yalnız Cavabdeh1 ilə bağlanmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ödənişlərə dair yazılı sübutlarda da ödənişin Cavabdeh1 tərəfindən edilməsi müəyyən edilməkdədir.

19. Bundan başqa, iddiaçı məhkəməyə Cavabdeh1 ilə olan səs yazısını təqdim edərək, həmin səs yazısı ilə borcun, həmçinin Cavabdeh2 tərəfin dən götürülməsinin təsdiq edildiyini iddia etsə də, bu fakt təsdiq olunmamışdır. Əksinə, həmin səs yazısında iddiaçı ilkin 8000 manatın, daha sonra isə digər məbləğlərlə birlikdə 60000 manat borc məbləğinin Cavabdeh1 tərəfindən götürüldüyünü və borcun götürüldüyü zaman Cavabdeh1 pulun istənildiyi halda geri qaytaracağına dair öhdəlik götürdüyünü bildirməklə ona irad bildirməkdədir. Bundan başqa səs yazısında Cavabdeh1 danışığından götürülmüş borc məbləğinə görə əri olmuş Cavabdeh2 ilə münasibətlərinin pisləşməsi, boşanma həddinə çatmaları və götürülmüş borcun birgə ailə təsərrüfatı ilə bağlı xərclənməsinin Cavabdeh2 tərəfindən inkar edilməsi anlaşılmaqdadır ki, bu fakt da Cavabdeh2 borcun götürülməsindən və hara xərclənməsindən onun xəbərinin olmaması ilə bağlı şikayətinin dəlillərinin əsa slı olmasını təsdiq etməklə, iddiaçının cavabdehlərin nikahlarının pozulmasının formal olması ilə bağlı dəlillərini də əsassız etmişdir. Həmçinin, həmin səs yazısında iddiaçının və anasının borcun Cavabdeh2 tərəfindən də alınması təkidlə bildirilməklə, bu barədə Cavabdeh1 etirafı gözlənilsə də, Cavabdeh1 bu faktı təsdiq etməməklə yanaşı yalnız borcun müəyyən hissəsini birgə ailə təsərrüfatı ilə xərcləndiyini bildirmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunanlarla Cavabdeh2 birgə borcalan qismində arvadı olmuş Cavabdeh1 ilə birlikdə borc alması öz təsdiqini tapmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 337.1, 500.1, 500.2, 739.1. 740.1, 740.2.-ci maddələrinə, MPM-nin 372.1, 372.6, 372.7 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın Cavabdeh2 münasibətdə tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər birgə məsuliyyət daşımaqla aldıqları pulu qaytarmamaqla ona maddi ziyan vurmuşlar. Qeyd olunan pulun cavabdehlərin birgə alması iş materiallarında bütün sübutlarla təsdiq edilir. Məhkəmənin isə Cavabdeh2 borcu qaytarmasında yalnız iştirakının olması kimi qiymətləndirməsi heç bir sübutla təsdiq edilmir. Buna dair cavabdeh tərəfindən heç bir əsas məhkəməyə təqdim edilməmişdir. Cavabdeh2 maddi zərərə görə məsuliyyətdən yayınmaq üçün, həmçinin qətnamənin ic rasından yayınmaq üçün formal olaraq nikahın pozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;... 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yaln ız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır

30. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür..

32. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsd irsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən Cavabdeh2 aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır.

48. Kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə iddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 500 və 739-ci maddələri çıxış edir. Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə görə borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əş yalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

49. Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanmasını tələb edilir. Belə ki, müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri).

50. Cavabdehə qarşı irəli sür ülmüş iddia tələbində müqavilə məbləği 3000 manatdan çox olduğuna görə, Cavabdeh2la yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib.

51. İddiaçının cavabdeh XXXya verdiyi borc üzrə Cavabdeh2 da öhdəlik daşımasını müəyyən etmək üçün digər bir əsasını Mülki Məcəllənin 500-cü maddəsinin şərtləri əsasında yoxlanıla bilər (bu qərarın 29-30-cu paraqrafları). Bu baxımdan XXXnın öhdəliyinin icrası Cavabdeh2 da öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilməmişdir və onlar bu müqavilə üzrə birgə borclular deyildir. Cavabdeh2 müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsaslanan birgə öhdəliyi də yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmiş dir.

53. Kassatorun Cavabdeh2 tərəfindən birgə borclu olmaması barədə heç bir əsasın (sübutun) məhkəməyə təqdim edilməmsi barədə dəlili əsassızdır. Çünki Cavabdeh2 borc verilməsini MPM-nin 77-ci maddəsinin tələbinə görə iddiaçı sübut etməlidir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-386/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar