Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2296/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(103)-13584/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Vək il tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5159,65 ABŞ dolları məbləğində borcun və 10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 05 sentyabr 2019-cu il tarixli 2(004)-3058/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Aida Hüseyn) 2(103)-13584/2019 nömrəli 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3058/2019 saylı mülki iş üzrə qəbul etdiyi 05 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)13584/2019 nömrəli 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bank tərəfindən təqdim edilən təsdiq olunmuş kredit xətti müqaviləsini və plastik kartın (Viza Classic) alınmasına dair qəbzi mötəbər sübut kimi qiymətləndirməmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.02.2002-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktuba əsasən, məhkəməyə təqdim olunan təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydada təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buradan da belə nəticə çıxır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərarlar və eləcə də digər aktlar, o cümlədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3058/2Q19 say lı, 05.09.2019-cu il tarixli qətnaməsində qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.02.2002-ci il tarixli məktubu məhkəmə üçün məcburi xarakter daşımır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddədə heç bir notarial qaydada təsdiqlənmə İfadəsinə rast gəlinmir və MPM qanundur və sözsüz ki, Ali məhkəmənin hər hansısa bir məktubundan hər bir halda üstündür. Göründüyü kimi, təqdim edilən təsdiq olunmuş kredit xətti müqaviləsinə və plastik kartın (Viza Classic) alınmasına dair qəbzə mötəbər sübut kimi istinad edilməsi istisna hesab edilmir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edilməmişdir və bu hal iddianın t əmin edilməməsi əsaslarından biridir. İddiaçı məhkəməyə müraciət edərkən maliyyə arayışı, təsdiq olunmuş kredit xətti müqaviləsini və plastik kartın (Viza Classic) alınmasına dair qəbzi və digər sənədləri təqdim etmişdir, yəni iddiaçı öz iddiasını təqdim etdiyi sübutlarla əsaslandırmışdır. Lakin cavabdehin iddianın rədd olunmasını istəməsi özlüyündə yeni bir tələbdir və eyni zamanda cavabdeh də bu tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməyə borcludur. Mülki icraat qaydasında məhkəmə formal həqiqəti müəyyən edir, yəni ki, təqdim olunan sübutlara əsaslanaraq qərar qəbul edir. Lakin bu iş üzrə Yasamal Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara baxmayaraq, cavabdehin şifahi olaraq iddianı etiraf etməməsi halını əsas götürmüşdür. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istin ad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2008-ci il tarixli 351-KX saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 25%-lə, 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit xətti müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və onun həmin müqavilə üzrə əsas kredit borcu 3897,16 ABŞ dolları, faiz borcu 989,15 ABŞ dolları, vaxtı keçmiş faiz borcu 273,34 ABŞ dolları, cəmi borcu isə 5159,65 ABŞ dolları təşkil edir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün onunla Cavabdeh arasında bağlanmış 24 iyul 2008-ci il tarixli 351-KX saylı kredit xətti müqaviləsinin və plastik kartın (Visa Classic) alınmasına dair qəbzin kserosurətlərini təqdim etmişdir. Həmi n müqavilədə və qəbzdə olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və icra olunması üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspert vəsatət verərək, tədqiq olunan sənədlərin əsillərinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmasını xahiş etmişdir. Həmin vəsatətdə göstərilən sənədlərin məhkəməyə təqdim edilməsi üçün İddiaçı ASC-nə bildiriş göndərilməsinə baxmayaraq, həmin sənədlər nə məhkəməyə və nə də Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli 17187 saylı məlumatına əsasən vəsatətdə göstərilən sənədlərin təqdim edilməməsi əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina ed ilmişdir. Eyni zamanda iddiaçının məhkəməyə ünvanlandığı 16.08.2019-cu il tarixli məktubdan görünür ki, məhkəmə tərəfindən tələb olunan sənədlər ləğv prosesində olan İddiaçı ASC-də mövcud olmadığından təqdim edilməsi mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə ekspertizasının aparılması məhz iddiaçının hərəkətsizliyinə görə mümkün olmadığına görə Mülki Prosessual Məcəllənin 97.5ci maddəsinə əsasən plastik kartın (Visa Classic) alınmasına dair qəbzdə Cavabdeh adından olan imzanın onun özü tərəfindən icra olunmaması faktı təsdiq olunmuş hesab olunmalıdır. Eyni zamanda iddiaçının istinad etdiyi 24.07.2008-ci il tarixli kredit xətti müqaviləsində göstərilən 5000 ABŞ dolları məbləğində borcun cavabdehə faktiki verildiyini təsdiq edən sübutlar təqdim olunmamışdı r. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə borcun verilməsinin sübut etmə vəzifəsi borc verənin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə ekspertizasının aparılması məhz iddiaçının hərəkətsizliyinə görə mümkün olmadığına görə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsa sən plastik kartın (Visa Classic) alınmasına dair qəbzdə Cavabdeh adından olan imzanın onun özü tərəfindən icra olunmaması faktı təsdiq olunmuş hesab olunmalıdır. Eyni zamanda iddiaçının istinad etdiyi 24.07.2008-ci il tarixli kredit xətti müqaviləsində göstərilən 5000 ABŞ dolları məbləğində borcun cavabdehə faktiki verildiyini təsdiq edən sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə 24 iyul 2008-ci il tarixli 351-KX saylı kredit xətti müqaviləsi üzrə 5000 ABŞ dolları məbləğində borcun verilməsi sübut olunmadığına görə, bununla da, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətləri yaranmadığına görə iddiaçının tələblərinin əsassız olması barədə gəlinən nəticə düzgündür. İddiaçının kassasiya şikayətinin MPM-nin 89.3-cü maddəsində sübutların notarial təsdiqinin tələb olunmaması və iddiaçı tərəfindən təsdiq olunmuş sənədin surətləri ilə iddianın əsaslı olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı məhkəməyə özü tərəfindən təsdiq olunmuş kredit xətti müqaviləsinin və plastik kartın (Viza Classic) alınmasına dair qəbzin surətini təqdim etmişdir, lakin həmin sənədlərin əsli bankda mövcud olmadığı halda, həmin sənədin iddiaçının öz möhürü ilə təsdiq edilmiş surəti mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalı dır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(103)-13584/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2296/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2296/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver