Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2299/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə sübutların qiymətləndirilməməsi 03.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7898/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 iyun 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinə əsasən 204.000 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120.000 ABŞ dolları) əsas borcun, 5.100 (beş min yüz) manat məbləğində faiz borcunun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 04.12.2018-ci il tarixdə İddiaçı Cavabdeh 30.05.2019-cu il tarixədək qaytarmaq şərti ilə 204.0 00 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120.000 ABŞ dolları) pul borc vermişdir. Müqavilə şərtlərinə görə borc faizsiz verilmişdir.
3. İş materiallarından görünür ki, X MMC Cavabdeh tərəfindən təsis edilmişdir. Həmin şirkətlə Rusiya Federasiyasının “X1” arasında 29.11.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin ümumi dəyəri ******* ABŞ dolları təşkil etmiş və müqavilənin ümumi dəyərinin 10% hissəsinin müqavilə imzalandığı tarixdən sonra 5 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
4. Həmçinin iş materiallarından görünür ki, X MMC ilə Cavabdeh arasında 30 noyabr 2018-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 31 dekabr 2018ci il tarixinədək qaytarmaq şərti ilə Cavabdeh X MMC-yə 120500 ABŞ dolları borc vermişd ir.
5. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, 30 noyabr 2018-ci ildə X MMC tərəfindən 120000 ABŞ dolları Rusiya Federasiyasının “X1”nın hesabına köçürülmüşdür.
6. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı 04.12.2018-ci il tarixindən X MMC-nin vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.
7. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, İddiaçı X MMC-də 25 % paya malikdir.
8. Bundan başqa işin halları ilə müəyyən edilir ki, İddiaçı ilə X MMC arasında 12 fevral 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı X MMC-yə 31 dekabr 2019-cu il tarixinədək qaytarmaq şərti ilə 141110 ABŞ doları borc vermişdir.
9. Həmçinin iş materiallarından görünür ki, X MMC tərəfindən İddiaçı 02.04.2019-cu il tarixli, 003 nömrəli ödəniş tapşığı ilə 68000 manat, 10.04.2019-cu il tarixli, 005 nömrəli ödəniş tapşığı ilə 171869 manat, 10.04.2019-cu il tarixli, 007 nömrəli ödəniş tapşığı ilə 45200 manat pul ödənilmişdir.
10. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi H tərəfindən cavabdehə ünvanlanmış 13.02.2020-ci il tarixli məkdundan görünür ki, Cəmiyətin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını talama cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə CM-nin 308.1-ci və 178.3.2-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır.
11. İddiaçı bildirir ki, Cavabdeh 204.0 00 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120.000 ABŞ dolları) məbləğində borc pul vermiş və Bakı şəhəri 12 saylı notariat kontorunda 04 dekabr 2018-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsinin ikinci bəndinə əsasən, borc alan krediti 30.05.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı borc məbləğini qaytarmamış, icra müddəti başa çatdıqdan altı ay sonra məhkəməyə müraciət etmiş və həmin altı aylıq gecikmə üçün illik beş faiz də tələb edir.
12. Cavabdeh bildirir ki, tanışı olan X təkidi ilə onun qohumu İddiaçı ilə tanış olmuş və onların təklifi ilə onlarla biznes fəaliyyəti qurmağı planlaşdırmışdır. Ona məxsus X MMC Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən keçirilmiş tenderin qalibi olduqdan sonra Rusiya Federasiyasının “X1” ilə 29.11.2018-ci il tarixli № 0128 saylı müqavilə üzrə avans olaraq 120.000 (yüz iyirmi min) ABŞ dolları ödənilməsi zərurəti yaranmışdı. Əgər 05.12.2018-ci il tarixinə qədər bu pul köçürülməsəydi kombinat tərəfindən verilmiş qiymət təklifi qüvvədən düşmüş olurdu. Həmin anda İddiaçı şirkətin payçısı olmadığına görə onun bank hesabına pul qoya bilmirdi. Ona görə də həmin məbləğ onun adından şirkətin bank hesabına qoyulmalı oldu. 120.000 dolları ona bizneslərinə qoymaq məqsədilə verməli olduğu halda İddiaçı onun Azərbaycan dilini və qanunlarını bilməməyindən istifadə edib həmin məbləğdə notarial borc müqaviləsinə imza atdırmişdır. O, iddiaçıdan nə bir manat pul almış, nə də sözü gedən pulu görməmişdir. İddiaçı ona bildirmişdir ki, bü tün bunlar formal xarakter daşıyır və borc müqaviləsini iddiaçı ilə X MMC bağladığını bildirmişdir. 04.12.2018-ci il tarixli formal borc müqaviləsini bağlanma tarixindən bir gün sonra həmin məbləğ İddiaçı şəxsən özünün iştirakı ilə tam olaraq borc müqaviləsi əsasında şirkətin bank hesabına keçirilmiş və elə həmin gün ərzində də “X” Kombinatına avans olaraq köçürülmüşdür. Bundan sonra İddiaçı onun şirkətinin 25% payını almış və o, İddiaçı 06.12.2018-ci il tarixdə müavin vəzifəsinə təyin emişdi. İddiaçı X MMC-nin payçısı olduqdan sonra artıq borc müqaviləsinə ehtiyac olmadan birbaşa borc müqaviləsi ilə daha 141.000 ABŞ dolları pul, qoymuş, bu məbləği də 120.000 dollar da olduğu kimi geri götürmüşdür. Hətta bu məbləğləri götürmək adı altında X MMC-yə külli miqdarda ziyan vurmaları ilə bağlı, hesabdan maliyyə vəsaitinin mənimsənilməsi barədə şüphələri yaranmış, audit yoxlaması nəticəsində şüphələr təsdiqini tapdığı üçün 10.01.2020-ci il tarixində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininə müraciət etmiş və faktla bağlı CM-nin 308.1-ci və 178.3.2-ci maddələri ilə cinayət işi qaldırılmış və cinayət işininə dair istintaqın aparılması üçün İstintaq İdarəsinə göndərilmişdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-322/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh 204.000 (iki yüz dörd min) manat əsas borc, 5.100 (beş min yüz) manat faiz borcu olmaqla, cəmi 209.100 (iki yüz doqquz min yüz) manat məbləğində borc pu l vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında 04 dekabr 2018-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 204000 (iki yüz dörd min) manat məbləğində borc pul almış və həmin borcu 30.05.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin halhazıradək həmin öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəf əsas borcla yanaşı müqavilənin icra müddətinin başa çatdığı tarixdən sonrakı altı aylıq gecikmə üçün illik beş faiz də tələb edir. Mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1, 442, 445.1, 445.7, 448.1, 739.1, 739.2-ci maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7898/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)322/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya inst ansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir yazılı sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilm əməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili Rzabəyli Fərid Fərhad oğlu kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Kassasiy a baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
31. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
32. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi ha lların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
34. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdır araq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
36. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (30-31)
37. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir yazılı sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilmə miş, irəli sürdüyü dəlillərlə bağlı sübutlar təqdim etməmişdir.
38. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı yazılı sübutları (iş vərəq 99-122) apelyasiya instansiyası məhkəməsinə təqdim etsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
39. Halbuki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə bütün sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməli idi. (32)
40. Belə ki, cavabdehin irəli sürdüyü etirazlar təsdiq olunduğu halda onu təsbit edir ki, tərəflər arasında borc münasibəti olmamış, iddiaçı 204000 (iki yüz d örd min) manat məbləğində pulu onunla şərikli iş birliyinə girmək üçün vermişdir. Ona görə də cavabdeh 204000 (iki yüz dörd min) manat pulun əvəzinə iddiaçını şərikli iş fəaliyyətinə cəlb etməklə yanaşı sonuncunun təsis etdiyi şirkətdə 25 faiz paya sahib etmiş və onu şirkətin idarə edicisi vəzifəsinə təyin etmişdir.
41. Ona görə də məhkəmə kollegiyası heab edir ki, işin mahiyyətinə aid olduğu üçün işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü dəlillər ilə bağlı məhkəməyə təqdim etdiyi sübutları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
42. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
43. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
44. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7898/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.