Məhkəmə qərarları › İş №2(102)-2316/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2316/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2316/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(105)-114/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2021ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Cavabdeh qətnamədən kassasiya şi kayəti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) 2(105)-114/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi Cavabdeh elektron kabinetinə 06 mart 2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq 06 may 2025-ci il tarixədək davam etmişdir. Lakin cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 1 gün sonra, yəni 07 may 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh kassasiya şikayəti ilə müraciət edərkən artıq prosessual müddəti ötürmüş, lakin bu müddətin bərpası barədə vəsatətlə məhkəmə kollegiyasına müraciət etməmişdir.

7. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2, 129.1, 135.1, 405.1, 408-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-114/2025 saylı, xx.xx.2025-ciil qərardadının tamamilə ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsi və baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-114/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi iş üzrə Cavabdeh, eləcə də onun vəkili və nümayəndəsi Vəkil elektron məhkəmə sisteminə şəxsi kabinetinə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Bununla bağlı elektron məhkəmə sistemi vasitəsi ilə cavabbdehin və onun vəkilinin şəxsi kabinetinə daxil olmuş məhkəmə bildişlərini şikayətə əlavə edirəm. 2(105)-114/2025 saylı qətnamənin cavabdehin şəxsi kabinetinə daxil olması barədə bildiriş məlumat xx.xx.2025, 12:08, oxunma tarixi isə xx.xx.2025-il tarixdə qeydə alınmışdır. Cavabdehin vəkili və nümayəndəsinə (105)-114/2025 nömrəli işdə Məhkəmə aktı proses iştirakçısına xx.xx.2025 12:10 tarixində imzalandı, məlumat xx.xx.2025, oxunub: xx.xx.2025-ci il qeyd olunmuşdur. Göründüyü kimi apellyasiya şikayəti vaxtında -2 ay tamam olan növbəti gələn 2-ci ayın sonuncu gü nü xx.xx.2025-ci il tarixində verilmiş, müddət buraxılmamışdır. Ona görə də buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.

10. Məhkəmənin Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(105)-114/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qanunsuz və əsassız olmuşdur.

11. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 129.1, 405.0.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

14. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

16. Maddə 135.5. Bu Məcəllənin 135.2- ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 19. 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

20. Maddə 408.1. Kassasiya şikayəti aşağıda kı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 21. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 26.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

29. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onl ara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışla təsdiq edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(105)-114/2025 nömrəli qətnaməsi Cavabdeh elektron kabinetinə 06 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da göstərilən qətnamə 06 mart 2025-ci il tarixində Cavabdeh rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının MPM-in 405.0.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh göstərilən qətnamədən 06 may 2025-ci il tarixinədək kassasiya şikayəti verməli olduğu halda, 07 may 2025-ci il tarixində kassasiya şikayəti verməklə kassasiya şikayəti verilə bilməsi üçün müəyyənləşdirilmiş prosessual müddəti ötürmüş, lakin bu müddətin bərpası barədə vəsatətlə apelyasiya məhkəməsinə müraciət etməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-c u maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-114/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar