Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2324/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10598/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş № 2(008)-1159/2019) İddiaçı Cavabdeh qarşı borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, A.Ə.Hüseyn və E.Y.Şamayev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh ilə İddiaçı arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh tərəfindən İddiaçı 320.000 manat məbləğində borcun verilməsi etiraf olunmuş və həmin müqavilədə İddiaçı borcu xx xxxx 2016-cı il tarixə kimi qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixdə Notariat Kontoru tərəfindən həmin pul məbləğinin borcludan tutulması barədə icra qeydi verilmiş və xx xxxxxxx 2018-ci il tarixdə Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. 2018-ci ilin noyabr ayında İddiaçı Cavabdeh borc almasını inkar edərək müqaviləni hədə-qorxu təsiri altında bağlamasını əsas göstərməklə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmış, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlarla düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdehdən hər hansı məbləğdə borc almamasını iddia etsə də, işdən görünür ki, İddiaçı Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsində borcu ödəyəcəyini və d etmiş və bu məsələdə ona vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (882.1.) Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (882.2.) Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı həmin müqavilədə cavabdehə 320.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və eyni zamanda ödənilməsi vaxtını müəyyən etmişdir. Müqavilə qanunun tələbinə uyğun və tərəflərin iştirakı ilə bağlanmaqla notariatda təsdiq olunmuş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəx sin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İddiaçı müqavilənin hədə-qorxu təsiri altında bağlanmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya işin yuxarıda göstərilən hallarına və qanunun müddəalarına əsaslanaraq apelyasiya instansiyasının m əhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, müqavilənin etibarsız sayılması üçün əsaslar olmadığından iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2324/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2324/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver