Məhkəmə qərarları › İş №2(102)-2351/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2351/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2351/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli 2(103)-5799/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcu ilə bağlı məhkəmə yə ərizə ilə müraciət edərək, borcludan "xxxx" ASC-nin xeyrinə 4973.82 manat əsas, 1655.57 manat faiz, cəmi 6629.39 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsi xahiş edilmişdir. Binəqədi Rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 2(001)-16821/2016 nömrəli 17.11.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh həmin əmrə etiraz verərək Binəqədi Rayon Məhkəməsinin 2(001)16821/2016 nömrəli 17.11.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2(001)-16821/2016 nömrəli, 17.11.2016-cı il tarixli məhkəmə əmri ləğv olunaraq, iş üzrə iddia icraatına keçirilmişdir. Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2443 (iki min dörd yüz qırx üç) manat 30 (otuz) qəpik məbləğində əsas borcun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37%-i, yəni 7.40 (yeddi manat qırx qəpik) manatın iddiaçıya aid edilməsi, qalan 63%-i, yəni 12.60 (on iki manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, 10 manat dövlət rüsumunun 37%-i, yəni 3.70 (üç manat yetmiş qəpik) manatın iddiaçı "xxxx" ASC-dən, qalan 63%-i, yəni 6.30 (altı manat otuz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın 37%-i, yəni 18.50 manatı iddiaçıdan, 63% -i isə, yəni 31.50 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Etibar Nəbiyev, hakimlər Raqib Qurbanov və Azad İmanov) 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 4951,35 manat əsas, 1294,02 manat faiz, cəmi 6245,36 manat məbləğində pulun tutularaq, iddiaçı"xxxx" ASC-nin xeyrinə ödəni lməsi, 145 manat ekspertiza xərcinin Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli 2(103)-5799/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırmışdir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmadan qeyri-obyektiv qətnamə qəbul etməklə cavabdehin hüquqlarını pozmuşdur. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri arasında kəskin ziddiyyətlər mövcud olduğu halda məhkəmə təkrar ekspertiza təyin etmədən, məhz cavabdehin hüquqlarını məhdudlaşdıran sonuncu ek spertiza rəyinə istinad edərək yekun qərar qəbul etmişdir. Eyni zamanda cavabdeh heç vaxt öhdəlikdən boyun qaçırmamış və borcunun olduğunu bilmişdir. Bundan başqa, bank tərəfindən faiz borcu qeyri-obyektiv şəkildə hesablanmışdır və kredit müqaviləsinə uyğun deyil. Bu səbəbdən də təkrar mühasibatlıq ekspertizası keçirilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, borclu Cavabdeh ilə "xxxx" ASC arasında imzalanmış Baş sazişə əsasən borcluya 18.06.2014-cü il tarixdə illik 28 faiz olmaqla 56 ay müddətində 7582 manat kredit verilmişdir. Borclu Cavabdeh ilə “Bank of Baku" ASC arasında 19.10.2012-cü il tarixdə imzalanmış Baş sazişə (əqdlərin bağlanma şərtlərinə dair) və Razılaşmanın 3.1-ci bəndinə əsasən, bank müştərinin konkret sifarişini qısa mesaj (SMS) vasitəsilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri, bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərlə kredit almaq istəyini və özünün eyniləşdirmə kodunu Banka SMS vasitəsilə geri göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Müştəri razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Hazırda borclu kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə Baş saziş və ona uyğun olaraq bağlanmış Razılaşmanın tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2012-ci il tarixli baş sazişə əsasən cavabdehə kart hesabı açılmış 07 iyul 2012-ci il tarixdən hesablanmaqla kartda n istifadə müddəti 60 ay müəyyən edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 19 oktyabr 2012-ci il tarixli baş sazişə əsasında bağlanmış Razılaşmaya əsasən karta maksimum illik 36% olmaqla, 10.000 manatadək məbləğdə vəsaitin yerləşdirilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 26.10.2016-cı il tarixli arayışa əsasən 19 oktyabr 2012-ci il tarixli müqavilə üzrə banka olan əsas borcu 4973.82 manat, faiz borcu 1655.57 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli 27074 saylı rəyindən görünür ki, 19.10.2012-ci il tarixdə bağlanmış R-BS-DK03663/12 saylı müqavilə üzrə 26.10.2016-cı il tarixə Cavabdeh banka olan borcu əsas borc üzrə 2443.30 manat məbləğində müəyy ən olunmuşdur. Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.06.2018-ci il tarixli, 14457 saylı rəyə əsasən cavabdehin Banka 26.10.2016-cı il tarixə 4951,35 manat əsas, 1294,02 manat faiz, cəmi 6245,36 manat borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 2443,30 manat məbləğində əsas borcun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq, iş üzrə təkrar ekspertiza keçirmiş və həmin rəydə müəyyən edilmiş borc məbləği hissəsində iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı kassasiya şikayətində 4951,35 manat əsas və 1294.02 manat faiz borcunun olmasını müəyyən edən sonuncu ekspertiza rəyinin düzgün olmadığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib yeni qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissə də dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli 2(103)5799/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar