Məhkəmə qərarları › İş №2(102)-2360/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2360/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2360/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, kredit müqaviləsi üzrə zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)6396/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxx 2009-cu il tarixli, 10L000000675 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 10R000011519 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 42 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla 700000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli Sazişlə xx xxxxxxxx 2013-cü il tarixli, 10R000011519 s aylı kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 % endirilmiş, kreditin tam qaytarılma müddəti xx xxxxxx 2019-cu ilədək uzadılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx xxxxx 2014-cü il tarixli, 10R000013607 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 1,3333% olmaqla 144000 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli Sazişlə xx xxxxx 2014-cü il tarixli, 10R000013607 saylı kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 % endirilmiş, kreditin tam qaytarılması müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. xx xxxxx 2009-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx xxxxx 2014-cü il tarixli, 10R000013766 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cava bdeh3 36 ay müddətinə, aylıq 1,3333% olmaqla 130000 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli Sazişlə xx xxxxx 2014-cü il tarixli, 10R000013766 saylı kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 % endirilmiş, kreditin tam qaytarılması müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 010R********** saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 1,25% olmaqla 30000 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli Sazişlə xx xxxxxx 2015-ci il tarixli, 010R********** saylı kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,208% endirilmiş, kreditin tam qaytarılması müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı QSC-nin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2009-cu və xx xxxxxxx 2009-cu il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Həmçinin kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh3 xx xxxxx 2009-cu il tarixli 10M000000387 saylı İpoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilini, habelə Cavabdeh2 xx xxxxxxx 2009-cu il tarixli 10M000000478 saylı İpoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 54 nömrəli mənzilini İddiaçı QSC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən X1 xx xxxxxxxx 2013-cü il tarixli 10R000011519 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə əsas borcu 432750,81 ABŞ dolları, faiz borcu 108775,19 ABŞ dolları; xx xxxxx 2014-cü il tarixli 10R000013607 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixə əsas borcu 103043,63 ABŞ dolları, faiz borcu 18934,27 ABŞ dolları; xx xxxxx 2014-cü il tarixli 10R000013766 nömrəli kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixə əsas borcu 90770,31 ABŞ dolları, faiz borcu 16943,79 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli 010R********** nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borcu 22730,17 ABŞ dolları, faiz borcu 6848,09 ABŞ dolları müəyyən olunur. Təqdim edilmiş ödəniş qəbzlərindən və hesabdan çıxarış məlumatlarında göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 121179,57 ABŞ dolları məbləğində kredit ödənilmişdir. Lakin ödəniş qəbzlərində, çıxarış məlumatlarında hesablar, təyinatlar dəqiq (hansı kredit üzrə olması) göstərilmədiyindən kreditlərə ödənilmiş 121179,57 ABŞ dollarının hansı müqavilə üzrə ödənildiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin 31 nömrəli mənzilin likvid qiyməti 550000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 54 nömrəli mənzilin likvid qiyməti 125000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, yekun olaraq Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli, 10L000000675 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 10R000011519 saylı, xx xxxxx 2014-cü il tarixli 10 R000013607 saylı, xx xxxxx 2014-cü il tarixli 10R000013766 saylı və xx xxxxxx 2015-ci il tarixli 010R********** saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10 R000011519 saylı kredit razılaşması üzrə 290723,89 ABŞ dolları kredit borcu, 176427,52 ABŞ dolları faiz borcu, 417918,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 885070,22 ABŞ dollarının, 10R000013607 saylı kredit razılaşması üzrə 3611,13 ABŞ dolları kredit borcu, 41789,82 ABŞ dolları faiz borcu, 99384,28 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 144785,23 ABŞ dollarının, 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları kredit borcu, 36814,25 ABŞ dolları faiz borcu, 87556,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 125645,78 ABŞ dollarının, 010R********** saylı kredit razılaşması üzrə 2755,16 ABŞ dolları kredit borcu, 8871,98 ABŞ dolları faiz borcu və 21832,58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 33459,72 ABŞ dollarının, dörd müqavilə üzrə ümumilikdə cəmi 1188960,95 ABŞ dolları məblə ğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan ünvan 1 nömrəli evin 31 nömrəli mənzilinə və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və ümumilikdə cəmi 1188960,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışında n əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, ünvan 1 nömrəli evin 31 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 1 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh3 tərəfindən kredit xətti və kredit raz ılaşmalarından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-64/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, xx xxxxxxxx 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 150723,89 ABŞ dolları əsas borc, 108775,19 ABŞ dolları faiz borcu, 15000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 274499,08 ABŞ dollarının, xx xxxxx 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 3611,13 ABŞ dolları əsas borc, 18934,27 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22895,40 ABŞ dollarının, xx xxxxx 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları əsas borc, 16943,79 ABŞ dolları faiz bo rcu, 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18368,79 ABŞ dollarının, xx xxxxxx 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 2755,16 ABŞ dolları əsas borc, 6848,09 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları olmaqla cərimə borcu olmaqla, cəmi 9853,25 ABŞ dollarının, ümumilikdə 4 müqavilə üzrə cəmi 325616,52 ABŞ dolları kredit borcunun ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin 31 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiyməti 550000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği n Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh3 ünvan 1 evin 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının Cavabdeh3 tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğini müəyyən edərkən iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyini əsas götürmüş, cərimə borclarını Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə azaltmışd ır. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ilə bank İddiaçı QSC arasında bağlanılmış zaminlik müqavilələrinə əsasən zaminlər borclunun xx xxxxx 2009-cu il tarixli Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin kredit xətti müqaviləsindən sonra 4 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında 4 saziş bağlanmış, kreditin müddəti uzadılmış, həmin sazişlər bağlanarkən zaminlərin razılığı alınmamışdır. Məhkəmə hesab etmişdir ki, bu zaminliyə xitam verilməsi üçün əsasdır. Tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 həm ipoteka qoyan, dəm də borclu oldu ğundan, tələb tutmanın onun mülkiyyətində olan mənzilə yönəldilməsi hissəsində əsaslıdır. Digər ipoteka qoyana münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanıldıqdan sonra bağlanmış dörd kredit razılaşmasının üçündə Cavabdeh2 ödəniş planı ilə tanış olması barədə qeyd olsa da, razılaşmalara və ödəniş planlarına dəyişiklik edilməsi barədə müvafiq olaraq dörd Sazişdə razılığı alınmamışdır. Bu isə onu deməyə əsas verir ki, ipoteka müqaviləsində zəruri şərt hesab olunan faiz dərəcəsi göstərilmədiyindən, sonradan faiz dərəcəsinin dəyişdirilməsi və kredit müddətinin uzadılması ilə bağlı bağlanan Sazişlərdə ipoteka qoyan Cavabdeh2 razılığı alınmalı olduğu halda, onun razılığı alınmadığından ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsi ndə birinci icraat İddiaçı QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-64/2020 nömrəli qətnaməsinin qismən iddia tələbinin zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməyən hissəsində, ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 nömrəli binanın 54-cü mənzilinə dair ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və həmin mənzilə tutma yönəldilməsinin təmin edilməməsi hissəsində, həmçinin faiz və cərimə borcunun azaldılması hissələrində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-6396/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakiml ər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-64/2020 nömrəli qətnaməsi Cavabdeh2 ilə Bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilmiş, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 nömrəli binanın 54-cü mənzilinə yönəldilməsi, ünvan 1 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulu və borcun zaminlərdən tutulmasından imtinaya dair birinci instansiya məhkəməsinin mövqe yi ilə razılaşmış, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilinə yönəldilməsi ilə bağlı isə qeyd etmişdir ki, öhdəliyin icra edilməsi üsulu kimi Cavabdeh2 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən ipoteka verən Cavabdeh2 öz mülkiyyətində olan əmlakı bank ilə Cavabdeh3 arasında xx xxxxx 2009-cu il tarixli 10L000000675 saylı Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edilir. Birinci instansiya məhkəməsi ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan mənzili ilə bağlı ipoteka müqaviləsini bağlan mamış hesab edərkən, Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında nəzərdə tutulmuş qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Lakin birinci instansiya məhkəməsi kredit xətti müqavilə si çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ipoteka qoyan Cavabdeh2 ödəniş planları ilə tanış olması, verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və valyutası haqqında məlumatlı olmasını nəzərə almamış, əsassız olaraq ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-6369/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsi, ipoteka predmeti olan ünvan 1 nömrəli binanın 54 nömrəli mənzilinin ilkin satış qiymətinin 125000 manat müəyyən edilməsi, zaminlər Cavabdeh2 və Cavab deh1 dair hissədə iddia tələbinin təmin edilməsini, həmçinin faiz və cərimə borcunun tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki ünvan 1 nömrəli binanın 54 saylı mənzilinə yönəldilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehin mənzildən çıxarılması, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsini qət etsə də, həmin əmlakın ilkin satış qiymətini müəyyən etməmişdir. Həmçinin, iş üzrə kredit razılaşmaları Cavabdeh1 və Cavabdeh2 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Nəhayət cavabdehlərdən tələb olunan faiz və cərimə borcları tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq hesablanmış və məhkəmə tərəfindən əsassız olaraq azaldılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxı lmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, iddia birinci instansiya və sonradan apellyasiya instansiyası məhkəmələri tərəfindən qismən təmin olunsa da, cavabdehlər məhkəmə aktlarını mübahisələndirməmişlər. Kassasiya şikayətini iddiaçı vermiş və müvafiq olaraq iddianın zaminlərə münasibətdə rədd olunmuş, ikinci ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmamış, habelə cərimə və faiz borclarının təmin olunmamış hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunverici liyin prinsiplərindən biridir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edi lməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xit am verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin i crasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razıl aşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kr edit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2- ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən faiz borcunun müəyyən edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmamış saxlanılması hissələrində maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən və həmin hissələrdə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarını pozduğundan qətnamə qeyd olunan hissələrdə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 nömrəli binanın 54-cü mənzilinə yönəldilməsini qət etsə də, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərini pozaraq, həmin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müzakirə aparmamış və bu qiyməti qətnamədə göstərməmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində müəyyən olunan faiz borcunu mübahisələndirsə də, apellyasiya məhkəməsi bununla bağlı dəlillərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alın madığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd olunan hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxxxxx 2019-cu il tarixli rəylə X1 iddiaçı qarşısından xx xxxxxxxx 2013-cü il tarixli müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə; xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il t arixə; xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixə və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə, ilkin razılaşmaların müddətinin sonuna olan faiz borcları müəyyən olunmuşdur. Məhkəmə də həmin rəyi əsas götürərək, qətnamə qəbul etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış hər dörd razılaşma üzrə əlavə Sazişlər tərtib olunmuş və birinci razılaşma üzrə kredit tam qaytarılması müddəti xx xxxxxx 2019-cu ilədək, digər üç razılaşma üzrə isə - xx xxxxxx 2019-cu ilədək uzadılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ekspert qarşısında sualları qoyarkən bu halı nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə göstərilən məsələ ilə bağlı əlavə araşdırma aparılma mışdır. Kassasiya şikayətinin digər hissələri üzrə qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulunu azaltmışlar. Müəyyən edilmiş cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarlarına istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, zaminlərin öhdəliklərinə xitam verilməlidir. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, bankla borcal an arasında kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilməsi haqqında sazişlər bağlanılaraq, kreditin müddəti uzadılsa da, buna zaminlərin razılığı alınmadığından zaminliyə xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit razılaşmaları üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməmiş saxlanılması hissələrində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, işə ləğv olunmuş hissələrdə yenidən baxan apelyasiya instan siyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-6369/2020 nömrəli qətnaməsi qismən, yən i cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi və ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki ünvan 1 nömrəli binanın 54-cü mənzilinin ilkin satış qiymətinin müəyyən olunmamış saxlanılması hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni cərimə borcunun məbləğinin müəyyən olunması və borcun zaminlərdən tutulmasından imtina edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar