Məhkəmə qərarları › İş №2(102)-2361/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2361/2019

16.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkilləri X1, X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə və xxxx MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı Cavabdeh1 MMC-yə və xxxx MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Səbail rayon Məhkəməsinin 11 may 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri digər məhkəmə işi çərçivəsində ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin ekspert rəyi əsasında 960.000 manat məbləğində müəyyən edilmişdir. Həmin rəy mübahisələndirilməmiş və bu barədə məhkəmə işi üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Bu səbəbdən də, sözügedən torpaq sahəsinin hərraca çıxarıldığı tarixə qiymətinin 960.000 manat təşkil etməsi sübuta ehtiyacı olmayan hal hesab edilməlidir. Mübahisəli torpaq sahəsinin qiyməti Cavabdeh1 MMC tərəfindən həqiqi qiymətindən dəfələrlə aşağı qiymətləndirilmiş, hərrac da həmin qiymət əsasında keçirilmişdir. Hesab edir ki, Cavabdeh1 MMC tərəfindən qanunun tələbi pozulmuş, ipoteka predmeti (mübahisəli torpaq) həqiqi qiymətindən dəfələrlə aşağı qiymətləndirildiyi üçün ona zərər vurulmuşdur. Apellyasiya məhkəməsi isə bu halları diqqətə almamış, zərərin vurulmadığını öz qətnaməsində göstərmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 6 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi haqqında yeni qərarın qəbulunu xahiş edir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 960.000 manat maddi zərər, 100.000 manat mənəvi zərər, 96.000 manat faiz məbləğinin, 50.000 manat əldən çıxmış faydanın, 23.000 manat hüquqi xidmət xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi iddiaçı X1a məxsus olmuşdur. X1 həmin torpaq sahəsini “xxxx” QSC-dən aldığı kreditin icrasının təmini üsulu kimi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. X1 kredit öhdəliyini lazımınca icra etmədiyinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17.06.2011-ci il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin olunaraq İddiaçı bankın xeyrinə 303.000 manat əsas, 38.410,21 manat faiz, 3.209,57 manat cərimə, cəmi 344.619,78 manat pul tutulmuş və tələbin mübahisəli torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və 22 fevral 2012-ci il tarixində verilmiş icra vərəqəsi əsasında icray a yönəldilmişdir. İcra mərhələsində Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 22 may 2012-ci il tarixli hesabat əsasında torpaq sahəsinin ilkin satış qiyməti 450.000 manat müəyyən edilmişdir. Digər cavabdeh “xxxx” MMC-nin təşkil etdiyi hərracda ipoteka predmeti 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokol əsasında bank tərəfindən 286.875 manata əldə edilmişdir. Bank həmin torpaq sahəsini 18.02.2014-cü il tarixli alqısatqı müqaviləsi əsasında X2 adlı şəxsə 310.000 manat müqabilində satmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “xxxx” MMC və qeyrilərinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın, protokolun, çıxarışların etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi i lə iddia qismən təmin edilərək mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2012-ci il tarixli hesabat ləğv edilmiş, “xxxx” MMC tərəfindən 19.02.2013-cü ildə keçirilmiş hərrac və onun nəticələri haqqında 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokol etibarsız hesab edilmiş, həmin protokol əsasında “xxxx” QSC-nin adına verilmiş çıxarış ləğv olunmuş, bank və X2 arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 18 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X2nın adına verilmiş Çıxarış ləğv edilmiş, X1un mülkiyyət hüququ bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər bankın və X2nın a pellyasiya şikayətləri qismən təmin edilərək Nərimanov rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi qismən, yəni bankın adına verilmiş Çıxarışın, bank və X2 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında X2nın adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində iddiaçı X1un mülkiyyət hüququnun bərpası hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə sözügedən tələblər rədd edilmiş, qətnamə qalan (yəni mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2012-ci il tarixli hesabatın ləğv edilməsi, “xxxx” MMC tərəfindən 19.02.2013-cü ildə keçirilmiş hərrac və onun nəticələri haqqında 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokolun etibarsız hesab ed ilməsi) hissədə dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin MK-nın 7 oktyabr 2016-cı il tarixli qərarı ilə X1un kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2012-ci il tarixli hesabatın Cavabdeh1 MMC tərəfindən tərtibi zamanı qüvvədə olan qanunvericiliyin tələbləri pozulmuş, qiymətləndirici əmlakın bazar dəyərini qeyri-obyektiv təyin etmişdir. Həmin məhkəmə işi üzrə keçirilmiş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 28.04.2015-ci il tarixli rəyində 2014-cü ilin dekabr ayına torpaq sahəsinin bazar qiymətinin 960.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qanuni qüvvəy ə minmiş məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı da qanun pozuntularına yol verilmişdir. Belə ki, əmlak birinci hərraca 450.000 manat, ikinci hərraca isə 15 % aşağı – 382.500 manat ilkin satış qiyməti ilə çıxarılmışdır. Bütün bunlar isə bir daha mübahisəli torpaq sahəsinə dair üçüncü hərracın keçirildiyini, bankın torpağı məhz üçüncü hərracdan aldığını təsdiq edir. Eyni zamanda, torpaq sahəsi bank tərəfindən təkrar hərracın baş tutmamasından sonra 30 təqvim günü ərzində əldə edilməmişdir; deməli, 19.02.2013-cü il tarixli hərracın nəticələrinə dair protokola əsasən bankın torpaq sahəsini əldə etməsi qanunsuz olmuşdur. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X1 ona maddi zərərin (real və əldən çıxmış fayda şəklində) v urulmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, mübahisəli torpaq sahəsi nəinki 960.000 manata, heç 450.000 manata belə satıla bilməmiş, ən sonda bank tərəfindən 286.875 manata əldə edilmişdir. Bu isə onu deməyə imkan verir ki, həmin əmlakın bazar dəyəri 960.000 manat deyil, 300.000 manat civarında olmuşdur. Bu səbəbdən də, iddiaçıya real olaraq zərər dəyməsi müəyyən edilmir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona zərər dəymişdir. Başqa sözlə, iddiaçı və cavabdehlər arasında sonuncuların mülki hüquq pozuntusu törətməsindən irəli gələn öhdəlik münasibətləri vardır. İddiaçı zər ərin əvəzinin tutulmasını hər iki cavabdehdən müştərək tutulmasını tələb edir. Cavabdehlərin ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı icra icraatı çərçivəsindəki hərəkətləri və iddia edilən pozuntuya yol vermədəki davranışları fərqli olsa da, apellyasiya məhkəməsi yalnız bir əsasa (yəni zərərin mövcud olmamasına) istinad etməklə hər iki cavabdehə qarşı iddianı rədd etmişdir. Apellyasiya məhkəməsinin yanaşmasından (açıq şəkildə ifadə etməmiş olsa da) belə aydın olur ki, məhkəmə deliktdən irəli gələn məsuliyyətin yaranması üçün tələb edilən digər 3 şərtdən ikisinin (hüquqa zidd əməl, təqsirin) mövcudluğunu qəbul etmiş, sonuncu şərtin (səbəbli əlaqənin) varlığını isə zərərin mövcud olmadığını ifadə etdiyi üçün qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini n zərərin vurulmadığına dair ifadə etdiyi mövqe qanuni və əsaslı deyildir. Belə ki, apellyasiya məhkəməsi zərər anlayışını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddədən aydın oldur ki, zərər şəxsin (zərər çəkənin) əmlak vəziyyətində onun iradəsi əleyhinə meydana gələn əksilməni (azalmanı) ifadə edir. Bu əksilmə (azalma) zərər çəkənin zərər verici hadisə (hərəkət) sonra əmlak vəziyyətində meydana gələn hal ilə bu h adisə (hərəkət) meydana gəlməsəydi mövcud olacaq hal arasındakı fərdən ibarətdir. Real zərər halında, əmlak vəziyyətindəki azalma zərər çəkənin aktivinin azalması (məsələn, əmlakın zədələnməsi) ya da passivinin artması şəklində ortaya çıxa bilər. Əldən çıxmış fayda şəklindəki zərər isə, zərər çəkənin əmlak vəziyyətinin aktivində artma və ya passivində azalma imkanının itirilmiş olmasını ifadə edir. Məhkəmə qətnaməsi əsasında X1dan bankın xeyrinə ümumilikdə 344.619,78 manat pul tutulması qət edilmişdir. Torpaq sahəsi Cavabdeh1 MMC tərəfindən 450.000 manata qiymətləndirilmiş, nəticədə ilkin və təkrar hərraclar baş tutmadığından ipoteka predmeti banka təklif edilmiş və bank cəmi 286.875 manata əldə etmişdir. Deməli, torpaq sahəsinə tutma yönəldilməsi nəticəsində iddiaçı X3un passivindəki (y əni bank qarşısındakı kredit borcundakı) azalma cəmi 286.875 manat təşkil etmişdir. Bu o deməkdir ki, Cavabdeh1 MMC-nin qanunsuz qiymətləndirmə hesabatı nəticəsində iddiaçı X1un passivindəki azalma miqdarı süni şəkildə məhdudlaşdırılmışdır. Ona görə ki, torpaq sahəsi 450.000 manat deyil, həqiqi bazar dəyəri ilə - 960.000 manatla, ilkin hərraca çıxarılsaydı, ilkin və təkrar hərrac baş tutmayacağı halda belə, banka təklif edilərkən əmlakın satış qiyməti 612.000 (960.000 – 144.000 (15%)= 816.000 – 204.000 (25%) manat) təşkil edəcəkdi. Bu halda, iki hal ortaya çıxa bilərdi. Birinci halda, bank həmin əmlakı ipoteka saxlayan qismində qəbul etməli, kredit borcundan artıq qalan məbləği, yəni 267.380,22 (612.000-344.619,78) manatı İddiaçı qaytarmalı idi. Çünki “İpoteka haqqında” qanunun 47.4-cü mad dəsinə görə, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İkinci halda, bank ipoteka predmetini əldə etməkdən imtina edə bilərdi. Bu halda isə, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməli idi. Həmin maddəyə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpotekaya xitam verilməsi halında mübahisəli torpaq sahəsi iddiaçı X1un mülkiyyətində qalmağa davam edəcəkdi. Göründüyü kimi, hər iki halda da, X1a zərər dəyməsi faktı mövcuddur. Lakin torpaq sahəsi artıq özgəninkiləşdirildiyindən ikinci hala hüquqi qiymət verilməsi zərurət i yoxdur. Birinci halda isə, zərər məbləği ən azı, 267.380,22 manat məbləğində müəyyənləşdirilə bilər. Çünki Cavabdeh1 MMC-nin hüquqa zidd hərəkəti nəticəsində ipoteka predmeti həqiqi bazar dəyərindən bir neçə dəfə ucuz qiymətə satılmışdır. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin torpaq sahəsinin həqiqi bazar dəyərinin təxminən 300.000 manat civarında olmasına dair qiymətləndirməsini də əsaslı saymır. Belə ki, apellyasiya məhkəməsi bu mövqeyini bankın torpaq sahəsini 286.875 manata əldə etdikdən sonra cəmi 23.125 manat fərqlə 310.000 manata X2ya satması ilə əsaslandırmağa çalışmışdır. Halbuki əvvəla, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə torpaq sahəsinin bazar dəyərinin 960.000 manat təşkil etməsi müəyyən edilmişdir. Mülki prosessual məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki i ş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “..məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. İkincisi, bank və X2 arasında müqavilə sərbəst şəkildə bağlanmışdı və tərəflər torpağın qiymətini sərbəst müəyyənləşdirə bilərdilər. Bu mənada, 286.875 manata əldə etdiyi ipoteka predmetini 23.125 manat fərqlə X2ya satmaq bank üçün kifayət qədər sərfəli sövdələşmə olmuşdur. Lakin bu hal özü-özlüyündə əmlakın qiymətinin həqiqətən də 300.000 manat civarında olmasını demək üçün kifayət deyildir. Bundan əlavə, apellyasiya məhkəməsi “xxxx” MMC-nin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı dəlilə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi qüvvəyə minmiş məhkəmə akltarı ilə “xxxx” MMC-nin hərracın keçirilməsində qanunvericiliyin tələblərini pozduğu təsdiqlənmişdir; belə ki, “xxxx” MMC “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinin ziddinə, yəni təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü keçdikdən sonra ipotek a predmetinin bank tərəfindən əldə edilməsinə şərait yaratmışdır. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılarkən bu hala da hüquqi qiymət verilməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar