Məhkəmə qərarları › İş №2(102)-2371/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2371/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2371/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmədə baxılmağa hazırlanması üzrə hərəkətlər, birgə cavabdehin daxil olması barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-1648/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən tərəflər sonuncuya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 8267.88 manat məbləğində kredit verilməsi barədə razılığa gəliblər. Həmin müqavilə Azərbaycan Respublikası Prezilentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanın icrası ilə əlaqədar restrukturizasiya qaydasında bağlanıb.

2. Həmin tarixdə yuxarıda qeyd olunan kr edit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsini təmin etmək məqsədi ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

3. Borcalan tərəfindən öhdəlik yerinə yetirilməmiş, borcun ödənilməsi barədə cavabdehlərə şifahi və yazılı müraciətlər olunmuş, lakin borcun ödənilməsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8267.88 manat əsas, 244.75 faiz borcu olmaqla, cəmi 8512.63 manat borcun və ödənilmiş 105.12 m anat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırıb ki, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********941 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışın dan göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

6. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək (elekton kabinetdə yerləşdirməklə) Cavabdeh1 xx.xx.2022-ci il tarixə yaranmış 8512,63 manat borcu və iş üzrə ödənilmiş 105,12 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 dekabr 2022 -ci il tarixli, e-2(008)-7200/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilərək, Cavabdeh1 8267,88 manat əsas borc, 244,75 faiz borcu olmaqla, cəmi 8512,63 manat borcun və 105,12 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. İddia tələbində zaminə qarşı borcun ödə nilməsinə dair xahiş olmadığından, borcun ödənilməsi ilə bağlı zaminə münasibət bildirilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin zaminə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsi daxil bütün sübutlar iddia ərizəsi ilə birlikdə daha əvvəldən məhkəməyə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmişdir. Yəni, iddia ərizəsinə dair verilmiş dəqiqləşdirmə ərizəsində hansısa əlavə sübut əlavə edilməmiş, sadəcə olaraq yaranmış texniki yalnışlığın aradan qaldırılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iş materiallarında olan zaminlik müqaviləsinə və zaminin (cavabdeh) də borclu ilə birgə məsuliyyət daşıması faktına ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1648/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki prosessual qanunvericilik digər cavabdehin işə cəlb olunması, yaxud iddia tələbinin həcminin artırılması imkanını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istisna hallarda isə məhkəmə baxışı zamanı mümkün hesab etmişdir. Həmin istisna hallar ondan ibarətdir ki, başqa cavabdehin işə cəlb edilməsi, yaxud iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

14. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşki latı baxımından belə istisna halların mövcudluğunu qəbul etmək, prosessual hüquq normasının həddindən artıq geniş təfsiri demək olardı. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.1, 385, 386.1, 425, 442, 448.1, 472, 500.1, 739.1-ci maddələri və MPM-in 9.1, 14.2, 51.1, 51.3, 53, 385ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zaminə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbi üzrə kredit borcunun hər iki cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. Əlavə olaraq aşağıdakı dəlillər irəli sürülmüşdür:

1. İddiaçının elektron məhkəmə sisteminə müvafiq ərizəni birinci hazırlıq iclasından dərhal sonra, məhkəmə baxış iclası keçirilməsindən daha əvvəl yükləmişd ir. Digər tərəfdən bu faktın özü də məhkəmə tərəfindən cavabdehlərin yeni ərizə ilə tanış olaraq münasibət bildirməsi imkanı üçün növbəti məhkəmə iclasının təxirə salmasına əsasdır.

2. Məhkəmə prosesində bankın nümayəndəsi iştirak etmiş iddia tələbi üzrə müvafiq dəqiqləşdirmənin nəzərə alınaraq tam təmin edilməsi məhkəmədən xahiş edilmiş, əks təqdirdə ərizənin baxılmamış saxlanılaraq təkrar müraciətlərinə şərait yaradılması xahiş edilsə də məhkəmə tərəfindən qeyd olunan xüsusatlar də nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

25. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mü mkün olmadığını əsaslandırsın.

26. Maddə

53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 167.1.4. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, iş üzrə mübahisəli hal, iddia ərizəsində Cavabdeh1 tutulması tələb olunan borcun həm də Cavabdeh2 tutulması barədə iddiaçının xx.xx.2022-ci il tarixdə verdiyi ərizənin qəbul edilməməsi ilə bağlıdır.

39. İş materiallarında görünür ki, həqiqətən də iddiaçı xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 və Cavabdeh2 göstərməsinə baxmayaraq, borcun yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

40. İş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir.

41. İddiaçının nümayəndəsi bundan sonra - xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müra ciət edərək bildirmişdir ki, məhkəməyə təqdim edilən iddia ərizəsində texniki yalnışlığa yol verilərək ərizənin təsviri və tələb hissəsində zamin barədə məlumat verilməmiş və borcun zamindən də müştərək qaydada tutulması tələb olunmamışdır. Bu səbəblə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Buna görə də, Cavabdeh1 xx.xx.2022- ci il tarixə yaranmış 8512,63 manat borcu və iş üzrə ödənilmiş 105,12 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

42. Lakin birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ərizənin mümkünlüyünü iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edərək, həmin ərizəni mümkün hesab etməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizə məhkəmə hazırlıq iclasında verilməli olduğu halda, məhkəmə baxışı iclasında verilmişdir.

43. İddiaçının apelyasiya şikayətinin dəlilləri də məhz xx.xx.2022-ci il tarixdə verilmiş ərizənin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticənin qanunsuz olmasından ibarət idi və apelyasiya instansiyası məhkəməsi bu dəlilləri araşdıraraq əsassız hesab etmişdir (bu qərarın 13-14-cü paraqrafları).

44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır.

45. Çünki MPM-nin tələbinə görə işə mahiyyəti üzrə baxılması üçün zəruri olan bütün prosessual hərəkətlər, işlərin məhkə mədə baxılması mərhələsində həyata keçirilməlidir. Birgə cavabdehlərin işə daxil olması məsələsi də MPM-nin 167.1.4-cü maddəsində işlərin məhkəmədə hazırlanması mərhələsində həll edilməli olan prosessual hərəkətlərə aid edilmişdir.

46. İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş ərizəni MPM-nin 53-cü maddəsinə istinadla əsaslandırmasına baxmayaraq, həmin ərizə prosessual məzmunu baxımından MPM-nin 53-cü maddəsində nəzərdə tutulan iddianın dəyişdirilməsi barədə deyil, əslində birgə cavabdehin işə cəlb olunması barədə vəsatətdir. Lakin bu hal, həmin ərizənin mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticəyə təsir etmir. Çünki MPM-nin 53-cü maddəsində iddianın dəyişdirilməsi barədə ərizənin də işin məhkəmədə hazırlanması mərhələsində verilməsi tələb olunur.

47. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericilik, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı, habelə bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyi hallarda müvafiq prosessual hərəkətlərin məhkəmə baxışı mərhələsində də mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bu halda tərəf həmin əsasların mövcud olduğunu əsaslandırmalıdır. Əks halda tərəfin bundan sui-istifadə etməklə prosesin əsassız uzadılmasına zəmin yaratmasına səbəb ola bilər. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi bu xüsusatı da araşdırmış və birgə cavabdehin işə cəlb olunması barədə ərizənin sonradan verilməsi üçün əsas olan halları müəyyən etməmişdir.

48. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi məhkəmələrdə işə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

49. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normalar ı ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

50. Kassatorun birinci instansiya məhkəməsində borcun zamindən də tutulması barədə ərizəsi qəbul edilmədiyi təqdirdə ərizənin baxılmamış saxlanılaraq təkrar müraciətlərinə şərait yaradılmasını xahiş etdiyi və xahişin nəzərə alınmadığı barədə dəlili əsassızdır. Çünki iş materiallarından iddiaçının nümayəndəsinin bu cür şifahi və ya yazılı vəsatət verməsi müəyyən olunmur.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1648/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar