Məhkəmə qərarları › İş №2(102)-2385/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2385/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2385/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmş 04.07.2016-cı il tarixli, 017/16 saylı kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə çoxmənzilli yaşayış binalarının tikintisi üçün 12 ay müddətinə illik faiz dərəcəsi 10 % ödənilmək şərti ilə, 5.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin Kredit xətti müqaviləsinə əsasən, kreditin təminatını 017/16/1 saylı ipoteka müqaviləsi təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə kredit müqaviləsi üzrə 5.000.000 manat əsas kredit borcu, 1.333.333.40 manat faiz borcu, 425.694.44 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (5%), cəmi 6.759.027.84 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 2(008)-3654/2019 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit xətti müqaviləsinin şərtlərini pozmuş, öhdəliklərini lazımınca icra etməmişdir. Ona görə də, iddia tələbi əsaslıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 9/2084 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 500.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-627/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilmiş, cavabdehdən Bankın xeyrinə 500.000 manat faiz borcunun tutulması, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) h issədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatlarının dəyəri 200 manatın cavabdehdən dövlət büdcəsinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya borcu yaranmışdır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin Banka 04.07.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) borcunun əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 500.000 manat təşkil etdiyi müəyyən olunduğundan, cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 500.000 manat tutulmalıdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən tutulan faiz borcunun məbləğinin 1.333.333.40 manat müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarını, hesabdan çıxarışları nəzərə almamış, yalnız məhkəmə üçün məcburi olmayan ekspert rəyinə əsaslanmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassator şikayətinin əsası kimi MPM-nin 14.1, 14.2, 77.3, 88, 101.2, 101.3, 103-cü maddələrinin tələblərinə istinad etm işdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktını yalnız iddiaçı və faiz borcu tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hi ssədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar