Məhkəmə qərarları › İş №2(102)-2397/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2397/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2397/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, vəkili Vəkil, Cavabdeh və vəkili Kərimov Yusif Əli oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobilin Mərkəzi Bankın adına rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(103)-12931/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobilin Mərkəzi Bankın adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, VAZ 2106 markalı, qara rəngli, buraxılış ili 1994, mühərrik nömrəsi 3859089, şassi nömrəsi R3289659 olan, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin avtomobilin Mərkəzi Bankın adına rəsmiləşdirilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Bakı şə həri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-4963/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova, Elnur Həsənov, Şeyda Məhərrəmova) 05 noyabr 2019-cu il tarixli 2(103)-13931/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişd irlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən mübahisəli hüquq münasibətinin qüvvədə olduğu Azərbaycan Sovet Sosialist Respublikasının Mülki Məcəlləsinin 126-cı maddəsinə istinad edərək bildirmişdir ki, müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. Məhkəmə Azərbaycan SSR-nin Mülki Məcəlləsinin qeyd olunan maddəsinə istinad etməklə işə səthi yanaşmış, Mərkəzi Bankın təqdim etdiyi sübutlara obyektiv baxmayaraq işin faktiki hallarına uyğun lazımi hüquqi qiymət verməmişdir. İstehsalat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (o dövrdə Milli Bank) tərəfindən alınmış 11 ədəd VAZ2106 markalı avtomobil 1994-cü ildə, yəni 25 il bundan əvvəl, müvafiq sərəncamlarla Bankın balansından ərazi idarələrinin (həmin dövrdə hesablaşma-kassa mərkəzləri) balansına verilmişdir. Həmin avtomobillərdən biri 23.08.1994-cü il tarixli, 30 nömrəli sərəmcamla X5 Hesablaşma-Kassa Mərkəzinin balansına verilmiş və rəhbərinə tapşırılmışdır ki, avtomobilin müvafiq olaraq rayon X9 qeydiyyatdan keçirib dövlət nömrə nişanı alsın. Mübahisəli avtomobil yuxarıda göstərilən sərəncamda verilən tapşırığa baxmayaraq, ərazi idarəsinin keçmiş rəhbərinin səhlənkarlığı nəticəsində Şamaxı rayon X9 Mərkəzi Bankın adına qeydiyyatdan keçmədiyindən və formal olaraq əvvəlki sahibi Cavabdeh adında qaldığından əmlakın ləğv edilməsi prosesinin başa çatdırılması mümkün olmamışdır. Avtomobil nə X5 Ərazi idarəsinin istifadəsində olarkən, nə də Mərkəzi Bankın balansına götürüldükdən sonra hazırki vaxta qədər Cavabdeh və ya onu təmsil edən digər şəxs, yaxud aidiyyəti orqanlar tərəfindən avtomobillə əlaqədar Mərkəzi Banka hər hansı müraciət olmamışdır. Beləliklə, əvvəlcə X5 Ərazi idarəsi, sonradan isə Mərkəzi Bank 25 il müddətində avtomobilə mübahisəsiz sahiblik etmiş və cavabdeh isə yalnız avtomobilin Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi əsasında Mərkəzi Bankın balansından silinməsi üçün Mərkəzi Bank tərəfindən avtomobilin mülkiyyətçi kimi öz adına rəsmiləşdirilməsində müəyyən problemlər olduğunu bildikdən sonra, yaranmış vəziyyətdən öz xeyrinə sui -istifadə etməyə çalışır. Avtomobilin əvvəlki sahibi Cavabdeh yaranmış vəziyyətdən istifadə edə biləcəyini güman edərək avtomobilin texniki pasportunun formal olaraq onun adında qalmasını əsas götürərək avtomobilin ona qaytarılması tələbi ilə çıxış etmişdir. Nəticədə onun bu hərəkətləri avtomobilin qeydiyyat şəhadətnaməsinin Mərkəzi Bankın adına rəsmiləşdirilməsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi əsasında Mərkəzi Bankın balansından silinməsinə mane olur. Cavabdeh avtomobilin dəyərini 1994-cü ildə almasaydı, yəni avtomobilindən onun iradəsinə zidd şəkildə məhrum olsaydı indiyə qədər dəfələrlə aidiyyəti orqanlara avtomobilinin qaytarılması üçün müraciət edərdi. Lakin, məhkəmə nəzərə almamışdır ki, belə bir müraciət nəinki Mərkəzi Banka, ümumiyyətlə heç bir dövlət orqanına edilməm işdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Kərimov Yusif Əli oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən “VAZ 2106” markalı, 1994-cü il buraxılışlı, **-BU-*** dövlət nişanlı, qara rəngli, mühərrik nömrəsi 38589089, kuzov nömrəsi ******* olan avtomobil mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur, həmin avtomobilin ilkin dəyəri 12000 manatdır, hazırkı dəyəri yoxdur və istismar müddəti bitmişdir, avtomobil 1994-cü ildən bəri Mərkəzi Bankın istifadəsindədir. Bununla belə, mübahisəli avtomobilə d air Azərbaycan Respublikası Mərkəzi Bankının mülkiyyət hüququnun tanınmasına əsas verən, o cümlədən mülkiyyətçi tərəfindən avtomobilə sahibliyin iddiaçıya verilməsinin həqiqi hüquq əsasını müəyyən edən və ya avtomobilin mülkiyyətçidən əvəzli almasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 126-cı, 152 və 228-ci maddələrinə, həmçinin hazırda qüvvədə olan Mülki Məcəllənin müvafiq normalarına istinad edərək hesab etmişdir ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində olduğundan və həmin avtomobilin iddiaçıya əvəzsiz verilməsi müəyyən olunmadığından birinci instansiya məhkəməsi iddia tələbinin rədd edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 126-cı maddəsinə əsasən, müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövl ət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudi yyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Həmin Məcəllənin 390.3-cu maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində olduğundan və həmin avtomobilin iddiaçıya əvəzsiz verilməsi müəyyən olunmadığından birinci instansiya məhkəməsi iddia tələbinin rədd edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki halları nı tam və hərtərəfli tədqiq etmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etmiş, nəticədə düzgün qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyini və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən verilmiş qiymətlə razılaşaraq hesab edir ki, həmin dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin olunmamalıdır. Azərb aycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(103)-12931/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar