Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2416/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı ilkin Cavabdeh1 qarşılıqlı iddia tələbinə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi, ipotekanın yüklülükdən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” X3 (bundan sonra – iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) arasında bağlanmış 20 iyun 2008ci il tarixli, ********** №-li kredit müqaviləsinə əsasən, Bank sonuncuya 60 ay müddətinə illik 7 faiz hesablanmaqla 700.000 manat məbləğində kredit vermişdir. 20 iyun 2008-ci il tarixli, ********** №-li ipoteka müqaviləsinə əsasən, bağlanmış kredit müqavil əsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra – cavabdeh) məxsus Bakı şəhəri, C.Xəndan küçəsi, 3066, xxxxxxxxxxxxx (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. 11 noyabr 2011-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə öhdəliklərin verilmə müqaviləsinə əsasən, cavabdeh “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 20 iyun 2008ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyi və ödənilməli məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 11 noyabr 2011-ci il tarixli, ********** №-li zaminlik müqaviləsinə əsasən, “xxxx” MMC iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə öhdəliklərin verilmə müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına gö rə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3698/2009 nömrəli iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən, “xxxx” MMC-dən 04 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 299.610,30 manat, 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 105.359,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 805.359,90 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 21 dekabr 2018-ci il tarixli qərarına əsasən, icra sənədində göstərilən tələb tam təmin olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830.450,68 manat məbləğində əsas, 240.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.192.783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138.740 manat müəyyən olunmaqla sonuncunun mülkiyyətində olan ipoteka predmetinin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh mənzili ən geci bir ay müddətində tərk etmədikdə onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və Banka borcu yaranmışdır. Maliyyə arayışına əsasən, cavabdehin 18 yanvar 2019-cu il tarixə Banka 830.450,68 manat məbləğində əsas, 240.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 1.192.783,27 manat məbləğində borcu vardır. Cavabdeh qarşılıqlı iddia verərək, 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad olunması, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 19 fevral 2015-ci il tarixdə cavabdehin təşəbbüsü və təkidi ilə müə yyən şərtlərlə hazırkı iddianın predmeti olan kredit də daxil olmaqla “xxxx” MMC-nin, onun və XXXnun kredit borcları üzrə qalıqların ləğv edilməsi barədə Bank ilə onların arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən “xxxx” MMC kredit müqavilələri üzrə pul vəsaitlərini hissə – hissə 19 fevral 2018-ci il tarixədək Banka ödəməli, o, “xxxx” MMC-də ona məxsus olan 100 % təsis payını müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində X2 adına rəsmiləşdirməli, pay sonuncunun adına rəsmiləşdirildikdən sonra “xxxx” MMC-yə yeni direktor təyin olunmalı, MMC-nin mənfəətindən 10% məbləğində pul vəsaiti ona ödənilməli, həmin müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borclar 3 il ərzində hissə – hissə “xxxx” MMC tərəfindən ödənilməli, borclar müqavilə tarixind ən etibarən 3 il müddətində silinməli, müəssisənin təsisçiliyi ona geri qaytarılmalı idi. Müqavilə üzrə onun üzərinə düşən tələb və öhdəliklərə tam əməl olunmuşdur. Belə ki, o, müqavilənin 1.3-cü bəndinə əsasən “xxxx” MMC-nin 100% təsis payını X2 adına rəsmiləşdirmiş, MMC-yə yeni direktor təyin olunmuş, rəhbərlik yeni təsisçi və direktor tərəfindən həyata keçirilmişdir. Lakin müqavilənin digər tərəfləri üzərlərinə götürdüyü öhdəliklərə əməl etməmişlər. Belə ki, nə Bank müqavilənin 1.6-cı bəndinə əsasən onu kredit borclarının ödənilməsindən azad etməmiş, nə də XXX müqavilənin 1.8-ci bəndinə əsasən mənfəətdən ona 10% ödəməmişdir. Bundan başqa, kredit müqavilələri üzrə yaranmış borcların hissə – hissə ödənilməsi öhdəliyini “xxxx” MMC üzərinə götürmüşdür, yəni, kredit borcu onun deyil, “xxxx” MMC tərəfindən ödənilməli idi. Hətta, “xxxx” MMC kredit borcunu ödəməsə belə, həmin borcun ona aidiyyətı yoxdur. Belə ki, müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, kredit borcları və digər öhdəliklər müqavilə imzalandığı gündən 3 il müddətində ödənilmədikdə, o və XXX müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ipoteka predmeti ipoteka yüklülüyündən azad edilir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3527/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qərardadı ilə (hakim F.Qasımov) qarşılıqlı iddia ərizəsi “ipoteka müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Birinci instans iya məhkəməsinin eyni tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC, cavabdeh və X5 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləyə əsasən, müxtəlif tarixlərdə “xxxx” MMC, Cavabdeh1 və XXX ilə bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 5.107.421,51 manat, əlavə olaraq 2.123.135 manat və 331.500 ABŞ dolları olmaqla ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini “xxxx” MMC hissə-hissə 19 fevral 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin borclar 3 il müddətində ödənilmədikdə cavabdeh və XXX kredit borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuşdur, həmçinin 19 fevral 2015-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 3 illik müddət başa çatmışdır. Ona görə də, iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 294.1, 294.1.1, 294.2, 299.1, 390.1, 399.2, 427.3, 527.1, 528, 739-cu, maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (b undan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11420/2019 nömrəli iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmışdır, məhkəmənin gəldiyi nəticə işin hallarına tam uyğundur. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ( bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1188/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və V.İbayev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmayaraq onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən, «xxxx» MMC 19.02.2015-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə ye tirməmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmin müqaviləyə istinad etsə də, müqavilə üzrə götürülmüş öhdəliklərin icrasına əməl olunub-olunmamasını müqavilə tərəflərinin hamısının iştirakını təmin etməklə müzakirə etməmiş, müqavilənin iş materiallarında əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin olmamasına diqqət yetirməmişdir. Bundan başqa, müqavilənin hazırkı vaxta kimi qüvvədə olub-olmamasını, eləcə də, müqavilənin 1.15-ci bəndinin icra edilib-edilməməsini aydınlaşdırmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 89.1, 89.3-cü, Mülki Məcəllənin 6.2, 14.2.1, 385, 386.1, 425ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiy a instansiyası məhkəməsinin 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsindən çıxış edərək məhkəmə iclasında 19.02.2015-ci il tarixli müqavilənin əslinə baxış keçirmiş, müqavilənin surətinin əsli ilə düz olduğu sədrlik edən hakim tərəfindən təsdiqlənmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilədə Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti müəyyən olunmuş və həmin müddət 19 fevral 2018-ci il tarixdə başa çat mışdır. Müqavilənin 1.16-cı bəndi isə onu nəzərdə tutur ki, borc 3 il müddətində ödənilmədikdə cavabdeh kredit borclarının ödənilməsindən azad olunur, həmin kredit borcları üzrə kreditor ona qarşı tələb irəli sürə bilməz, həmçinin, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad olunur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi borc məbləğlərinin mənbəyini, həmin borcların yaranma əsaslarını sübut edə bilməmişdir. Beləliklə, həm ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna, həm də müqavilənin müddəti başa çatdığında cavabdehin kredit borclarının ödənilməsindən azad olunması, mənzilin ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddianı rədd etmiş, qarşılıqlı iddianı kredit borcu öhdəliyinin ləğv edilməsi hissəsində təmin etmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qərar qəbul olunmasını, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə obyektiv, hərtərəfli araşdırma aparmamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Kassator göstərmişdir k i, “xxxx” MMC 19 fevral 2015-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Müqavilənin 1.2-ci bəndində isə qeyd olunmuşdur ki, ödəniş tam başa çatdığı təqdirdə, Bank borcalanlara qarşı əlavə tələb irəli sürməməsini öhdəsinə götürür. Cavabdeh öhdəliyin icrası ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, müqavilənin şərtləri icra olunmamış hesab edilməlidir. Kassasiya şikayətinin əsası kimi, MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 220.4-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyinə görə, MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyiş dirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1). Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallar da öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (maddə 431.1). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir (48.1.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2416/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2416/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver