Məhkəmə qərarları › İş №2(102)-2431/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2431/2019

04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2431/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-167/2018, hakim N.T.Tağıyeva) İddiaçı Cavabdeh ASC-yə qarşı depozitin qaytarılması və ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9124/2018, hakimlər R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 30 mart 2017-ci il tarixdə İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bank il ə arasında bağlanılmış 19 mart 2007-ci il tarixli depozit müqaviləsinə əsasən depozitə qoyduğu 150.000 avro və üzərinə faiz hesablanmış 198.000 avro pul əmanətinin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin müqavilələr bağlanandan sonra imzaların ona məxsus olması haqqında notariat qaydasında təsdiq edilmiş ərizənin etibarsız (əhəmiyyətsiz) sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən depozit məbləğinin girov qo yulması barədə onun razılığının olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsi nin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ilə «Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı arasında 19 mart 2007-ci il tarixdə bağlanmış müddəti əmanət hesabı haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən 150.000 avro məbləğində pul banka depozitə qoyulmuşdur. İddiaçı hazırda həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh əmanətin qaytarılması barədə iddiaçının tələbini rədd edərkən, sonuncu tərəfindən 26 fevral 2008-ci il tarixli 18 saylı kredit sazişinə əsasən bankdan 12 ay müddətinə 138.000 ABŞ dolları məbləğində kredit götürməsinə, əmanətin isə həmin kreditin qaytarılmasının təmini kimi girov qoymasına əsaslanmışdır. İşdə olan Cavabdeh Sənaye filialı və X2 arasında bağlanan 18 saylı, 26 fevral 2008-ci il tarixli kredit müqaviləsind ən görünür ki, bank tərəfindən X1 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 138.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu Sənaye filialında X2 tərəfindən 60 ay müddətinə yerləşdirilmiş 150.000 avro məbləğində depozit girov qoyulacaqdır. İşdə olan Cavabdeh ASC-nin 26.02.2008-ci il tarixli məxaric orderindən görünür ki, 138.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən imza edilərək bankdan götürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Sənaye filialına ünvanlanan notarial qaydada təsdiq olunmuş 16.08.2011-ci il tarixli ərizədən görünür ki, o, Sənaye filialı ilə 13 aprel 2007-ci il tarixdə bağlanmış 44 saylı və 26 fevral 2008-ci il tarixli 18 saylı kredit müqa vilələrini şəxsən özü imzalamışdır və bu kreditlərin girov təminatı kimi 19 mart 2007ci il tarixdə bağlanmış depozit müqaviləsi çıxış edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsindən və depozit müqaviləsinə əlavədən məlumatının olmamasını göstərsə də, işdə olan notariat qaydada təsdiq olunmuş 16 avqust 2011-ci il tarixli ərizədən görünür ki, iddiaçı qeyd edilən əqdlərdən məlumatlı olmuş, eyni zamanda onları şəxsən imzalamasını, 19 mart 2007-ci il tarixli depozit müqaviləsinin isə kredit müqaviləsinin təminatı kimi çıxış etdiyini təsdiq etmişdir. İddiaçı həmin ərizəni aldadılaraq ondan alınmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar