Məhkəmə qərarları › İş №2(102)-249/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-249/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-249/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-249/2024 (Açar sözlər: istehsalat qəzası nəticəsində dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1 2/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh “X16” MMC (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 02 yanvar 1987-ci il tarixdə Qusar rayon X11 çilingər işinə qəbul olunmuşdur.

2. İddiaçı Kombinatda çilingər işlədiyi vaxt, 26 may 1990-cı il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almış, 21 fevral 1991-ci il tarixdə ona peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizini itirdiyinə görə 3-cü qrup əlillik verilmişdir. 3. 21 iyun 1993-cü il tarixdə İddiaçı işlədiyi Qusar rayon X6 öz xahişinə əsasən işdən azad olunmuşdur. Əlilliyə görə İddiaçı dövlət tərəfindən müavinət təyin olunmuşdur. Həmin müavinət i o, 01 yanvar 2006-cı il tarixə kimi almış və daha sonra müavinətin verilməsi dayandırılmışdır.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-667/2013 nömrəli, 12 dekabr 2013-cü il tarixli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qusar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı iddiaçıya təyin edilmiş müavinətin 01 yanvar 2006-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)67/2014 nömrəli, 11 mart 2014-cü il tarixli qərarı ilə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qusar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı iddiaçıya təyin edilmiş müavinətin 01 yan var 2006-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası ilə bağlı iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 2006-cı il üzrə 715,20 manat, 2007-ci il üzrə 1.035,60 manat, 2008-ci il üzrə 1.317,12 manat, 2009-cu il üzrə 1.430,40 manat, 2010-cu il üzrə 1.591,20 manat, 2011-ci il üzrə 1.748,16 manat, 2012-ci il üzrə 1.912,32 manat, 2013-cü il üzrə 2.040,48 manat, 2014-cü il üzrə 2.133,30 manat, 2015-c i il üzrə 2.241,12 manat, 2016-cı il üzrə 2.399,04 manat, 2017-ci il üzrə 2.536,80 manat, 2018-ci il üzrə 2.597,28 manat və 2019-cu ilin üç ayı üzrə 770,40 manat olmaqla, cəmi 24.468,42 manat məbləğində ödənilməmiş müavinətin və 01 aprel 2019-cu il tarixdən etibarən hər ay müavinətin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd olunmuş hallarına istinad edərək ərizəsini onunla əsaslandırılmışdır ki, o, xəsarət nəticəsində peşə əmək qabiliyyətinin 60 faizini itirmişdir. Əlilliyə görə dövlət tərəfindən ona müavinət təyin olunmuşdur. Həmin müavinəti o, 01 yanvar 2006-cı il tarixə kimi almış, daha sonra müavinətin verilməsi dayandırılmışdır. Müavinətin dayandırılmasına səbəb Qusar rayon X9 “Azərittifaqının” 31 yanvar 2006-ci il tarixli qərarı ilə və 01 fevral 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən özəlləşdirilməsi olmuşdur. Bununla bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən sahibkar X5 27 iyun 2006-cı il tarixli 000741 qeydiyyat nömrəli “mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Xəsarət aldığı müəssisə təşkilatı-hüquqi formasını dəyişməklə “X16” MMC-yə çevrilmişdir. Bununla da cavabdeh Qusar rayon X9 hüquqi varisi hesab edilmişdir. Ona görə də ona ödənilməli olan aylıq ödənc onun peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 201 3-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə və Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 04 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları”na istinad etməklə əsaslandırmışdır.

8. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti 12 saylı region üzrə X14 tərəfindən iddiaçıya ünvanlanmış 07 dekabr 2016-cı il tarixli 469 nömrəli məktubuna əsasən iddiaçının Qusar rayon X6 xəsarətə görə ödənci ala bilməməsi ilə bağlı müraciətə baxılmış və bununla əlaqədar verdiyi izahatda məsələyə məhkəmədə baxıldığı qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X14) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla Məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.

9. Qusar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(029)623/2019 nömrəli, 15 iyul 2019-cu il tarixli qətna məsi ilə (hakim Rafiq Kazımov) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, qanunazidd, qeyri-obyektivdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunanları və həmin hallara dair sübutlarını araşdırmadan və onlara hüquqi qiymət vermədən, eləcə də iddianın rədd olunmasını əsaslandıracaq heç bir arqument gətirmədən sadəcə olaraq “məhkəmə belə hesab edir ki, iddia rədd olunmalıdır” yazaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. O, öz tələbini əsaslandırdığı hallara dair kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Həmin sübutlar qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)67/2014 nömrəli, 11 mart 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. Amma məhkəmə iddianın hansı əsasla rədd olunması barədə hər hansı bir əsa slandırma aparmamışdır.

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlanaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi kimi 26 mart 1990-cı il tarixdə deyil, 26 may 1990-cı il tarixdə xəsarət almışdır. Bundan başqa, iddiaçı Qusar rayon X10 deyil, X17 işlədiyi vaxt xəsarət almışdır. Qeyd olunmalıdır ki, iddiaçı 26 may 1990-cı il tarixdə aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin 60 faizini deyil, yalnız 25 faizini itirmişdir. Bu işdə olan 20 may 1994-cü il tarixli həkim əmək ekspert Komissiyasının (HƏEK) arayışı ilə təsdiq edilir. Lakin iddiaçı nə Qusar rayon X6, nə də ki, ondan əvvəl işlədiyi X15 guya istehsal qəzası nəticəsində aldığı xəsarətə görə heç vaxt müavinət almamışdır. Belə ki, həmin hadisə işçinin xəsarət a lmasına səbəb olmuş istehsalat qəzası kimi qeydə alınmamış, bu barədə zavod rəhbərliyi tərəfindən hər hansı qərar, əmr qəbul edilməmişdir. 26 may 1990-cı il tarixli aktla təsdiq olunur ki, həmin hadisəyə səbəb iddiaçının özünün əmək intizamını pozması və zavodun fəhləsi Mərcan Muradovanın xuliqanlıq cinayəti törətməsi, yəni butulka ilə “yuyucu” sexin pəncərəsinin şüşəsini' sındırması, nəticədə şüşə parçasının iddiaçının əlini kəsməsi olmuşdur. Buna görə də iddia tələbi əsassızdır. İddiaçının 26 may 1990-cı il tarixdə X17 istehsalat qəzası nəticəsində xəsarət alması barədə hadisə X12 qeydə alınmamışdır. Sorğuya əsasən Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 297 saylı arxiv çıxarışından da görünür ki, (qeyd hissəsində) iddiaçının 1989-1993-cü illərdə Qus ar rayonu keçmiş Azərittifaqın konserv zavodunda işlədiyi dövrdə istehsalat qəzası nəticəsində xəsarət alması barədə hər hansı əmr və ya başqa sənəd aşkar edilməmişdir. İddiaçıya məişət hadisəsi nəticəsində həkim əmək ekspert Komissiyası tərəfindən 3-cü qrup əlillik müəyyən edilmiş və ona dövlət büdcəsi hesabına pensiya təyin edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/219 №li 10 aprel 2023-cü il tarixli ekspert rəyi ilə iddiaçıya hesablanmalı olan müavinətin məbləği (01 yanvar 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək) 14.499,21 manat müəyyən edilmişdir.

16. Cavabdeh apellyasiya instansiya məhkəməsinə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında, 3 saylı Ərazi Vergilər İdarəsinin 14 iyul 2023-cü il tarixli **********229200 №li cavabdehin təsis sənədlərinə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən cavabdeh 05 dekabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-12/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 13.496,12 manat pulun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktları ilə iddiaçının X17 çilingər işlədiyi vaxt xx.xx.1990-cı ildə bədbəxt hadisə nəticəsində xəsarət alması, xx.xx.1991-ci il tarixli 30 saylı protokola əsasən iddiaçının peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizini itirməsi və ona İİİ qrup əlillik dərəcəsinin verilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X7 10 saylı, 31 yanvar 2006-cı il tarixli qərarına əsasən, iddiaçının əmək xəsarəti aldığı X19 X1 satılmış, Azərittifaqın “Azkoopsənaye” Birliyi ilə Arif Rüstəmov arasında 01 fevral 2006-cı il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Arif Rüstəmova 27 iyun 2006-cı il tarixli, 000741 qeydiyyat nömrəli “mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.

20. Həmçinin inzibati iş üzrə iş materiallarına əlavə olunmuş 21 fevral 1991-ci il tarixli 30 nömrəli protokola əsasən iddiaçı peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizini itirmiş və ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. X19 Kombinatı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Şöbəsinə göndərilmiş 31 yanvar 2006-cı il tarixli 09 nömrəli məktubuna əsasən iddiaçıya pensiya 01 yanvar 2006-cı il tarixə kimi ödənilmişdir. Göründüyü kimi iddiaçı bədbəxt hadisə nəticəsində xəsarət almış, 01 yanvar 2006-cı ilədək X3 təyin olunmuş müavinəti a lmışdır. Lakin iddiaçının peşə xəsarəti aldığı kombinat hazırda özəlləşdirildiyindən, yəni iddiaçının xəsarət aldığı müəssisə təşkilati-hüquqi formasını dəyişməklə, cavabdeh MMC-yə çevrildiyindən, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən zərərin dəyməsində təqsirkar olmuş müəssisənin hüquqi varisi olaraq hazırkı iş üzrə cavabdeh “cavabdeh iddiaçıya tələb olunan zərəri ödəməlidir. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh təşkilat şəhadətnaməyə əsasən 05 dekabr 2006-cı il tarixdə dövlət qeydiyyatından keçdiyindən, iddiaçıya ödənilən müavinətin məbləği iddiaçının tələb etdiyi 01 yanvar 2006-cı il tarixdən deyil, 05 dekabr 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməlidir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi ilə 1 aylıq hesablanmalı olan müav inətin məbləği 91,19 manat təşkil etdiyindən, 05 dekabr 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan müddət ərzində ödənilməli olan müavinətin məbləği 13.496,12 manat (148 ay x 91,19 manat=13.496,12 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

22. İddia tələbinin 01 aprel 2019-cu il tarixdən etibarən hər ay müavinətin tutulması hissəsində isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından, təmin edilə bilməz.

23. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1126.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.2-ci, Azərbaycan Respubikası Nazirlər Kabinetinin 09 yanvar 2013-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səb əbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 2.1, 3.10, 5.6-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdır.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, Azərittifaqın “Azkoopsənaye”Birliyi ilə X8 arasında Qusar rayon X9 alğı-satqısına dair 01 fevral 2006-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanması, Qusar rayon X9 yenidən təşkilini ehtiva edir. Halbuki, müəssisənin özəlləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş mənada yenidən təşkil hesab edilə bilməz, çünki burada yalnız mülkiyyət növləri dəyişir, yəni dövlət mülkiyyətindən xüsusi mülkiyyətə keçid baş verir. Digər tərəfdən, nə yenidən təşkil zamanı, nə də ki, özəlləşdirmə baş verərkən hüquqi varislik avtomatik keçmir və qanunvericilikdə bu avtomatik keçmə nəzərdə tutulmayıb. Özəlləşdirmə baş verdikdə isə, hüquq və vəzifələrin keçməsi bağlanmış alğı-satqı müqaviləsi əsasında keçir. Hətta cavabdehin Nizamnaməsində də qeyd olunmamışdır ki, cavabdeh Qusar rayon X9 hüquqi varisi hesab olunur. Yəni, Məhkəmə cavabdehin Qusar rayon X9 hüquqi varisi olubolmamasını araşdırmadan və hüquqi varisliyi müəyyən etmədən MMC-nin sözü gedən müddəası nı tətbiq edə bilməzdi. Məhkəmə sübutları tam araşdırmamışdır. Belə ki, “Bədbəxt hadisə haqqında” 26 may 1990-cı il tarixli 1 nömrəli Aktın (əslində aktın özü də mübahisəlidir) 15-ci bəndində qeyd edilmişdir ki, “Bədbəxt hadisənin nəticələri: müvəqqəti zədə.” Burada sual yaranır ki, iddiaçının “müvəqqəti zədə” alması onun dəymiş zərər görə ödənişlərin alınması üçün hansı dərəcədə əsas yaradır. Bədbəxt hadisə haqqında tərtib edilmiş akt ödənişləri həyata keçirilməsi üçün əsas deyil və əlavə olaraq, işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən qərar olmalıdır. İddiaçı 20 may 1994-cü il tarixli arayış təqdim etmişdir ki, həmin arayışda əmək qabiliyyətinin 25% itirilməsi qeyd edilmişdir. Lakin, həmin arayış verildiyi tarixdən 29 il keçmiş və həmin 29 il ə rzində aktda qeyd olunan “müvəqqəti zədə”nin əmək qabiliyyətinə hansı dərəcədə təsir etməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Onu da nəzərə almaq lazımdır ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində əmək qabiliyyətinin 60% itirilməsi qeyd etmişdir. Məhkəmə isə bu ziddiyyətin aradan qaldırılması üçün hər hansı araşdırma aparmamış, 60% əmək qabiliyyətinin hansı sənədlər əsasında müəyyən olunduğuna dair sual verməmişdir. Qusar rayon İcra Hakimiyyətinin Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli 297 nömrəli arxivdən çıxarışda iddiaçının Qusar rayon X10 işlədiyi dövrdə onunla bağlı verilmiş əmrlərin siyahısı qeyd edilmişdir. Həmin əmrlərdə nə bədbəxt hadisə ilə bağlı əmr, nə aylıq ödənişin təyin olunması, nə xəsarətlə bağlı daha y üngül işə keçirilməsi öz əksini tapmamışdır. Hətta, İddiaçıya mükafatların təyin edilməməsinə dair əmrlər olmuşdur. Bu hal, 05 may 2021-ci il tarixli 9/2380 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Digər tərəfdən, Qusar rayon İcra Hakimiyyətinin Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 411 nömrəli arayışında İddiaçıya ödənilmiş aylıq əmək haqlar göstərilmiş, son əmək haqqı 1993-cü ilin iyul ayında verilmişdir. Həmin əmək haqların siyahısında öna dəymiş zərər olaraq ödənişlər öz əksini tapmamışdır. Məhkəmə yalnız X19 Kombinatı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Şöbəsinə göndərilmiş 31 yanvar 2006-cı il tarixli 09 nömrəli məktubuna əsaslanaraq müəyyən etmişdir ki, aylıq ödənişlər İddiaçıya məhz həmin vaxta qə dər ödənilmişdir. Lakin, ödənişlərin arxiv arayışında əks olunmaması ilə bağlı zidiyyəti araşdırmamış, İddiaçıdan ödənişlərin həyata keçirilməsinə dair sübutların təqdim edilməsini tələb etməmişdir. 12 aprel 1991-ci il tarixli 21 nömrəli “Əlilliyə görə təqaüdçülər üçün” verilən tapşırıqda (halbuki əlillik barədə arayış 1994-cü ildə təqdim edilmişdir) təqaüdün müddətinin bitməsi ilə bağlı təqaüdün verilməsinin 01 aprel 1993-cü ildən dayandırılması göstərilmişdir. Sonra da, təqaüdün verilməsinin bərpa (davam) edilməsi ilə bağlı hər hansı sənəd (məktubdan başqa) mövcud olmamışdır. 10 aprel 2023-cü il tarixli 9/219 nömrəli ekspert rəyində 20062019-cu illər üzrə hesablanmalı olan ödənişlər üçün hansısa səbəbdən yalnız 2018 və 2019-cu illər üçün olan rəqəmlər əsas kimi götürülmüşdür. Halbuki, 20 06-cı ildə minimum əmək haqqı 30 manat, 2019-cu ildə isə 250 manat olmuşdur. Yəni, yalnız bu fərqdən görünür ki, 2006 və 2019-cu illər arasında olan əmək haqqı fərqi kəskin olmuş və ekspert 2006-cı il üzrə olan dövr üçün 2019-cu ilin rəqəmlərini əsas kimi götürə bilməzdi. Bu hal, Azərbaycan Respublikası Statistika Komitəsinin 01 fevral 2023-cü il tarixli 3-34/2-18/061/2023 nömrəli məktubuna əlavə ilə də öz təsdiqini tapır. Belə ki, orada 2006-cı ilin orta aylıq əmək haqqı 58,5 manat, 2019-cu il üçün isə 454,30 manat, yəni 7,7 dəfə çox qeyd olunmuşdur. Belə bir kəskin fərq olduğu halda, ekspert yalnız son ili qəbul edə bilməzdi. Məhkəmə həmin sübutları tam araşdırmayıb və qətnamədə onlara münasibət bildirməyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 1126.

1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

27. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

28. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqət ən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

29. Maddə 192 (1-ci və 2-ci hissələr). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

30. Maddə 194 (1-ci və 2-ci hissələr). Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan so nra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

31. Maddə

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə.

32. Maddə 196 (1-ci hissə). Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

33. Maddə 197 (1-ci və 2-ci hissələr). İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

34. Maddə 239 (1-ci hissə). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

35. Maddə 239 (2-ci hissə). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

36. Maddə 239 (3-cü hissə). İstehsalat qəzası və yaxud peşə xəstəliy i nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

37. Maddə 290 (2-ci hissə). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2013-cü il tarixli 03 nömrəli Qərarı:

38. Madd ə 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları”haqqında Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 04 nömrəli Fərmanı”:

39. Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 76.1. tərəfl ərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Mə cəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri süb utlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-12/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar