Məhkəmə qərarları › İş №2(102)-2532/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: reqress qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “reqress qaydasında pulun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-139/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 MMC (Vəkil2) tərə findən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 məxsusdur və o, həmin avtomobili xx.xx.2019-cu il tarixdə idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir.

2. Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi minik avtomobili ilə xx.xx.2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 24-cü km-də hərəkətdə olarkən yolun sağ tərəfində ehtiyat zolaqda dayanmış, X1 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurmaqla qəza törətmişdir.

3. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikas ı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində, X4 isə 346.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilərək onlara cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

4. Hadisədən sonra "xxxx" MMC İddiaçı1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 8.469 manat zərərin tutulmasını tələb etmiş və tələbini belə əsaslandırmışdır ki, ona məxsus 12 ədəd reklam lövhələrinin daşınması üçün iddiaçıya sifariş vermiş və 31 mart 2021-ci il tarixdə həmin reklam lövhələri təyinat ünvanına daşınması üçün yük avtomobilinə yüklənmişdir. Lakin qəza nəticəsində reklam lövhələri yararsız vəziyyətə düşmüş və ona zərər dəymişdir.

5. Həmin məhkəmə mübahisəsi üzrə tərəflər razılığa gələrək, 7.000 manat borcu xx.xx.2021-ci il tarixində 2.000 man at, xx.xx.2021-ci il tarixinədək 5.000 manat ödəmək şərti ilə barışıq sazişi imzalamış, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2314/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı, yəni sifarişçinin cavabdeh olan iddiaçıya qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işlə bağlı barışıq sazişi təsdiqlənmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir.

6. Sifarişçinin xx.xx.2021-ci il tarixli maliyyə arayışında “X5 Ltd” MMC şirkəti ilə olan razılaşmaya, əsasən, üzən platforma üzərində qurulması nəzərdə tutulmuş, dəniz havası şəraitinə dözümlü olması üçün xüsusi materiallardan hazırlanmış 12 ədəd 3x1,5 metr ölçüdə olan reklam xarakterli lövhələrin istehsalı üçün çəkilən xərclər cəmi 8.489 manat məbləğində qeyd edilmişdir. 7. xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.x x.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat və 2.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində vəsait iddiaçı tərəfindən sifarişçiyə ödənilmişdir.

8. Minik avtomobilinin sığortalandığı sığorta təşkilatı tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərər kimi 3.700 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı1 (bundan sonra iddiaçı və ya MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən iddiaçıya dəymiş 7.000 manat məbləğdə maddi ziyanın və ödənilmiş 90 manat dövlət rüsumunun, ümumilikdə 7.090 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daxil olan sifariş əsasında sifarişçiyə məxsus olan reklam lövhələrini xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Babək prospektindən Qaradağ rayonu, Salyan şossesində yerləşən “X7 Ltd” şirkətinə daşımağı öz üzərinə götürmüş və xidmətin icrası üzrə həmin reklam lövhələrinin daşınması üçün yük avtomobili göndərilmişdir. Şirkətə məxsus həmin nəqliyyat vasitəsi Bakı-Qazax istiqamətində hərəkətdə olarkən etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi minik avtomobili yol hərəkəti qaydalarını kobudcasına pozduğundan arxadan şirkətə məxsus avtomobilə çırpılmış və nəticədə nəqliyyat vasitəsinə və daşınan reklam lövhələrinə ciddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına ziyan dəymiş s ifarişçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8.469 manat məbləğində zərər, 60 manat məbləğində daşıma haqqı, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutulmasını xahiş etmiş, sonradan xx.xx.2021-ci il tarixində sifarişçi ilə barışıq sazişi imzalanmış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2314/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərardadı ilə müvafiq saziş təsdiq olunmuşdur. Sazişdə razılaşdırılmış şərtlərə uyğun olaraq iddiaçı tərəfindən müxtəlif vaxtlarda cəmi 7.000 manat borc məbləği sifarişçiyə tam ödənilmişdir. Qanunvericiliyin tələblərinə, əsasən, vurulmuş ziyanı geriyə tələb etmək hüququ yaranmışdır. Bu əsasla şirkət tərəfindən cavabdehlərə 7.000 manat borc məbləğini tələb etmə barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq həmin pul şirkətə ödənilməmiş və məktuba cavab verilməmişdir.

11. Cavabdehlər məhkəməyə iddia tələbinə qarşı yazılı şəkildə etiraz ərizəsi vermişlər. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi və iddiaçı arasında bağlanmış barışıq sazişi onlara qarşı reqres qaydasında iddia qaldırmaq üçün əvvəlcədən hazırlanmış məqsədyönlü plandır. Belə ki, yük avtomibilində reklam lövhələrinin olması məsələsi sonradan ortaya çıxmışdır, çünki Cavabdeh2n həmin avtomobildə həmin reklam lövhələrini görməmişdir, həmçinin yük avtomobilinin sürücüsü də ilkin araşdırma zamanı verdiyi izahatında bununla bağlı heç nə qeyd etməmişdir və hadisə ilə X9 tərəfindən aparılan araşdırma zamanı da bu lövhələrin olması və onlara ziyan dəyməsi faktı müəyyən olunmayıb. Bundan başqa reklam löv hələrinin hansı miqdarda olması, onlara nə qədər ziyan dəyməsi kimi suallara iddia ərizəsində və ona əlavə edilən sənədlərdə cavab verilmir və bu sualların cavabı ilə bağlı hər hansı ekspert rəyi də yoxdur. Ona görə də cavabdehlər hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

12. Ağdam Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(013)-1736/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 31 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səlahiyyətli orqanların qərarı ilə həm minik avtomobilinin sürücüsü cavabdeh Taleh Kazımzadə, həm də yük avtomobilinin sürücüsü Rövşən Quliyev Azərbaycan Respubli kası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişlər. Bu hal isə onu deməyə əsas verir ki, məhkəmə iclasında cavabdeh Taleh Kazımzadə tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdeh Taleh Kazımzadənin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması sübut olunmamışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1114.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

15. Qətnamədən iddiaçı apellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, minik avtomobilinin iddiaçı şirkətə məxsus avtomobilə çırpılaraq avtomobilə və onun daşıdığı reklam lövhələrinə ciddi ziyan vurulması ilə əlaqədar mülki hüquq pozuntusu birbaşa olaraq Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu fakt cavabdehin yol hərəkəti qaydalarını kobudcasına pozması səbəbindən onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla öz təsdiqini tapır. Lakin məhkəmə baş vermiş hadisə ilə Cavabdeh2 təqsirli hərəkəti arasında bu səbəbli əlaqəni görməzdən gələrək maddi hüquq normasını d üzgün tətbiq etməmiş və nəticədə şəxs mülki məsuliyyətdən kənarda qalmışdır. Avtoqəza ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən də aydın olur ki, şirkətə məxsus avtomobil yolun hərəkət hissəsindən kənarda, asfalt yolun kənarındakı sarı xətdən sağ tərəfdə, ehtiyat hissə hesab olunan torpaq yolda dayanmışdır. Mülki hüquq pozuntusunun əmələ gəlməsi üçün mütləq qaydada pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir. Səbəbli əlaqənin olması üçün şəxs elə bir hərəkət etməlidir ki, onun bu hərəkəti zərərli nəticənin baş verməsinə gətirib çıxarsın. Yol-nəqliyyat hadisəsinin baş verməsinə şirkətin sürücüsünün nəqliyyat vasitəsini yolun kənarında saxlaması deyil, Cavabdeh2 minik avtomobilini hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla yolu n hərəkət hissəsindən kənara çıxarması səbəb olmuşdur.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 7.000 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumu, ümumilikdə 7.090 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia Cavabdeh1 münasibətdə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi zamanı reklam lövhələrinə vurulmuş zərər qismində 7.000 manat xərc çəkməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu xərc mülki hüquq pozuntusu nəticəsində sifarişçiyə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət-zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir. Belə olan halda iddia tələbi Cavabdeh2 qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 aid hissədə təmin edilə bilməz, çünki o, mülkiyyətçi kimi məsuliyyət daşımır.

19. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, digər sürücünün yol hərəkəti qaydasını-dayanma və ya durma qaydalarını pozması, hələ öz-özlüyündə mülki hüquq pozuntusuna görə məsuliyyətə səbəb olmur. Bunun üçün, həm də mütləq qaydada, pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir. Digər sürücü Rövşən Quliyevin qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında isə hər hansı səbəbli əlaqə olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci və Mülki Prosessual Məcəllənin 217.1, 217.2, 217.3, 218.1, 385.1, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

21. Qətnamədən Cavabdeh2 (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1838/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hüquqi şəxsdir. Qanunvericiliyin tələbinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər, lakin mülki iş materiallarında iddia ərizəsini imzalayan şəxsin buna səlahiyyətini, habelə, ümumiyyətlə, hüquqi şəxsin mövcud olmasını (qeydiyyata alınmasını) təsdiq edən sübutlar təqdim olunmamışdır. Həmçinin yük avtomobilinin iddiaçıya məxsus olması barədə (qeydiyyat şəhadətnaməsi və s.), həmin avtomobili idarə etmiş Rövşən Quliyev ilə əlaqəsi (iddiaçı ilə bağlanmış əmək müqaviləsi və s.), yükün sifarişçi tərəfindən iddiaçıya təhvil verilməsi barədə sənəd (qaimə, akt və s.) iş materiallarına əlavə edilməmişdir.

24. Bundan başqa Cavabdeh2 qəza zamanı yük avtomobilində 12 ədəd reklam lövhəsinin olmadığı barədə dəlilləri də tam araşdırılmamışdır. Belə ki, iddiaçı hadisə zamanı reklam lövhələrinin korlanmasını sübut etmək üçün fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən birində - 83-cü səhifədə olan fotoşəkilin hadisə yerində çəkildiyi görünmüş (hadisə yerinin panoram fraqmenti əksini tapdığına görə) və bu şəkildə avtomobildə iki lövhənin olduğu görüntülənmişdir. Lakin 82, 84-100-cü səhifələrdə olan fotoşəkillərdən lövhələrin zədələnməsi müəyyən olunmamışdır. 101-ci səhifədə olan fotoşəkildə isə iddiada deyildiyi kimi 12 deyil, 6 lövhə görünmüş və həmin şəklin hadisə yerində çəkilməsi müəyyən olunmamışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, digər sürücü Rövşən Quliyevin qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında hər hansı səbəbli əlaqə olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır və işə yenidən baxan məhkəmə kollegiyası bu halı nəzərə almalıdır. Yenidən işə baxılarkən 43-48-ci paraqraflarında olan nöqsanları aradan qaldırdıqdan sonra məhkəmənin həll etməli əsas məsələ avtomobildə neçə reklam lövhəsinin olduğunu və dəyərini araşdırmaqdır. Həmçinin cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)2314/2021 saylı qərardadından şikayət verilmişdirsə, həmin iş üzrə cavabdehin hansı prosessual statusda tanınması və qəbul edilmiş yekun qərarın hazırki işə preyudisial təsiri araşdırılmalı və nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-139/2024 nö mrəli, 06 fevral 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Fikrət Mehtiyev) apellyasiya şikayətinin qismən təmil edilməsi, birinci instansiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh2 1.414,83 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,18 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin iş üzrə qərarındakı göstərişlər üzrə aparılan araşdırmalara, əsasən, hazırki iddianı qaldırmaqda və iddia ərizəsini imzalamaq iddiaçının subyektiv hüququ olmuşdur. Belə ki, iş materi allarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünmüşdür ki, iddiaçın qanuni təmsilçisi X2r (bundan sonra – “təmsilçi”). İddia ərizəsi də məhz təmsilçi tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə kollegiyası digər göstərişlə bağlı qeyd etmişdir ki, yük avtomobili xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin subicarə müqaviləsinə, əsasən, iddiaçının təmsilçisi tərəfindən X3 icarəyə verilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Ali Məhkəmənin iş üzrə qərarında da qeyd edildiyi kimi iddiaçı hadisə zamanı reklam lövhələrinin korlanmasını sübut etmək üçün fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən birind ə, 83-cü səhifədə olan fotoşəkilin hadisə yerində çəkildiyi görünmüş (hadisə yerinin panoram fraqmenti əksini tapdığına görə) və bu şəkildə avtomobildə iki lövhənin olduğu görüntülənmişdir. Lakin qalan fotoşəkillərdən lövhələrin zədələnməsi müəyyən olunmamışdır. 101-ci səhifədə olan fotoşəkildə isə iddiada deyildiyi kimi 12 deyil, 6 lövhə görünmüş və həmin şəklin hadisə yerində çəkilməsi müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının iclasında izahat verərkən Cavabdeh1 də göstərmişdir ki, həmin vaxt iddiaçıya məxsus olan avtomaşında yalnız iki ədəd reklam lövhəsi olmuşdur. Məhkəməyə təqdim edilən qalan fotoşəkillər həmin hadisə zamanı çəkilmiş fotoşəkillər deyildir. Qeyd edilənlərə, əsasən, kollegiya hesab etmişdir ki, qəza zamanı həmin vaxt iddiaçıya məxsus olan avtomaşında sifarişçiyə mə xsus olan yalnız iki ədəd reklam lövhəsi olmuş və həmin iki ədəd reklam lövhəsinə ziyan dəymişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına, əsasən, 12 ədəd reklam lövhələrinin istehsalı üçün çəkilən ümumi xərc 8.489 manat təşkil etdiyindən, kollegiya bir ədəd lövhənin dəyərini (8.489:12)=707,41 manat olmaqla iki ədəd lövhənin dəyərini 1.414,83 manat məbləğində müəyyən etmişdir.(8.489:12x2).

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 qəza qəza törətmiş “Kia Optima” markalı **-BZ-*** qeydiyyat nişanlı minik avtomobilin mülkiyyəçisi olsa da, onun hansısa delikt törətməsi müəyyən olunmamışdır. Ona görə də irəli sürülən iddia ona aid hissədə təmin oluna bilməz. Cavabdeh2 isə baş vermiş hadisədə təqsirlidir və irəli sürülən iddianı təmin etmək vəzifəsi onun üzərinə düşməli dir.

30. Bundan başqa kollegiya qeyd etmişdir ki, sifarişçinin cavabdeh olan iddiaçıya qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı barışıq sazişinin təsdiqləndiyi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2314/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı hazırki işdə preyudisial əhəmiyyət kəsb etmir, çünki hazırki işdə cavabdeh olan tərəf həmin işdə tərəf olmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci və Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 88, 119.1 217.3, 384.0.2, 385.1.1, 388 və 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayə ti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2n mülki hüquq pozuntusu törətməklə mülki hüquq münasibətinin subyekti olmuşdur. Onun yol verdiyi pozuntu nəticəsində hal-hazırda üzərinə düşən öhdəliyi icra etməsindən yayınması estoppel prinsipinin pozulmasına da dəlalət verir. İddiaçının hüquqi şəraitə vicdanlı şəkildə güvənərək zərər məbləğini (7.000 manat) ödəməsi və reqres qaydasında zərərvurandan tələb etməsi, lakin bu haqlı tələbin məhkəmə tərəfindən təmin olunmaması iddiaçının hüquqi şəraitə güvənindən sui-istifadədir. Cavabdeh2 hüquqa zidd əməli nəticəsində iddiaçı nın daşıdığı 12 ədəd reklam lövhəsi istifadəyə yararsız vəziyyətə düşmüş və bunun xərcini iddiaçı özü çəkmişdir. Qoşmaya əlavə edilmiş şəkillərdən də görünür ki, 1 qablaşdırmada 2 reklam lövhəsi yerləşdirilməklə ümumilikdə 6 qablaşdırma (12 reklam lövhəsi) nəqliyyat vasitəsinə yüklənmişdir. “Foto” adı ilə əlavə edilmiş faylda 18-ci səhifədəki şəkildən aydın görünür ki, hər birində 2 reklam lövhəsi olmaqla 6 bağlamaya zərər dəymiş və yararsız vəziyyətə düşmüşdür. Əlavə qeyd edilmişdir ki, bir bağlamada 2 reklam lövhəsinin olmasını qoşmaya əlavə edilmiş maliyyə arayışı və həmin “foto” adlı faylda əksini tapmış 14-cü səhifədəki şəkil sübut edir. Bu sayı həmçinin “yüklənməyə və yükün təyinat ünvanına çatdırılmasına dair” təhvil-təslim aktı da sübut edir.

34. Həmçinin qeyd olunmuşdur ki, “foto” adlı faylla əlavə edilmiş şəkillər hadisənin baş verdiyi gündə çəkilib. Nəqliyyat vasitəsində görünən digər əşyaların da hər bir şəkildə eynilik təşkil etdiyi aydındır. Habelə, təqdim edilən videonun çəkilmə tarixinə gəldikdə isə qarşı tərəf iddia etmişdir ki, həmin video xx.xx.2021-ci il tarixində yox, xx.xx.2021-ci il tarixində çəkilmişdir. Lakin nəzərə almaq lazımdır ki, videonun çəkilmə və sərt diskə yüklənmə tarixi fərqlidir. Video xx.xx.2021-ci il tarixində çəkilmiş, xx.xx.2021-ci il tarixində isə sərt diskə yüklənmişdir. Həmçinin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh1 həmin nəqliyyat vasitəsinin üzərində hakimiyyətə malik olmaqla bərabər, eyni zamanda mənfəəti mövcuddur və bu n/v-dən yararlanır. Bu səbəbdən zərər hər iki cavabdehdən tələb edilə bilər.

35. Cavabdeh2n t ərəfindən 8.469 manat məbləğində (barışıq sazişinə əsasən 7.000 manat tələb irəli sürülmüşdür) iddiaçıya zərərin vurulduğu və bu xərcin iddiaçı tərəfindən çəkildiyi məlum olduğu halda tələbin 1.414,83 manat məbləğində təmini iddiaçının hüquqlarının pozulması olmaqla bərabər, şirkətin vəziyyətinin pisləşməsinə gətirib çıxarır və sahibkarlıq fəaliyyətinə ciddi zərər vurur. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Yəni Cavabdeh2 e-2-2(113)-2314/2021 saylı iş üz rə tərəf olmaması həmin iş üzrə qəbul olunmuş qərarın ona münasibətdə nəzərə alınmasını istisna etməməlidir. Beləliklə, barışıq sazişinə və bu sazişlə iddiaçının ödədiyi 7.000 manat məbləğinə münasibətdə heç bir şübhə ola bilməz, əks halda Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadının həqiqiliyi prezumpsiyası, həmçinin məhkəmənin araşdırması və fəaliyyəti şübhə altına alınır. Əgər reklam lövhələrinə dəymiş zərərin miqdarı həqiqəti əks etdirməsə idi, nə iddiaçı qarşı tərəfə hər hansı bir ödəniş edər, nə də məhkəmə barışıq sazişini təsdiq edərdi. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

36. Cavabdeh2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şik ayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərə rin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

42. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirl i olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

43. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəll ədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzif əsindən azad edir.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

56. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiy asının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

62. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid ed ilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-139/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar