Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2577/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2577/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4463/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş № 2(060)-3150/2019) İddiaçı1 cavabdeh “N” şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, E.M.Əhmədov və Z.İ.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X2 xx xxx 2018-ci il tarixdə “N” şirkətinə məxsus “Mitsubishi L200” markalı avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı1 idarə etdiyi “Mercedes Benz G63” markalı avtomobillə toqquşmuş və avtomobilinin əzilməsi nəticəsində İddiaçı1 maddi ziyan dəymişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakiminin xx xxxx 2018-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı1 “N” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şirkətin işçisinin təqsiri üzündən baş vermiş qəza nəticəsində ona avtomobilinin əzilməsi ilə əlaqədar 66.042 manat məbləğində zərər dəyməsini əsas göstərməklə həmin məbləğin, əlavə olaraq avtomobilinin orta bazar qiyməti arasında yaranmış 68.000 manat məbləğində fərqin, dövlət rüsumuna görə 30 manatın cəmi 134.072 manatın şirkətdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kasasiya şikayəti verərək mübahisənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, 1099, 1108.1-ci maddələrinin tələbinə zidd olaraq həll edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansi yası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni sayarkən X2 tərəfindən yol nəqliyyat hadisəsinin saat 21:45 radələrində, yəni iş vaxtından kənar vaxtda əmək funksiyasının icra etmədiyi zaman törətməsini əsas göstərmiş və bu zaman onunla “N” şirkəti arasında bağlanmış əmək müqaviləsinin 5.2-ci maddəsinə istinad etmişdir. Əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən işçinin iş vaxtından kənar və əmək vəzifələrini icra etmədiyi zaman təqsirli hərəkəti nəticəsində digər şəxslərə vurulmuş ziyana görə işəgötürən heç bir məsuliyyət daşımır və bu zaman işçi ümumi əsaslarla Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. K ollegiya hesab edir ki, məhkəmənin həmin nəticəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əməl ə gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından görünür ki, iddiaçıya zərər dəyməsi ilə nəticələnən hüquqa zidd hərəkətə yol vermiş X2 cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləyir və müəssisəyə məxsus avtomobili idarə etmək səlahiyyəti ona işəgötürən tərəfindən verilmişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Nun şirkətdə iş günləri və iş vaxtı həftənin bazar ertəsindən cümə günü daxil olmaqla saat 08:00–dan saat 17:00-dək müəyyən olunsa da, müəyyən olunduğu kimi, o, iş vaxtından sonra avtomobili idarə etmiş və hadisəni də həmin vaxtda törətmişdir. N yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmədiyindən və avtomobili iş vaxtından sonra idarə etmək imkanı ona şirkət tərəfindən yaradıldığından, işin həmin halı ziyanın şirkətdən tutulmasını istisna etmir. Mülki Məcəllənin 1108-ci maddəsi belə vəziyyətdə yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyəti işəgötürənin üzərinə qoyduğundan, əmək müqaviləsinin 5.2-ci maddəsi iddianın rədd edilməsi üçün əsas verməmişdir. Apelyasiya instansiyası məhkəməsi qanunun tələbinə deyil, əmək müqaviləsinin 5.2-ci bəndinə əsaslanaraq iddianı rədd etməklə qanunun qüvvəsinin tətbiqində səhvə yol vermişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalı, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab verən qanuni və əsaslı qərar qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının hazırkı iş üzrə olan 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2577/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2577/2020
02.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver