Məhkəmə qərarları › İş №2(102)-2600/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2600/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2600/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-604/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fon du və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik faiz dərəcəsi 20 faiz ödənilmək şərtilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) x x xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 24088 ABŞ dolları əsas, 7347 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcunun, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3858 ABŞ dollarının, yəni cəmi 36293 ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən Zaman Rüstəmov müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçı bankın təqdim etdiyi maliyyə arayışında əks olunmuş rəqəmləri əsas götürərək, həm çinin cərimə borcunun məbləğini azaldaraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin borc məbləğlərinin düzgün hesablanmadığına əhəmiyyət vermədiyi, həyata keçirdiyi ödənişləri nəzərə almadığı və mühasibatlıq ekspertizası təyin etməyərək borcun məbləğini dəqiqləşdirmədiyi arqumentləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 7347 ABŞ dolları faiz, Konstitusiya M əhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3858 ABŞ dollarının tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan faiz borcu 2020,70 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən tutulmalı olan faiz borcu (müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan faiz qismində) 3536,23 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehdən 24088 ABŞ dolları əsas borcun və 30 manat dö vlət rüsumunun bankın xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə kredit müqaviləsi əsasında xx.xx.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Zaman Rüstəmov arasında bağlanmış müqavilə üzrə kredit xx.xx.2016-cı il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində onun faizlər ödəməli olduğu razılaşdırılmışdır. Həmin müddət ərzində isə cavabdehə hesablanmalı olan faiz borcunun 2020,70 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və v əzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, borcalanın əsas kredit borcu 24087,85 ABŞ dolları (yuvarlaq olaraq 24088 ABŞ dolları) təşkil edir və bu səbəblə də apellyasiya instansiyası məhkəməsi qətnamənin əsas borc tələbi ilə bağlı hissəsini əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı bankın “Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borcun tutulması” tələbi üzrə gəldiyi nəticəni də qanuni hesab etmiş, bununla belə məhkəmə, həmin tələb üzrə borcun məbləğini müəyyənləşdirdiyi zaman da səhvə yol vermişdir. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kredi tor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 24088 ABŞ dolları əsas borcuna xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər illik 5 faizlə hesablanacaq faizin 3536,23 ABŞ dolları təşkil etdiyi isə ekspert rəyi ilə müəyyən olunmuşdur. İddiaçının cərimə borcu tələbi üzrə gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəlləni n 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 24088 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 11442 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və aimnin qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün müəyyənləşdirmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məh kəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək əsas və faiz borcunu müəyyən etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ekserpt rəyi məhkəmə üçün məcburi deyildir və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmçinin məhkəmə cərimə borcunu tam təmin etməməklə düzgün nəticəyə gəlməmişdir, Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasi ya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəfindən əlavə ödənişlər edilmiş, lakin həmin ödənişlər nə ekspert tərəfindən, nə dəki məhkəmə tərəfindən nəzərə alınamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən iş ə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən, cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissələrində mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayəti nin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini əsas götürərək faiz borcunu rəyə uyğun müəyyən etmişdir. İddiaçı rəyin nə üçün sübut kimi qəbul edilməməsini əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə dəbbə pulunun azaldılmasına da hüquqi qiymət vermişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunu azaltmış, qətnamədən apellyasiya şikayəti verməyərək iş üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı qeyd etmək lazımdır ki, cavabdeh hansı tarixlərdə hansı məbləğlərdə ödənişlər etməsi və bu ödənişlərin ekspert rəyində nərəzə alınmamasını sübut edə bilməmiş, göstərdiyi ödənişlərin qəbzlərini apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səh mdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-604/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar