Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2668/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli 2(103)12182/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-4927/2018) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin e dilərək hər uşağa görə 154 manat olmaqla 2 uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilərək cavabdehdən hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: Tərəflər 14 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2008 və 2009-cu illərdə iki uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəmə sinin 19 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar anaları İddiaçı yanında saxlanılmaqla uşaqların hər birinə görə 55 manat, cəmi 110 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı Zəhranın xroniki xəstəlikdən əziyyət çəkməklə qət olunmuş alimentin iki uşağın saxlanılması üçün aşkar kifayət etmədiyini əsas göstərərək alimentin miqdarının artırılmaqla hər uşağa görə cavabdehdən onun xeyrinə 154 manat, cəmi 308 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək özünün 2-ci qrup əlil olm aqla 55 manat məbləğində pensiya almasını və belə vəziyyətdə hər uşağa görə 100 manat məbləğində aliment ödəmək imkanına malik olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmam alı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edərkən qət olunmuş 200 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmamasını əsas göstərmişdir. Aliment ödəməyə borclu olan şəxsin maddi imkanının olmaması onu aliment ödəmək vəzifəsindən azad etmədiyindən, eləcə də cavabdeh tərəfindən ödənilən alimentin miqdarı (hər uşaq üçün 55 manat) uşaqların hər il artırılan yaşayış minimumundan xeyli aşağı olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmiş və bu zaman Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normalar və Ailə Məcəlləsinin 75 və 78-ci maddələri uşaqların saxlanılmasını və onların təlabatının təmin olunmasını valideynlərin vəzifəsi kimi müəyyən etdiyindən, kollegiya apel lyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2668/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2668/2019
10.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver