Məhkəmə qərarları › İş №2(102)-2732/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2732/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2732/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-845/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları.

1. İddiaçı2 Cavabdeh Çolban oğluna qarşı pul tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-29/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-845/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir.

5. Həmin qətna mədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X3 - sədrlik edən və məruzəçi, X5 və X4) hazırkı iş üzrə 20 iyun 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətində prosessual hüquq normasının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə istinad edilsə də həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Şikayətçi mövqeyini yalnız iş materiallarına nəzər salındıqda məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normasının tələbinin pozulmasının göründüyünü qeyd etməklə kifayətlənmişdir.

8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Re spublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268 və 407-408-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

9. İddiaçı (Vəkil Hafiz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2(105)-845/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən verilmiş kasassiya şikayətində maddi və prosessual hüquq normaları müvafiq nəzərdə tutulan xanalarda ətraflı şəkildə qeyd olunmuşdur. Lakin, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilmədiyini qeyd etmişdir. MPM-in 9-cu maddəsinin qeyd edilməsi ümumi qeyd olunmasını səhv tətbiq edilmiş norma kimi qiymətləndirilməməlidir. Şikayətdə eyni zamanda qeyd edilmişdir ki, iş üzrə çıxarılmış qətnamədə iddiaçının subyektiv hüququnun olmamasına istinad edilmişdir. İddiaçının subyektiv hüququ barədə və digər məsələlər barədə ətraflı əsaslandırma qeyd edilsə də, hakim bunu nəzərə almadan AR MPM-nin 9cu maddəsinin normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını qeyd edilməməsini əsas götürmüşdür. Həmin maddədə qeyd olunan bütün halların məhkəmə tərəfindən səhv tət biq edilməsini düzgün araşdırmalıdır. Çıxarılmış qərardad formal xarakterlidir, hüquqi əsası mövcud deyildir. Lakin bu qərardadla iddiaçının hüquqları əsassız olaraq məhdudlaşdırılır.

11. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.2, 407.1.4, 408.1.5-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkə mə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

14. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

19. Kassasiya məhkəməsi bu qənaətlə razılaşmır ona görə ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair qrafalar doldurulmaqla kassator öz mövqeyini qeyd etmişdir.

20. Belə ki, cavabdeh maddi hüquq normasının pozuntusuna aid qrafada Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələrinə, Mülki Məcəllənin 385, 386 və 448-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək, məhkəmə kollegiyasının onun iddia tələbinə düzgün qiymət vermədiyini, konstitusion hüquqlarının pozulduğunu bildirmişdir.

21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə aid hissədə isə Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin mətni qeyd edilməklə gö stərilmişdir ki, iş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən qeyd olunan normanın tələbləri pozulmuşdur.

22. Görünüyü kimi, iddiaçı kassasiya şikayətində narazı qaldığı qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini ortaya qoyduğu dəlillərlə əsaslandırmışdır.

23. Buna baxmayaraq apelyasiya məhkəməsi prosessual hüquq normasının pozuntusu kimi MPM-in 9-cu maddəsinin düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilmədiyinə istinadən şikayəti geri qaytarmışdır.

24. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı saymır, ona görə ki, kassasiya şikayətində hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməsi ilə bağlı qiymətləndirilmə aparılarkən yalnız prosessual hüquq normalarının deyil, həm də maddi hüquq normalarının pozuntusu ilə bağlı tərəfin dəlilləri nəzərdən keçirilməlidir. Yəni həmin qrafalardakı dəlillər birlikdə və əlaqəli şəkildə təhlil edilməklə şikayətin məzmun baxımından mümkünlüyünə qiymət verilməlidir. Əgər kassasiya şikayətinin ümumi məzmunu hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması barədə tərəfin mövqeyini ifadə edirsə, belə şikayətin məzmun baxımından qeyri-mümkün sayılması yolverilməzdir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarardı.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının kassasiya şikayətinin MPM-nin 407.1.5-ci maddəsi ilə geri qaytarılması əsaslı olmamışdır.

26. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli və iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-845/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-845/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə sonrakı prose ssual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar