Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2742/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, faiz borcu və cərimənin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1971/2024 nömrəli, 14 mart 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixində Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış və cavabdehə həmin müqavilə üzrə 48 ay müddətinə qaytarmaq şərti, aylıq 1,8333%, illik 22% ödəmək şərti ilə 8300 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan əsas borca görə 7128,26, faiz borcuna görə 568,76, cəriməyə görə 155,4, dövlət rüsumuna görə 98,52 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıd a qeyd edilən faktiki halına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də kredit müqaviləsinin 7.32-ci bəndini rəhbər tutmaqla tələbdə göstərilən borc məbləğləri ona ödənilməlidir.
4. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o iddia ərizəsini qəbul edir və iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər.
5. Binəqədi Rayon Məhkəməsinin 2(001)-871/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilərək,cavabdehdən kredit müqaviləsinə əsasən, əsas borca görə 7128,26 manat, faiz borcuna görə 568,76 manat, cəriməyə görə 155,4 manat, dövlət rüsumuna görə 98,52 manat olmaqla cəmi 7950,52 manatın iddiaçının xeyrinə tutul ması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya borcunun yaranması araşdırma zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin faiz borcu və cərimə məbləği hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh kredit götürərkən işləyirdi və gəliri aylıq kredit məbləğini ödəməyə imkan verirdi. Lakin gəlir yerini itirdiyinə görə ödəmələrində gecikmələr yarandı. Belə ki, iddiaçı cavabdehə bildirmişdir ki, yaranmış borc məbləğinin 2000 manata yaxın hissəsi dərhal ödənilməlidir, amma hazırda heç bir yerdə işləmədiyi üçün ödəyə bilmir. Həmişə ödənişlərini vaxtında etsə də, bank bunu nəzərə almadan birbaşa məhkəməyə müraciət etmişdir. Bankın özünə və birinci instansiya məhkəməsində borcun hissə-hissə ayda maksimum 150 manat civarında ödəməyə hazır olduğunu bildirsə də, nəzərə alınmamışdır. Cavabdeh indi də bankın ona təyin etdiyi yeni qrafik üzrə ödənişlər etməyə hazırdır, lakin birinci instansiya məhkəməsi işi səthi araşdırm ış iddiaçı tərəfindən təqdim edilən sübutları mübahisəsiz qəbul etmiş və işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyi halda bunu etmədiyi üçün ona əsassız olaraq hesablanan faiz və cərimə borcunun silinməsini tələb edir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1971/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev - sədrlik edən və məruzəçi, E.Kazımov və F.Qasımov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh yaranmış faiz borcu məbləğini təsdiq edən işdə olan maliyyə sənədlərini, hesabdan çıxarış məlumatlarını şübhə altına alacaq hər hansı bir mötəbər sübut tə qdim etmədiyi üçün bu buradə irəli sürdüyü dəlillər əsassızdır. Həmçinin kollegiya cavabdehin işləməməsi, borcu hissə-hissə ödəyə bilməsi ilə bağlı dəlilllərini əsassız hesab etməsinə səbəb kimi göstərmişdir ki, həmin dəlillər cavabdehi iddiaçı qarşısında götürülmüş öhdəliyin icrasından yayınmağa əsas ola bilməz.
12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulu ilə bağlı hissədə iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir, belə ki, hazırkı halda dəbbə pulu ilə bağlı hissədə dəbbə pulunun azaldılması üçün tənasübsüzlük müəyyən edilməmişdir.
13. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu və cərimə məbləği hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməs i heç bir sübuta əsaslanmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişməyərək şikayətin təmin edilməməsi barədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası həm maddi, həm də prosessual hüquq normalarının tələblərini etinasızca pozmuş,ədalətsiz, qərəzli yanaşma sərgiləmiş, işin ətraflı araşdırılması üçün şərait yaratmamış və işi qısa bir müddətdə yekunlaşdırmışdır.
16. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125-ci, Mülki Məcəllənin 6.2, 14, 385.1, 422.1, 422.2, 462.1, 467-ci və MPM-in 1.3, 6, 47.1, 81, 88, 165, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. M addə 385.1. Borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxt adək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
23. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna e dilir.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə faiz borcu və cərimə məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmi n hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Belə olan halda iddianın qismən təmin olunması yuxarıda göstərilən maddi hüquq no rmalarına uyğun olmuşdur.
35. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası mübahisələndirilən hissə üzrə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1971/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.