Məhkəmə qərarları › İş №2(102)-2779/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2779/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2779/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1 və İddiaçı2 XXXı qızı Cavabdeh: Cavabdeh İddia tələbi: pulun və mənəvi zərərin ödənilməsi Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin və onun vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3468/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 XXXı qızı (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 olan 1890 manat borcun və digər İddiaçı2 XXXı qızına olan 1310 manat məbləğində borcun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə qonşusu vasitəsi ilə tanış olmuşdur. O, cavabdehi dərzi kimi tanımış, ona paltar tikdirmişdir. Bu zəmində aralarında münasibət yaranmış, cavabdeh onun evinə gedib-gəlmişdir. Cavabdeh 2017-ci ilin oktyabr ayından başlayaraq hissə- hissə, müxtəlif məqsədlər üçün onlardan borc pul almışdır. Cavabdeh, İddiaçı1 cəmi 1820 manat, İddiaçı2 XXXı qızından isə 1310 manat borc pul almışdır. Cavabdeh pulu almamışdan əvvəl onların etibarını qazanmış, hətta özünə və ailə üzvlərinə məxsus olan sənədlərin əslini də girov qoymuş, aldığı pullarla bağlı yazılı qəbz də vermişdir. Cavabdeh götürdüyü pulu qısa müddət ərzində qaytaracağına söz versə də, pulu qaytarmamış, onları ağır duruma salmışdır. Cavabdehin onları aldatması, pulu qaytarmaması, müxtəlif bəhanələr gətirərək onları get-gələ salması nəticəsində onlara mənəvi ziyan dəymişdir ki, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Hazırkı vaxtadək cavabdeh götürdüyü borcdan heç nə qaytarmamışdır. İddiaçılar tələbi təsdiq edən sübut qismində məhkəməyə sadə yazılı qəbzlər t əqdim etmişlər. Təqdim edilmiş xx.xx.2017-ci il tarixli qəbzdə cavabdehin İddiaçı1 xx.xx.2017-ci ildə qaytarmaq şərti ilə 200 manat borc götürdüyü; xx.xx.2017-ci il tarixli iltizamda 2 ay müdətinə xx.xx.2018-ci ildə qaytarmaq şərti ilə 270 manat borc götürdüyü; xx.xx.2017-ci il tarixli iltizamda 6 ay müdətinə xx.xx.2018-ci ildə qaytarmaq şərti ilə 1100 manat borc götürdüyü; xx.xx.2017-ci il tarixli iltizamda 3 ay müddətinə xx.xx.2018-ci ildə qaytarmaq şərti ilə 320 manat borc götürdüyü; xx.xx.2017-ci il tarixli iltizamda İddiaçı2 Qayıbalı qızından 6 ay müdətinə qaytarmaq şərtilə 1320 manat borc pul aldığı qeyd olunmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş, göstərmişdir ki, qeyd edilən qəbzlər onun tərəfindən yazılmış və imzalanmışdır. Lakin qəbzdəki məbləğ də deyil, iddiaçılardan hissə-hissə cəmi 1300 manat məbləğində borc almış, həmin borc məbləğini qaytarmışdır. Qəbzlərdəki məbləğ faiz borcunu göstərir. Həmçinin, borc alarkən özünə və qohumlarına məxsus sənədləri borcun qaytarılmasının təminatı kimi iddiaçılara vermiş, əsas borcu qaytarsa da, iddiaçılar sənədləri qaytarmaqdan imtina etmiş, faiz borcunu ödəməyi ondan tələb etmişlər. Halbuki, onun əlavə olaraq faiz ödənişi ödəməyə maddi imkanı yoxdur. İş üzrə dindirilmiş şahid bildirmişdir ki, tərəflər arasında borcla bağlı mübahisənin olduğuna və cavabdehin borcu qaytardığını bildirməsinə şahid olsa da, şəxsən cavabdeh tərəfindən borcun ödənilməsinin şahidi olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4992/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilmiş, cavabdehdən 1890 manatın İddiaçı1 xeyrinə və 1310 manatın İddiaçı2 XXXı qızının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3468/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmişdir. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh xx.xx.2017-ci il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 270 manat, xx.xx.2017-ci il tarixdə 1100 manat, xx.xx.2017-ci il tarixdə 320 manat, xx.xx. 2017-ci il tarixdə 1320 manat məbləğində borcu iddiaçılardan almışdır. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh borcu ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin ye nidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işə birtərəfli baxılmış, işin mühüm əhəmiyyət kəsb edən halları araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh şikayət verdiyi üçün həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Bo rc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlili məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3468/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar