Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2784/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2894/2018 saylı, 11 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçı x1 cavabdeh x2 qarşı “kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 oktyab r 2018-ci il tarixli, 2(103)10670/2018 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2894/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 oktyabr 2018-ci il tarixli, 2(103)-10670/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bankın “Gəncə” filialı ilə onun arasında bağlanmış 06.09.2014-cü il tarixli 1049nkGNDJ/14 saylı “Kredit və bank hesabı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb i onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06.09.2014cü il tarixli “Kredit və bank hesabı müqaviləsinə” əsasən iddiaçıya 48 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 7.800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı cavabdeh Bankdan pulu manatla götürsə də, sonradan ona məlum olmuşdur ki, müqavilədə kreditin ABŞ dollarında ifadə edildiyi qeyd edilmişdir. Ancaq həmin vaxt dolların kursu 0,78 manat olduğuna görə iddiaçı buna əhəmiyyət verməmiş və ödəmələrini davam etdirmişdir. Lakin sonradan ölkədə devalvasiya baş verdiyi üçün ödəmələrində çətinliklər yaranacağını ehtimal edərək dollarla olan kreditin Azərbaycan manatına əvəz edilməsi ilə bağlı Banka müraciət edilmişdir. Bununla bağlı Bankın əməkdaşları tərəfindən iddiaçıya dəfələrlə müxtəlif vədlər verilsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra iddiaçının ödədiyi pullar ancaq faizlərin ödənilməsinə yönəldilmiş, əsas borcdan ödəmələr olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 oktyabr 2018-ci il tarixli, 2(103)-10670/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan, cavabdeh Bank ilə iddiaçı arasında bağlanmış 06.09.2014-cü il tarixli “Kredit və bank hesabı müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya 48 ay müddətinə illik 26 faizlə 7.800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bankın iddiasının qismən təmin edilməsi, 06.09.2014-cü il tarixli “Kredit və bank hesabı müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.1 39,54 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.451,38 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 20 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlər (hazırki iş üzrə iddiaçı) x1ndan və x3 müştərək qaydada tutularaq Banka ödənilməsi qət edilmişdir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin o, bu kimi halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Kredit məbləğinin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ödənişin əmələ gəldiyi vaxta uyğun mə zənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında təsbit olunmuş h üquqi mövqedən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə verilmiş kreditin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsi qanununa zidd deyil. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəl lədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərindən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi müb ahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 339.3-ci maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və iddiaçının özünün bildirdiyindən müəyyən edilir ki, iddiaçı, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsində” kreditin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsinin qeyd edildiyini elə müqav ilənin bağlandığı 06.09.2014-cü il tarixdə bilməli idi. Belə olan halda o, qeyd edilən müqavilənin etibarsızlığı barədə iddianı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddət ərzində irəli sürə bilərdi, lakin o, bu kimi iddianı tələbini özündə əks etdirən iddia ərizəsini 01.02.2018-ci il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 12 oktyabr 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2784/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2784/2019
25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver