Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2799/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 X5 X8 İddia tələbi: hesaba səhvən ödənilmiş pulun qaytarılması Açar sözlər: əsassız varlanma, kəsici müddətin keçməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14445/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxxx 2012-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən Cavabdeh2 X5 X6 (bundan sonra – üçüncü şəxs və ya Bank) müştərisi olan Cavabdeh1 (bundan sonra cavabdeh) 17-99146-1 saylı hesabına 6071 manat məbləğində ödəniş edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına səhvən ödənilmiş 6071 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin məbləğin iddiaçının hesabına geri qaytarılması üçün üçüncü şəxsə iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixli 193 saylı məktub ünvanlanmışdır. Lakin üçüncü şəxs tərəfindən pulun qaytarılmasından imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, hesabdan vəsaitin köçürülməsi və ya verilməsi haqqında sərəncamlar müştərinin özü tərəfindən verilə bilər. Cavabdehə həmin məbləği könüllü geri qaytarması barədə xx xxx 2019-cu il tarixdə məktub göndərilmiş, lakin cavabdeh ödənişi geri qaytarmamış və Banka olan borcundan 6071 manat məbləği ödəməməklə əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edib bildirmişdir ki, yaxın qohumunun Bakı şəhərinə qeydiyyatı olmadığından, Bank vasitəsilə onun adına avtomaşın götürmüş və Bankla kredit və ipoteka müqavilələri bağlamışdır. Lakin qohumu iki aydan sonra Banka ödənişlər edə bilməmiş, ona görə də avtomaşını Banka qaytarmış və o nun verdiyi etibarnamə əsasında Bank tərəfindən həmin avtomaşın başqa şəxsə satılmışdr. Buna baxmayaraq, 2011-ci ildə Bank ona qarşı borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış və iddia təmin olunmuşdur. Onun Banka olan borcu ödənilib, lakin həmin borcun kim tərəfindən ödənilməsi barədə heç bir məlumatı yoxdur. İddiaçını tanımır, həmin şirkətlə heç bir əlaqəsi olmayıb. İddiaçı hətta səhvən onun hesabına pul mədaxil etmiş olsa belə, bunu dərhal bilirdi və ən azından bilməli idi. Bu ödənişdən isə artıq 7 il keçmişdir. Göründüyü kimi iddiaçı müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2455/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14445/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur, bununla belə iddia təmin edilə bilməz. Belə ki, həmin pul köçürməsi xx xxxxxxx 2012-ci il tarixdə həyata keçirilmiş, hazırkı iddia isə 2019-cı ilin avqust ayında irəli sürülmüşdü r. Halbuki, Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddəti ötürmüşdür. Həmin maddədə göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və onun tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddət ötürüldüyünə görə iddia təmin edilə bilməz. İddiaçının istinad etdiyi hallar, yəni səhv köçürmə barədə məlumatı 2019-cu ilin fevral ayında əldə etməsi ilə bağlı dəlillər isə əsassızdır. Çünki iddiaçı hüquqi ş əxsdir və digər hüquqi şəxslər kimi onun da ciddi maliyyə sənədləri vardır və hər il aidiyyatı qurumlar qarşısında maliyyə vəziyyəti haqqında, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında, kapitalda dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatları verir, o cümlədən hər il dövlətə vergi verir. Belə olan halda isə həmin hüquqi şəxsin kifayət qədər yüksək məbləğin, yəni 6071 manatın səhvən başqa bir şəxsin hesabına köçürülməsindən 7 il ərzində məlumatı olmaması ağlabatan və inandırıcı deyildir və hüquqi şəxsə münasibətdə bu dəlillər heç bir halda qəbul edilə bilməz. Ona görə də, iddiaçı bu barədə məlumatı pulun köçürüldüyü 2012-ci ildə, ən geci isə 2013-cü ildə bilməli idi. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştira kı və izahatları İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə i ddiaçının və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəm əsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçmə si ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -14445/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2799/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2799/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver