Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2804/2022 Açar sözlər: borcun qaytarılması tələbi, iddia müddəti Bakı şəhəri, 22 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3264/2021 nömrəli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı İddiaçı MMC-nin (bundan sonra – MMC) direktoru X2 ilə alıcı Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə 01 saylı alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Bu müqavilə üzrə malların 1 kisəsinin qiyməti Klass A 5,7 manat və klass B 4,9 manat təşkil etmişdir. Müqaviləyə 1 saylı Əlavə Sazişlə malların 1 kisəsinin qiyməti Klass A 5,8 manat və Klass B 5 manat müəyyən edilmişdir.
2. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, onunla cavabdeh arasında imzalanmış Müqaviləyə əsasən sonuncuya "xxxx" sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixində 1000 manat ödəmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixinə MMC-yə 74348 manat məbləğində qalıq borcu mövcuddur.
3. MMC ilə işləyən X1 əsasən, x x.xx.2018-ci il tarixinə cavabdehin satıcıya 74.348 manat qalıq borcunun olduğu qeyd edilmiş və akt tərəflərin imzaları ilə təsdiqlənmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə 74348 manat məbləğində qalıq borcunun mövcud olması barədə Pretenziya ilə xəbərdar edilmişdir
5. Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə X2 cavabdehə 74348 manat məbləğində pulu xx.xx.2018-ci il tarixinədək faizsiz borc olaraq vermişdir.
6. Müxtəlif tarixlərə olan, imzalanmış nağd pulun təhvil-təslim aktlarına əsasən, cavabdeh borcuna görə MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.
7. Müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrinə əsasən, "xxxx" ASC tərəfindən müxtəlif çəkilərdə sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazar ına, cavabdehə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 74348 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" sement məhsullarının alqısatqısı nisyə qaydada həyata keçirilmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı "xxxx" sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu günədək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə y etirməmişdir Belə ki, cavabdehin iddiaçıya cəmi 74348 manat borcu var.
10. İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2019-cu ilin aprel-noyabr aylarında cavabdehə əlavə mal verdiyini bildirməklə, cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 78920 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixli müqavilə üzrə onun borcu olmamış, olan borcunu mədaxil orderləri ilə MMC-nin əməkdaşlarına, Namiq və Emil adlı şəxslərə kassa mədaxil orderi ilə ödəmişdir. Onun hal-hazırda İddiaçı MMC-yə heç bir borcu qalmamış, hətta borcunu ödədikdən sonra MMC tərəfindən müqavilədən kənar ona sement verilmiş və o, həmin məhsulları sataraq pullarını qaytarmışdır. Bundan əlavə cavabdeh ərizə verərək, iddia müddəti keçdiyindən tələbin rədd olunmasını xahiş etmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin (hakim:A.M.Behbudova) (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 74348 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizədə göstərilənlərə dair sübutları məhkməyə təqdim etməmiş, bu halları sübuta yetirməmişdir. Ona görə də məhkəmə 74.348 manat borca dair akta və digər sənədlərə istinad edərək həmin məbləğdə pulun cavabdehdən tutulması qənaətinə gəlmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 42 5, 442, 445, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 88, 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, borca dair işin halları lazımi qaydada araşdırılmamış, məhkəmə tərəfindən əsassız olaraq iddia müddəti tətbiq olunmamışdır. Kassator şikayətini əsaslandırarkən Mülki Məcəllənin 152, 156, 157, 180-cı, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 217, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı, kassasiya şikayət inə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Baxılan işdə iddiaçı MMC, əvvəlcə c avabdehlə bağladığı alqı-satqı müqaviləsi üzrə qalıq borcuna dair xx.xx.2018-ci il tarixli aktda göstərilən 74.348 manat borcun tutulmasını tələb etmiş, daha sonra tələbin həcmini artıraraq, cavabdehə 2019-cu ilin aprel-noyabr aylarında da mal verdiyini iddia etməklə 78.920 manat ödənilməmiş pulun tutulmasını xahiş etmişdir (§ 8-10).
36. Birinci instansiya məhkəməsi iddia üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizədə göstərilənlərə dair sübutları məhkməyə təqdim etməmiş, bu halları sübuta yetirməmişdir. Məhkəmə 74.348 manat borca dair akta da istinad edərək həmin məbləğdə pulun tutulmasını qət etmişdir (§ 12-13).
37. Qətnamədən iddiaçı deyil, cavabdeh apellyasiya şikayəti vermişdir. Bu səbəbdən iddianın rədd edilmiş hissəsi yox, 74.348 manat həcmində t əmin olunmuş hissəsi apellyasiya baxışının predmetini təşkil etmişdir.
38. Həmin məbləğdə iddia tələbi isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borca dair tərtib edilmiş və təsdiqlənmiş xx.xx.2018-ci il tarixli akta əsaslanır. İddiaçı, bu məbləğdə alacağının cavabdeh tərəfindən ödənilmədiyini bildirirək pulun tutulmasını tələb edir.
39. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etir az və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları baxımından iddianın qanuni əsası kimi Mülki Məcəllənin 567-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur (§ 26-27).
41. Bununla belə, cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir.
42. Kollegiya vurğualayır ki, qanunda mülki hüquqların müdafiəsi üçün iddia müddəti nəzərdə tutulmuşdur. Həmin müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş m ülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur (§ 21-23).
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etmə sini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».
44. Məlum olduğu kimi, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 24).
45. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə d axil olmuşdur.
46. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur.
47. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinin tətbiqinə dair ərizə üzrə araşdırma aparmamış, cavabdehin istifadə etdiyi müdafiə vasitəsinə heç bir hüquqi qiymət verməmişlər.
48. Bu hal həqiqətə nail olmaq üçün iş üzrə əhəmiyyət kəsb edən xüsusatların hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normaların pozulmasına (§ 28, 31), nəticə etibarilə maddi hüquq normalarının düzgün tətbi q olunmamasına dəlalət edir.
49. Ona görə də hazırkı mübahisənin düzgün həlli üçün iddianın təmin olunmuş 74.348 manat hissəsində tələbin qanuni əsasları üzrə iddiaçının tələb hüququnun həcmi, borcunu ödədiyini bildirən cavabdehin dəlilləri sübutetmə yükünə riayət olunmaqla yoxlanılmalı, ödənilməmiş borc müəyyən olunduğu halda, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparılmalı, bu çərçivədə cavabdehin öhdəliyin icra vaxtının (buna müvafiq olaraq iddia müddətinin əvvəlinin) hansı tarixdən başlandığı, iddianın qaldırıldığı tarixədək bu müddətin (müddətin başlamasından sonra, o cümlədən 2018 və 2019-cu ildə edilmiş ödənişlərə dair qəbzlər və digər hüquqi hərəkətlərlə) kəsilib-kəsilmədiyi və əhəmiyyət kəsb edən digər hallar aydınlaşdırılmaqla iddia tələbinə və cavabdehin ərizəsinə yekun hüquqi qiymət verilməlidir.
50. Bu məqsədlə qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov