Məhkəmə qərarları › İş №2(102)-2822/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2021

10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci Əhmədli döngəsində yerləşən X3saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı N Norveç Krallığının vətəndaşıdır. Onunla Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair razılığa əsasən, cavabdeh sözügedən evi iddiaçıya satmış və bu faktın təsdiqi kimi ona "xxxx" MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair” hesabat təqdim etmişdir. Həmin hesabatda tikintinin sahibi N qeyd edilmiş və evin inventar dəyəri 30.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı sözügedən evi oğlu x 1a vermiş, oğlu və gəlini M həmin evdə pasport qeydiyyatına alınmışlar. Sonradan t ərəflər arasında narazılıq yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 39.500 manat maddi zərərə görə, 12.000 manat mənəvi zərərə görə, 3.950 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə, 90 manat vəkilə ödənilmiş xidmət haqqına görə, 30 manat dövlət rüsumuna görə olmaqla, cəmi 55.570 manat pulun tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Norveç Krallığında, övladları Azərbaycanda yaşayırlar. 2017-ci ilin avqust ayında oğlu x 1u evləndirmək məqsədi ilə fərdi yaşayış evi almaq fikrinə düşmüşdür. Goranboy rayonunda qonşusu olmuş tanışı Cavabdeh ona Bakı şəhərinin Xət ai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evini 39.500 manat məbləğində satmağı təklif etmiş və o da razılaşmışdır. Mətləb evin sənədli və qanuni olduğunu söyləmişdir. Torpağa və evə baxdıqdan sonra razılıq vermiş, lakin uzun illərdir xarici dövlətdə yaşadığına görə alğı-satqı münasibətlərinin rəsmiləşdirmə qaydalarını yaxşı bilməmişdir. Bir neçə gün sonra Mətləb ona üzərində “Azərbaycan Respublikası, Daşınmaz Əmlakın İnventarlaşdırması Xidməti MMC”, “Tikintinin sahibi: X4” yazılmış, dörd vərəqdən ibarət, sonuncu vərəqində Xətai rayon İHB-nın Əhmədli qəsəbə İ.Ə.S. üzrə Nümayəndəsi əvəzi M.Ə.Allahverdiyevin imzası və dövlət gerbli möhür olan, ciddi təsir bağışlayan sənəd təqdim etmişdir. Mətləbə etibar etdiyinə və yaxın vaxtlarda oğlu i lə onun bacısı qızının evlənməsi gözlənildiyinə görə həmin sənədin mülkiyyət hüquqlarını təsdiq edən sənəd olduğundan şübhələnməmiş və alğı-satqı məbləği kimi ona 39.500 manat nağd pul ödəmişdir. Toydan sonra oğlu və gəlini alınmış evə köçmüşlər. Bir müddətdən sonra oğlu ilə Mətləbin bacısı qızı Xəyalə ayrılmışlar. Cavabdeh fərdi yaşayış evini qapının kilidini dəyişərək öz əlinə keçirtmiş, ona isə oğlu ilə Xəyalənin boşanması əsasında həmin evi təzminat şəklində zəbt etdiyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş CD-diskin məzmunundan görünür ki, Cavabdeh ilə X4 arasında mübahisə xarakterli telefon danışığı baş tutmuşdur. Söhbət zamanı Mətləb özü bildirmişdir ki, telefon danışığı zamanı onun səsinin yazılmasına etiraz etmir. Bu səbəbdən də hesab edir ki, həmin sübut qanunvericiliyin tələblərinə uyğun əldə olunmuşdur və mötəbər sübut kimi qəbul oluna bilər. İddia ərizəsinə əlavə edilmiş, onun şikayəti üzrə Xətai rayon Polis İdarəsinin 34-cü PB-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh təhqiqat orqanına verdiyi izahatında iddiaçıdan cəmi 30.000 manat pul aldığını bildirmiş, lakin pulun 9.500 manat hissəsini etiraf etməmişdir. Cavabdehin vurduğu maddi zərərin 39.500 manat olduğunu və iki ildən artıq müddətin keçməsini nəzərə alaraq (39.500 x 5% x 2) 3.950 manat pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə qanun üzrə faiz tələb etmək hüququ əmələ gəlir. Yuxarıda qeyd olunan maddi zərərin tələb olunması məqsədi ilə iddiaçı dəfələrlə Azərbaycana gəlməli olmuş, vəkillərlə görüşmüş, iki il ərzində əsə b və gərginlik içində olmuşdur. Həmçinin bu gərginlik hazırki iddia tələbinin baxışı müddətində də davam edəcək. Bu halda iddiaçının psixoloji gərginlik və sarsıntı keçirməsi şübhəsizdir. Bu səbəbdən də vurduğu mənəvi zərərə görə cavabdehdən 12.000 (on iki min) manatın tutulması qanuni və ədalətlidir.

4. Cavabdeh iddia tələbin qəbul etməmiş və bildirmişdir ki, mübahisəli evi o, üçüncü şəxsdən almışdır. Həmin vaxt evin tikintisi tam başa çatmadığından evin təmir-tikinti işlərini özü yekunlaşdırmışdır. Evin təmir-tikinti işlərinə 30.000 manat məbləğində pul xərcləmişdir. İddiaçı oğlu x 1u evləndirmək və ona ev almaq məqsədi ilə ona müraciət etmişdir. O, iddiaçının oğlunun onun bacısı qızı ilə ailə quracağını nəzərə alaraq, evi iddiaçıya yalnız evin tikintisinə çəkdiyi xərclərin ödənilməsi, y əni 30.000 manat müqabilində satmışdır. Bacısı qızını və iddiaçının oğlu Elməddini həmin evə qeydiyyata salmışdır. Daha sonra iddiaçı oğluna ev almaqdan peşman olmuş və pulları geri qaytarmaq istəmişdir. Hal-hazırda evin açarları iddiaçının gəlini, onun bacısı qızındadır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, x 1 saylı qətnaməsi ilə (sədrlik edən Ə.Abbasova) iddia qismən təmin edilərək, 30.000 (otuz min) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mübahisəli evin satınalması məqsədi ilə 30.000 manat məbləğində pul ödənilsə də, tərəflər arasında Mülki Məcəllənin tələblərinə uyğun olaraq fərdi yaşayış evinin alğı-satqısı müqaviləsi bağlanılmamış və nəticədə cavabdeh iddiaçının hesabına müqavilə və ya hər hansı hüquqi əsas olmadan 30.000 manat məbləğində əsassız varlanmışdır. Odur ki, 30.000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X3 ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə mübahisəli evin alğı-satqısı üçün 39.500 manat məbləğində pul ödədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia cavabdehdən qalan 9.500 manat məbləğində pulun tutularaq ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın 12.000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144,146,394, 646, 1091, 1092-ci maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv olunması və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakimlər Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) iddiaçı X1 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditor gecikdirilmiş vaxt üçün illik beş faizi o vaxt tələb edə bilər ki, borclunun kreditor qarşısında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi mövcud olsun və borclu həmin öhdəliyi müəyyən edilmiş müddətdə icra etməsin. Hazırkı mübahisə üzrə isə cavabdehin iddiaçı qarşısında icrası gecikdirilmiş hər hansı pul öhdəliyi olmadığından, iddiaçı həmin maddəyə istinad edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik 5%-in ödənilməsini tələb etməkdə haqlı deyil.

11. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə qeyd etmişdir ki, iddiaçı N tərəfindən ödənilməsi mübahisəsiz olan 30.000 manatın cavabdeh Mətləb Tağıyevin mülkiyyətinə keçməsinin keçərli (etibarlı) hüquqi əsası olmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh mübahisəli evə görə iddiaçıdan 30.000 almasını etiraf etmiş və iddiaçı isə tələbində qeyd etdiyi qalan 9.500 manatın ödənilməsini sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, tərəflər öz aralarında uzun müddət mübahisəsiz cavabdehin faktiki sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs əbəsi, 2-ci Əhmədli döngəsində yerləşən X3saylı fərdi yaşayış evinin satılmasına dair razılığa gəlmişlər. Həmin fərdi yaşayış evinin mülkiyyətinə keçirilməsinə dair sənədləşmə işlərini tam yekunlaşdıra bilməsə də həmin evin tikilib fərdi yaşayış evi vəziyyətinə gətirmək üçün cavabdeh vəsait (pul) xərcləmişdir. Bu vəsait isə cavabdehin əmlakının bir hissəsi olmuşdur. Əmlak üzərində sərəncam vermək hüququ isə Azərbaycan Respublikasının Konstitusiyasında və digər hüquq mənbələrində təsbit olunmuş normalarda dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Aralarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci Əhmədli döngəsində yerləşən X3saylı fərdi yaşayış evinin alğı-satqısına dair şifahi razılaşma əldə olunmuşdur (müqavilə bağlanmışdır). Həmin razılaşmaya görə də cavabdeh mübahisə p redmeti olan sözügedən fərdi yaşayış evini iddiaçıya satmış, iddiaçı isə bunun müqabilində ona 30.000 manat məbləğində vəsait vermişdir. Bundan sonra isə iddiaçı öz gəlinini və oğlunu həmin evə daimi pasport qeydiyyatına salmışdır. İddiaçının gəlini hazırki vaxtadək həmin evdə daimi pasport qeydiyyatındadır. İddiaçının ondan ödənilmiş 7.000 manat pul vəsaitini tələb etməsinə də etiraz etmir. Həmin vəsaiti cavabdeh ona məxsus fərdi yaşayış evini aldığı vəziyyətdə geri qaytaracağı təqdirdə, yəni əmlakda hər hansı bir fiziki zədələnmə və yaxud fərdi yaşayış evində heç kəsin pasport qeydiyyatında olmadığı vəziyyətdə (iddiaçının keçmiş gəlini həmin evdən pasport qeydiyyatından çıxdıqda) qaytarmağa hazırdır. Baxmayaraq ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü ma ddəsi tətbiq olunmalıdır. (Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər). Məhkəmə yalnız iddiaçının maraqlarını təmin etmişdir. Cavabdehin hüquqlarının pozulmasına baxmayaraq məhkəmə qətnamədə cavabdehin hüquqlarının bərpa olunması istiqamətində hər hansı mövqe bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan 30.000 manat miqdarında pul vəsaiti alması həm mülki işin materiallarında olan Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Bölməsində verdiyi izahatı, birin ci instansiya məhkəməsində özünün verdiyi etirafedici izahatı, şahid ifadələri, səs yazısı və digər sübutlarla tam sübuta yetirilmişdir. Mülki işin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində araşdırılması zamanı işin faktiki halları tam, hərtərəfli və obyektiv yoxlanılmış, beləliklə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı X4, Cavabdeh, üçüncü şəxslər X6 və X5 oğlu məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublik asının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə bax arkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 2

1. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh mübahisəli evə görə iddiaçıdan 30.000 manat almasını etiraf etmiş və iddiaçı isə tələbində qeyd etdiyi qalan 9.500 ma natın ödənilməsini sübuta yetirə bilməmişdir.

24. Kassasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, yalnız iddiaçının maraqlarının təmin olunduğunu qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

25. Həmçinin cavabdehin işə Mülki Məcəllənin 424.4-cü maddəsinin tətbiq olunması barədə dəlilləri qəbul olunmur. Belə ki, həmin normada müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələrindən bəhs olunur. Lakin tərəflərin arasında yaranmış hazırki vəziyyət müqavilənin ləğvi əsasında yaranmamışdır. Müqavilənin ləğvi qaydaları və əsasları Mülki Məcəllənin 421 və 423-cü maddələrində nəzərdə tutulmuşdur. Müqa vilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

26. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

27. Məhkəm ə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar