Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2869/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(105)-587/2023 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 05 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Sumqayıt Şəhər Məh kəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsi ilə Məmmədov Səməd Xəlil oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı “10.000 manat pul tələbinə dair” iddiası rədd edilib.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(105)-2013/2021 saylı qətnaməsi ilə Məmmədov Səməd Xəlil oğlunun apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6266/2021 saylı qərarı ilə Məmmədov Səməd Xəlil oğlunun kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 10.000 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdehlərdən 06 may 2014-cü il tarixdə Yaşma bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə alıb. Həmin bağ torpaq sahələri üçün o, cavabdehlərə Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə ümumilikdə 10.000 manat pul ödəyib. Həmin ba ğ torpaq sahələrini o, özünün və X2 adına alıb və cavabdehlər etibarnaməni onun və X2 adına veriblər. O, həmin bağ torpaq sahələrini alarkən bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olub.. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirrnək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olub ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilib. Bundan sonra o, Məmmədov Səməd Xəlil oğlunun iştirakı ilə cavabdehlərlə əlaqə saxlayıb bu barədə onlara məlumat verib və onlara bildirib ki, ya məsələni həll edib, ya da onun ödədiyi ümumilikdə 10.000 manat pulu qaytarın. Lakin, bu günədək heç bir nəticə əldə olunmayıb və cavabdehlər onu aldadaraq pulunu mənimsəyiblər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib və hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10.000 manat pul tutulub ona ödənilməlidir. O, həmin torpaq sahələrini Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə aldığı üçün, əvvəl sonuncu cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iddianı rədd edib və belə nəticəyə gəlib ki, Məmmədov Səməd Xəlil oğlunun müvafiq subyektiv hüququ yoxdur. Həmin işə baxılarkən, Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edib və etirazında qeyd edib ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı onunla 5.800 manata razılığa gəliblər və ondan cəmin 5.800 manat pul alıb. Cavabdeh1 iddianı qismən etiraf edib və onun cavabdehlərə 10.000 manat pul verdiyini Məmmədov Səməd Xəlil oğlu da təsdiq edir.
6. Cavabdehl ər iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazlarını belə əsaslandırmışlar ki, iddiaçını ümumiyyətlə tanımırlar və onunla heç bir işləri olmayıb. Bağ sahələrinə dair bildirirlər ki, onlar 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv.metr torpaq sahəsinin sahibi olublar. 2014-cü ildə torpaq sahələrini satmaq istəyiblər və bunun üçün maklerlər Səməd Məmmədov və Zöhrab adlı şəxslə görüşüb bağ sahələrini 5.800 manata satmağa razılığa gəliblər. Bağ sahələrinin özəlləşdirilməsi və öz adlarına həmin torpaq sahələrini sənədləşdirmək üçün üzünü görmədikləri iddiaçıya və onun arvadı X3 adına etibarnamə veriblər. İddiaçının hazırkı tələblə bağlı heç bir hüququ yaranmayıb və onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmayıb. Sumqayıt Şəhər Məhkəməsi nin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə Səməd Məmmədovun “pul tələbi barədə” iddiası rədd edilib. Hazırki iddia tələbi ilə bağlı digər Cavabdeh2 həqiqətən Yaşma bağları ərazisində 600 kv.metr bağ sahəsinin sahibi olub və o, 2014-cü ildə bağ sahəsini satmaq istəyib. Bağ sahəsini satmaq üçün maklerlər Səməd Məmmədov və Zöhrab adlı şəxslə görüşüb bağ sahələrini 5.800 manata satmaq barədə razılığa gəliblər. Məmmədov Səməd Xəlil oğlu bağ sahələrini onun tanışları, iddiaçının və onun arvadının adına alacağını deyib, o da Cavabdeh2 ilə onların adlarına etibarnamə veriblər. İddiaçını və onun arvadını onlar görməyiblər. Onlar torpaq sahələrinə qanuni əsaslarla sahib olublar, iddiaçı və onun arvadı X2 adına etibarnamə verdikdə X6 onlara torpaq sahələrinə görə cəmi 5.800 manat pul verib. Sonrada n torpaq sahələri ilə bağlı nə baş verdiyindən onlarda məlumatlı olmayıblar. 2021-ci ildək torpaq sahələri ilə bağlı onlara qarşı heç bir iddia tələbi irəli sürülməyib. İddiaçının da hazırda onlara qarşı pul tələbi irəli sürmək hüquq yoxdur.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məmmədov Səməd Xəlil oğlu izahatında göstərib ki, o, Yaşma bağları ərazisində torpaq sahəsinin alqı-satqısı ilə məşğul olur. Cavabdeh1 çoxdan tanıyır, sonuncu özünə məxsus olan torpaq sahəsini satmaq üçün ona müraciət edib. Həmin vaxt İddiaçı torpaq sahəsini satıq almaq istəyib və onlar torpaq sahəsini 10.000 ABŞ dollarına satmaq barədə razılığa gəliblər. Nəticədə İddiaçı torpaq sahəsini almaq üçün ona 10.000 ABŞ dolları pul verib. Bildirib ki, həmin puldan 2.000 manat pulu o, digər maklerlə birlikdə götürüb. Qalan pulu Cavabdeh1, sonuncu isə torpaq sahəsinə dair sənədləri ona verib. Daha sonra, İddiaçı həmin torpaq sahəsini özəlləşdirmək istəyərkən aydın olub ki, torpaq sahəsi başqa şəxsin adınadır. Qeyd edir ki, bu məsələ təxminən 3-4 il bundan əvvəl baş verib, lakin ili dəqiq xatırlamır.
8. Sumqayıt şəhər Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə 5.800 manat pulun tutulması qət edilib.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı cavabdehlərlə torpaq sahələrinin alqı-satqısı ilə bağlı 2014-cü ildə razılaşsa da, 2018-ci ilin sonlarında həmin torpaq sahələrinin başqa şəxslərin a dlarına olduğunu öyrənib. Bundan sonra, torpaq sahələrinin alqı-satqısında vasitəçi kimi iştirak etmiş Məmmədov Səməd Xəlil oğlu tərəfindən ilk dəfə 2019-cu ilin iyun ayında hazırki cavabdehlərə qarşı pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunub. Həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra, 2021-ci ilin fevral ayında Məmmədov Səməd Xəlil oğlu yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edib, lakin onun iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün iddiası Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə rədd edilib. Həmin qətnamə 29 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini alıb.
10. Daha sonra, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Ona görə də, hazırki iddia tələbi üzrə üzrə iddia müddəti iddiaçı tərəfi ndən ötürülməyib. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.7, 373, 377.1, 377.2, 377.3, 375.2, 386.1, 439.4, 1091, 1092-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4 -cü maddələrinə istinadla əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnamənin qismən - iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.
11. Cavabdeh1 apellyasiya şikayətini etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırıb və əlavə olaraq qeyd edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında öhdəliyin yaranması barədə hər hansı əqd olmadığı üçün hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsasını əsassız varlanma təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilən pulu əsassız varlanma kimi qiymətləndirib. Belə olan halda iki illik kəsici müddəti ötürdüyü üçün iddiaçının cavabdehə qarşı iddia verməyə subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.
12. İddiaçı, apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd edib ki, mübahisəli torpaq sahələrinin statusu ilə bağlı Reyestr Xidmətinə sorğu verib və sorğuya verilən cavabdan məlum olub ki, torpaq sahələrinə dair başqa şəxsin adına çıxarışlar var, çıxarışlar da bağçılıq kitabçaları əsasında verilib. Məmmədov Səməd Xəlil oğlu daha öncə cavabdehlərə qarşı iddia qaldırıb, lakin iddiası təmin olunma yıb. Bunun səbəbi isə pulun ona aid olması olub. İddiaçı əlavə olaraq bildirib ki, X1 arvadıdır. Bu səbəbdən pulun hamısı iddiaçı tərəfindən ödənilib. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 03 aprel 2023-cü il tarixli, 2(105)-587/2023 saylı qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov sədrlik edən, məruzəçi, Səyyad Qafari və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edib ki, Cavabdeh1 apellyasiya şikayətində iddiaçı tərəfindən ona pul verilmədiyini bildirməklə, həm in pulun yenə də vasitəçi Məmmədov Səməd Xəlil oğlu tərəfindən verildiyini bildirir və ona qarşı yalnız Məmmədov Səməd Xəlil oğlunun iddia qaldıra biləcəyini, iddiaçının da öz növbəsində ona qarşı deyil Məmmədov Səməd Xəlil oğluna qarşı iddia qaldırılmalı olduğunu qeyd edib. Cavabdeh1 birinci instansiya məhkəməsində vermiş olduğu izahatı ilə apellyasiya şikayətinin dəlilləri tam uzlaşmasa da, əslində biri-birini təkzib də etmir. Belə ki, cavabdeh gah iddiaçını tanımadığını, gah mübahisəli torpaq sahələri ilə bağlı 5.800 manatın ona çatdığını bildirir, gah da müddətin keçməsi ilə bağlı iddianın rədd olunmasını xahiş edir.
15. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, sonuncunun izahatı özü-özlüyündə ziddiyyətli olmaqla yanaşı, həm də iddia təl əbini təkzib etmir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddiaçı vermiş olduğu həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmayıb və müxtəlif vaxtlarda cavabdehlərə qarşı borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər edib, hətta bu barədə əvvəl Məmmədov Səməd Xəlil oğlu cavabdehlərə qarşı pul tələbinə dair iddia qaldırıb, lakin müvafiq subyektiv hüququ olmadığı üçün iddia rədd olunub.
17. Məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından qeyd edib ki, iddiaçı hazırki cavabdehlərə qarşı iddia verməkdə subyektiv hüququn daşıyıcısıdır. Belə ki, Cavabdeh1 heç də torpaq sahəsinin ona aid olmadığını bildirmir, əksinə həmin torpaq sahəsinin satılması ilə bağlı sənədləri özü vasitəçi Məmmədov Səməd Xəlil oğluna verildiyini, müştərinin (alıcının) də məhz sonunc u vasitəsilə tapıldığını, maklerlərin pulu çıxıldıqdan sonra məhz Məmmədov Səməd Xəlil oğlu tərəfindən ona verildiyini etiraf edib. Beləliklə, mübahisə predmeti olan torpaq sahələrinin pulu son olaraq Cavabdeh1 çatıb. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları, habelə Mülki Məcəllənin 14.2.6, 21, 560.1, 1091.1, 1091.2, 1092-ci maddələrinə və MPM-in 14.2, 77.1, 372.2, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib.
20. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçı etibarnamə əsasında bağ torpaq sahələrini cavabdehlərdən 2014-cü ildə alıb. Lakin həmin vaxtdan bu günə qədər qeyd olunan torpaq sahələrinə sahiblik etməyib. Yəni o, deməkdir ki, 2014-cü ildən əsassız varlanma barədə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilənə qədər (2022-ci il) 8 il vaxt keçib. Hər bir ağlı başında olan şəxs pulun müqabilində torpaq sahələri uzun illər həmin şəxsin sahibliyinə verilmirsə, həmin torpaq sahələrinə dair sənədləşmə işləri görülmürsə, anlamalıdır ki, qarşı tərəf onu aldadıb, pulunu mənimsəyib. Qanunverici isə bunun üçün konkret olaraq kəsici vaxt, 2 il müddət müəyyən edib. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri Mülki Məcəllənin 1095-ci maddəsində müddətə aid olan bu imperativ normanın tələbinə riayət etmədən iddiaçının əsassız iddiasını təmin etmişlər. Məhkəmə, iddiaçı tərəfindən verilən pulu əsassız varlanma kimi qiymətləndirib. Belə olan halda iki il müddəti ötürdüyünə əsaslı səbəbləri müəyyən etmədən həmin müddətə iddiaçının cavabdehlərə qarşı iddia verməyə subyektiv hüququnun olmadığı aşkardır. İddiaçı torpaq sahələrinə sahiblik etməyib, həmin torpaq sahələrinin ona verilməsini, bu mümkün olmadığına görə isə verdiyi pulu və vurulmuş maddi ziyanı 8 il müddətində cavabdehlərdən tələb etməyib. İddiaçının özünün cavabdehlər tərəfindən aldadılması 8 il cavabdehin vədinə inanaraq gözləməsi kimi əsassız mülahizələri Mülki Məcəllənin 1095-ci ma ddəsi ilə müəyyən edilmiş 2 illik müddətin buraxılmasına haqq qazandırmır. Kassator, həmçinin bağ sahələrinin onların istifadəsində olduğunu etiraz edərək qeyd etmişdir ki, maklerlərlə olan razılaşmaya əsasən mülkiyyət hüquqlarının sənədləşdirilməsi məsələsini digər tərəf öz boynuna götürüb, lakin bunu vaxtında etmədiyinə və mənə məlumat verilmədiyinə görə, digər şəxslər torpaq sahələrinə saxta sənədlər düzəltməklə torpaq sahələrini öz adlarına rəsmiləşdiriblər. Göründüyü kimi iddiaçının, habelə Yelena Laporetskayanın uzun illər hərəkətsiz qalması nəticəsində Cavabdeh2 ilə birlikdə sahibliyində olan torpaq sahələrindən məhrum olublar. Yelena Liporetskayanın adından çıxış edən iddiaçı özü öhdəliyi icra etməmişdir ki, bunun nəticəsində cavabdehlərə maddi ziyan dəyib. b)Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
23. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxm ış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olan ın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30 Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091.1, 1091.2, 1092-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq üçün qanunda nəzərdə tutulan müddətin keçməsinə dair Cavabdeh1 apellyasiya şikay ətinin dəlilləri üzrə tam, hərtərəfli araşdırma aparmayıb.
39. Belə ki, işin müəyyən edilmiş hallarına görə, 2014-cü ildə tərəflər arasında “Yaşma bağları” ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər birinin sahəsi 600 kv.metr olan 41 və 42 saylı bağ torpaq sahələrinin alqı-satqısına dair razılaşma olub. Cavabdeh1 42 saylı bağ torpaq sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 50 il müddətinə, yəni 06 may 2064-cü il tarixədək qüvvədə olmaqla Yelena Lopotetskayanın adına, Cavabdeh2 isə 41 saylı bağ torpaq sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 50 il müddətinə, yəni 06 may 2064-cü il tarixədək qüvvədə olmaqla İddiaçı adına notarial qaydada təsdiq edilməklə etibarnamələr vermişlər. 2018-ci ilin oktyabr ayınd a iddiaçı, həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Reyestr Xidmətinə müraciət edərkən, ona məlum olub ki, həmin bağ torpaq sahələri başqa şəxslərin adlarına özəlləşdirilib. Bundan sonra, bağ torpaq sahələrinin satın alımasında vasitəçilik etmiş Məmmədov Səməd Xəlil oğlu cavabdehlərə qarşı “10.000 manat pul tələbinə dair” iddia qaldırıb və Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə onun müvafiq subyektiv hüququ olmadığı üçün iddia rədd edilib. Sonradan, həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq, Ali Məhkəmənin Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
40. Hazırda iddiaçı, sözügedən bağ torpaq sahələrinə görə ca vabdehlərə 10.000 manat pul verdiyini göstərib, həmin pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsini iddia edir.
41. Cavabdehlər isə bağ torpaq sahələrinə qanuni əsaslarla sahib olduqlarını, həmin bağ torpaq sahələrinə görə iddiaçının və arvadı Yelena Lopotetskayanın adına 06 may 2014-cü il tarixli etibarnamələr verdiklərini, X5 onlara bağ torpaq sahələrinə görə cəmi 5.800 manat ödədiyini, ötən səkkiz il müddət ərizəndə iddiaçının onlara qarşı iddia qaldırmamaqla iddia müddətini ötürdüyünü göstərib, mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişlər.
42. Həmçinin işə baxan məhkəmələr müəyyən edib ki, Cavabdeh1 sözügedən bağ torpaq sahələrinə görə iddiaçıdan cəmi 5.800 manat pul alıb və işin bu halları işdə iştirak edən şəxslərin izahatları, habelə X5 iddiasına əsasə n əvvəlki mülki iş üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmiş faktlarla da təsdiq olunur.
43. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya məxsus sözügedən pul vəsaitini hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanıb, iddiaçı isə öz hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayında bilib və hazırkı iddia ilə məhkəməyə 04 iyul 2022-ci il tarixdə müraciət edib.
44. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının əsassız varlanma obyektini qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürməməsi ilə bağlı gəldiyi nəticəni, onun sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi müraciətlər etməsi, hətta bu barədə əvvəl X5 məhkəmədə iddia qaldırması və sair h allarla əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
45. Belə ki, əvvəla mülki qanunvericiliyə görə, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Hər şeydən əvvəl, əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Mülki Məcəllənin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. Mülki qanunvericiliyin prinsipinə əsaslanan bu müddəaya görə şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız m əhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və onun pozulmuş hüququ bərpa edilir.
46. Bununla yanaşı, nəzərə alınmalıdır ki, mülki qanunvericilik əsassız varlanma obyektini qaytarmaq üçün konkret müddət müəyyən edib, yəni iddia müddətini əsassız varlanmadan yaranan öhdəlik münasibətlərinə də şamil edib. 47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edəni n əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzi ndə irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
48. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün ən geci iki il müddət müəyyən edilib və maddənin mənasına görə, məhrum olanın əsassız varlanma obyektini qaytarmaq hüququ iki il qüvvədə olur. Məhrum olanın bu hüququ ona bu hüququ məlum olan vaxtdan başlayır.
49. Qeyd edilməlidir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və bu müddət məhrum olanın əsassız varlanma obyektini qaytarmaq hüququna aiddir.
50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iddiaçının sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi müraciətlər etməsi, hətta bu barədə əvvəl X5 məhkəmədə iddia qaldırması və sair hallar, iddiaçının Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 5.800 manat pul vəsaitini geri qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin keçməməsi anlamına gəlməyə əsas vermir. Çünki, iddiaçının izahatından, iddia ərizəsindən görünür ki, o, hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayı ndan bilib, hazırki iddia ilə məhkəməyə isə 04 iyul 2022-ci il tarixdə müraciət edib.
51. Belə olan halda apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən, ilk növbədə iddiaçının öz hüququnun pozulduğunu 2018-ci il oktyabr ayında bildiyi halda, nəyə görə ötən 3 il 9 ay müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəblərini araşdırmalı, iddiaçının irəli sürdüyü halların Mülki Məcəllənin 380, 381-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının kəsilməsi üçün əsas olub-olmadığını aydınlaşdırmalıdır.
52. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müd dət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi).
53. Yəni, şəxsin öz hüququnun pozulduğunu bildi yi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının kəsilməsi isə özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi).
54. İddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi yolu ilə rəsmiləşdirilir. Yalnız mülki-prosessual qanunveri ciliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının kəsilməsi üçün əsas ola bilər.
55. Eyni zamanda, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
56. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(105)-587/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.