Məhkəmə qərarları › İş №2(102)-2886/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2886/2019

16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2886/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, ASC “XXXXX” Bankının Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: ASC “XXXXX” Bankı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbi nin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC “XXXXX” Bankı Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Şirinov, iş 2(037)-704/2018) iddiaçı ASC “XXXXX” Bankının 20 sentyabr 2013-cü il tarixli **********50013 nömrəli kredit müqaviləsi üzrə 6.449,43 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 20 sentyabr 2017-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 1. 427,9 manat məbləğində əldən çıxmış faydanın əvəzi, həmçinin əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5.646,02 manat məbləğində peniya, cəmi 13.523,35 manat məbləğində pul vəsaiti, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədlivə İ.Quliyev, iş № 2(107)-2621/2018) iddiaçı ASC “XXXXX” Bankın apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: ASC “XXXXX” Bankı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad ol unması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 45.000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iki fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İsmayıllı rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsi, 37.775,74 manat pul vəsaitinin ipoteka predmetlərinin dəyərindən iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra 09 mart 2017-ci il tarixdə icra olunması üçüun İsmayıllı rayoni İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İpoteka predmetləri keçirilmiş hərraclarda satılmadığından onların alınması iddiaçıya təklif edilmiş və iddiaçı təklifə öz razılığını bildirmişdir. İpoteka predmetlərinin alqı-satqısı14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əm lakın alqı-satqısı barədə müqavilələr ilə rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıya olan borcu tam şəkildə ödənilmişdir. İddiaçı kredit müqaviləsi üzrə 6.449,43 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 20 sentyabr 2017-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 1.427,9 manat məbləğində əldən çıxmış faydanın əvəzi, həmçinin əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5.646,02 manat məbləğində peniya, cəmi 13.523,35 manat məbləğində pul vəsaiti, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (o tuz) manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 449.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. ASC “XXXXX” Bankı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstər ilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edi lmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar