Məhkəmə qərarları › İş №2(102)-2923/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2923/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2923/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 2(107)-3024/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Oğuz rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Ş.Süleymanov, iş № 2(054)-667/2018) iddiaçı ləğv prosesind ə olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Oğuz rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 14 may 2010-cu il tarixdə bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik istifadə dərəcəsi 24 faiz olmaqla 18 ay müddətinə 6700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehə məxsus minik avtomobili ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar tərəflər arasında 14 may 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. 2018-ci ilin iyul ayının 20-də bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin öz müqavilə öhdəliyini icra etməməsi səbəbindən 05 iyul 2018-ci il tarixə cəmi 3777,09 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehdən həmin borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılmaqla borcun əldə olunmuş vəsait hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi qətnamədən verdiyi kassasiya şikayə tində məhkəmə tərəfindən iddia müddətinin düzgün olmayaraq müqavilənin icra müddətinin bitdiyi 14 noyabr 2011-ci il tarixdən hesablanmasını və bu zaman işin hallarının araşdırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsin ə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunan hallarından görünür ki, cavabdehlə 18 ay müddətinə bağlanmış 14 may 2010-cu il tarixli kredit müqaviləsinin müddəti 14 noyabr 2011-ci il tarixdə başa çatmış və müqavilə üzrə sonuncu ödəniş 09 iyul 2015-ci il tarixdə həyata keçirilmişdir. Həmin vaxtdan sonra cavabdehdən borcun ödənilməsi tələb edilməmiş və bankın ləğvedicisi tərəfindən hazırkı iddia 20 iyul 2018-ci il tarixdə, qanunda müəyyən olunmuş 3 illik müddət, iddia müddəti ötdükdən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Müəyyən olunduğu kimi iddiaçı iddia müddətinin axımının kəsildiyi vaxtdan 3 il keçdikdən sonra borcun tutulması barədə məhkəmədə iddia qaldırmış və cavabdeh qanunun tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göstərilən vəziyyətdə iddia tələbinin rədd olunması qanuni olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 dekabr 2018-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar