Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2940/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(103)-4171/2023 saylı qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfi ndən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Bakı Sığorta Açıq Səhmdar Cəmiyyətindən “BMW 528 minik" markalı, 10-1L-098 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3.555 manat məbləğində maddi zərərin, taksiyə ödənilmiş 600 manat və iddia ərizəsi verildikdə ödənilmiş 70 manat dövlət rüsumunun, ümumilikdə 4.225 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi cavabdeh "xxxx" ASC-dən 826,50 manat, Cavabdeh1 2428,50 manat və cavabdehlər "xxxx" ASC-dən 18 manat dövlət rüsumu, Cavabdeh1 52 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 149 manatının Cavabdeh1 və 51 manatının cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(103)-4171/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilmiş formasına – qrafaların göstərilən konkret tələblərinə müvafiq tamlığına riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamə də göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmunu təsnif edilərək əks edilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, peşəkar hüquqşünasla təmsil edilən bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına (işə cəlb edilməsi, vaxtının alınması və s.) xidmət etməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (Vəkil) kassasiya şikayəti verərək, apelly asiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qərardadına heç bir hüquqi əsası olmayan müddəaları daxil edib Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin normalarını sadalamaqla apelyasiya şikayətini qeyri-mümkün saymışdır. Apellyasiya məhkəməsi öz qərardadını ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmayan formal mülahizələrlə əsaslandırmış, formal olaraq MPM-in 361.1 və 363-cü maddələrinin pozulduğunu göstərməklə apellyasiya şikayətini qeyri-mümkün saymışdır. Apellyasiya məhkəməsinin mövqeyindən məsələyə yanaşdıqda belə bir nəticəyə gəlmək olar ki, Mülki-Prosessual Məcəlləyə Əlavə 2- də göstərilən bütün qrafalar doldurulmalı olduğu halda apellyasiya şikayəti qəbul edilə bilər. Məsələyə belə yanaşma, tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmaqla yanaşı, apellyasiya instansiya məhkəməsinin icraatına daxil olan bütün apellyasiya şikayətlərinin geri qaytarılmasına dair heç bir hüquqi əsası olmayan məhkəmə təcrübəsinin formalaşmasına, tərəflərin məhkəmə çatımlılığının məhdudlaşdırılmasına, qanunvericilikdə təsbit edilmiş prosessual hüquqlarının əsassız pozuntusuna səbəb ola bilər.
9. Belə ki, MPM-in 385-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasları göstərilmişdir. Həmin maddənin 1-ci bəndi maddi və ya prosessual hüquq normalarının pozulmasını məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsaslarından biri k imi təsbit etmişdir. Qeyd edilən maddədə “və ya” bağlayıcısı yuxarı instansiya məhkəməsinə qətnamənin apelyasiya qaydasında birinci instansiya məhkəməsinə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün ayrıayrılıqda həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulmasını əsas tutaraq ləğv etmək səlahiyyəti verir. Maddənin məzmunundan aydın olur ki, yalnız maddi hüquq normaları pozulduğu, prosessual hüquq normaları pozulmadığı halda da, həmçinin, prosessual hüquq normaları pozulduğu, maddi hüquq normaları pozulmadığı və hər ikisinin, həm maddi, həm də prosessual hüquq normalarının eyni vaxtda pozulduğu hallarda da qətnamə apellyasiya qaydasında ləğv edilə bilər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması əsasla rı apellyasiya şikayətində yetərincə əsaslandırılmışdır və qanunvericiliyin qeyd edilən normasının məzmunundan müəyyən olunur ki, tərəf, ümumiyyətlə yalnız maddi hüquq normalarının pozulması əsaslarını sadalamaqla kifayətlənib, prosessual hüquq normalarının pozulmasına dair qrafada heç bir əsas göstərməyə də bilər və bu hal apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməli olduğuna əsas vermir.
10. Əsaslandırmanın məzmunundan da göründüyü kimi apellyatorun mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməməsi, maddi hüquq normalarının pozuntusuna və eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmamasına (subyektiv hüququn olub olmamasına) səbəb olmuşdur. Cavabdeh öz mövqeyini yetərincə aydın və səlis formada göstərmişdir. Azərbaycan Respublikası MPMin 363-cü maddəsində Mülki-Prosessual Məcəllənin əlavə 2-də göstərilən bütün qrafalar doldurulmadığı halda apellyasiya şikayətinin qeyri-mümkün sayılmasını təsbit edən heç bir norma olmadığı halda məhkəmə formal əsaslara görə öz mövqeyini MPM-in 363.1.1-1-ci maddəsi ilə əlaqələndirərək, apellyasiya şikayətinin forma və məzmununa riayət edilməməsi əsası ilə apellyasiya şikayətini geri qaytarmışdır. Halbuki, MPM-in 361-ci maddəsinin heç bir bəndində əlavə 2-də olan bütün qrafaların mütləq şəkildə doldurulmasına dair birbaşa göstəriş yoxdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir).
13. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...
14. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
15. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.
17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
18. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
20. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
21. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərard adının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Əda lət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
24. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəz i şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 361-ci maddəsində apelyasiya şikayətinin forma və məzmununa dair tələblərdir. Həmin normada apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.
25. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində “Apelyasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apelyasiya” sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilə n apelyasiya şikayətlərinin MPM-də müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Apellyasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.
26. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh apelyasiya şikayətini MPM-nə Əlavə 2-yə uyğun tərtib etməmiş, formada nəzərdə tutulmuş digər bölmələri doldurulmamışdır (bu qərarın 5-ci paraqrafı).
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar ciddi tətbiq olunmuşdur. Belə ki, apelyasiya şikayətinin hüquqi baxımdan mükəmməl tərtib olunması mübahisələndirilə bilrər. Lakin apelyasiya şikayətində cavabdehin maddi hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıqaşkar əsaslandırılmamış deyildir. Cavabdeh kassasiya şikayətinin “maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan 6-cı bölməsində qətnamənin qanunsuz olması barədə dəlillərini kifayət qədər aydın göstərmiş və əsaslandırmışdır.
28. Apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin digər bölmələrinin əsaslandırılmaması və bu əsasla apelyasiya şikayətinin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı sayıla bilməz. Çünki bu əsasla apelyasiya şikayətinin mümkün sayılmaması barədə göstəriş yoxdur.
29. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat for mallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
30. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(103)-4171/2023 saylı qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.