Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən Binəqədi rayonu Xocəsən Bələdiyyəsininkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-1566/2018, hakim T.S.Kərimov) İddiaçı Əbdülhüseyn oğlunun Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilmiş, cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən 8.000 manat və 5.788 manat bank uçot dərəcəsi ilə faiz borcu olmaqla, ümumilikdə 13.788 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9396/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Binəqədi rayonu Xocəsən Bələdiyyəsi verdiyi kassasiya şikayətində həmin qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 03 iyul 2006-cı il tarixli qərarı ilə bələdiyyə ərazisində yerləşən 1 ha torpaq sahəsinin təsdiq edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə İddiaçı Əbdülhüseyn oğlunun mülkiyyətinə verilməsi, İddiaçı Əbdülhüseyn oğlu tərəfindən torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləğinin bələdiyyə büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı Əbdülhüseyn oğlu tərəfindən Xocəsən Bələdiyyəsinin hesabına 8.000 manat məbləğində pul ödənilmişdir. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə14 avqust 2007-ci il tarixdə İddiaçı Əbdülhüseyn oğlu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyindən onun mülkiyyətinə verilmiş 1 ha torpaq sahəsindən imtina etməsi və həmin torpaq sahəsinin “xxxx” MMC-nin mülkiyyətinə verilməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə verilmişdir. “xxxx” MMC tərəfindən Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə ünvanlanmış ərizədə MMC bələdiyyənin 03 iyul 2006-cı il tarixli qərarı ilə İddiaçı Əbdülhüseyn oğlunun mülkiyyətinə verilmiş 1 ha torpaq sahəsinin qarşılıqlı razılaşma yolu ilə MMC-nin müllkiyyətinə keçirilməsini xahiş etmişdir. “Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsinin qarşılıqlı razılığa əsasən addan-ada keçirilib alqı-satqı yolu ilə “xxxx” MMC-nin mülkiyyətinə verilməsi haqqında” Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə14 avqust 2007ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 1 ha torpaq sahəsinin İddiaçı Əbdülhüseyn oğlunun mülkiyyətinə verilməsi barədə 03 iyul 2006cı il tarixli qərarın ləğv edilməsi, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə “xxxx” MMC-nin mülkiyyətinə verilməsi, MMC tərəfindən torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləğinin bələdiyyə büdcəsinə ödənilməsi qərara alınmışdır. 14 noyabr 2016-cı il tarixdəİddiaçı Əbdülhüseyn oğlu hazırki iddia ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin həcminin artırılaraq Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən ona verilmiş 1 ha torpaq sahəsinə görə ödədiyi 8.000 manat pul məbləğinin, həmin pula görə bu günədək bank uçot dərəcəsinin, əldən çıxmış faydanın və ümumilikdə 5.720 manat maddi zərərin əvəzinin ona ödənilməsibarədə qətnamə qəbul edilməsinixahiş etmişdir. İş üzrə yuxa rıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində yeləşən 1 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamı ilə X3 daimi istifadəsinə verilmişdir. Binəqədi rayonu Xocəsən Bələdiyyəsi səlahiyyəti olmadığı halda həmin torpaq sahəsini ona satmı ş, əsassız olaraq ondan 8.000 manat almışdır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncam əsasında universitet kampusunun tikintisi üçün X3 daimi istifadəsinə ayrılmış torpaq sahəsindən 1 ha torpaq sahəsini 03 iyul 2006-cı il tarixli 13/01 saylı qərarla alqı-satqı yolu ilə 8.000 manata iddiaçıya satmaqla iddiaçının hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığından hazırki halda isə iddiaçının torpaq sahəsi ilə bağlı hüquqlarının bələdiyyəyə qarşı torpa q sahəsi üzərində hüquqlarının bərpası ilə əlaqədar 04 iyul 2016-cı il tarixdə qaldırmış olduğu iddia çərçivəsində aparılan araşdırmanın nəticəsi olaraq həmin torpağın ona qanuni əsaslar olmadan satılmasını müəyyən etdiyi andan müddətin axımı başladığından iddia müddətinin tətbiqi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 449, 1091, 1092, 1093 və 1095-ci maddələrinə istinad edilmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinin səlahiyyəti olmadığı halda ona bələdiyyə ərazisində yerləşən 1 ha torpaq sahəsi satdığını və əsassız olaraq ondan 8.000 manat aldığına istinad edərək hazırki iddia tə ləbini irəli sürmüşdür. Əsassız varlanmanın əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı torpaq sahəsini aldıqdan 1 il sonra, 14 avqust 2007-ci il tarixdə sahibkarlıq fəaliyyətini həyata keçirə bilmədiyini göstərərək torpaq sahəsindən “xxxx” MMC-nin xeyrinə imtina etdiyi barədə ərizə vermiş dir. Həmin ərizə əsasında bələdiyyə mübahisəli torpaq sahəsinin “xxxx” MMC-nin mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci mаddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin iddia müddətinin başlanmasını müəyyən edən 377-ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı tərəfindən qeyd edilən ərizə 14 avqust 2007-ci il tarixdə verilmiş, həmin tarixdə torpaq sahəsi iddiaçı tərəfind ən bələdiyyənin balansına qaytarılaraq “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçı həmin vaxtdan torpaq sahəsi üzərində hüquqlarına xitam verildiyini bilmişdir. Lakin apellyasiya məhkəməsi işin qeyd olunan halına ümumiyyətlə iddia müddətinin əsaslarını müəyyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının torpaq sahəsinin ona qanuni əsaslar olmadan satılmasını 2016-cı ildə bildiyindən, iddia müddətinin axımının həmin vaxtdan başlanması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq no rmaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismın təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə lidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3024/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3024/2019
25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver