Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1158/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-451/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6489/2018 saylı, 25 iyul 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 39683,02 ABŞ dolları əsas, 19837,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 59620,43 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-370/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6489/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 21 yanvar 2015-ci il tarixli, 21-SME-1-0-36-15 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 iddiaçı "xxxx" İKB ASC-yə xeyrinə 39549,57 ABŞ dollar əsas və 19835 ABŞ dollar faiz borcu, 100 ABŞ dollan cərimə, cəmi 59484.57 ABŞ dolları (icra zamanı milli manat ekvivalentində), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" İKB ASC-yə olan borc məbləğinin ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6519/2019 saylı qərarı ilə ilə iddiaçı "xxxx" İKB ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-370/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt şəhəri, 8-ci mkr, ev 22A, mənzil 16 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22A saylı evin, 16 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(060)-6489/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 02 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 və X2 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-451/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair keçirilmiş hərracın nəticələrinin ləğvinə dair şikayət verilməsi üçün vəkili elektron qaydada müraciət etmişdir. Lakin müraciətə bu günə qədər cavab verilməmişdir. Başqa yaşayış yeri yoxdur. Hepatit C xəstəliyindən əziyyət çəkir. Övladlarından biri ali məktəbi bitirib, hərbi xidmətə yollanacaq, digəri isə xəstədir. Əslində banka olan borcundan boyun qaçırmır. Lakin yeni qrafik tərtib edilməsini və buna uyğun ödənişlər edilməsini istəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (...)
Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi (...) 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hazırkı qətnamənin 1-4-cü bəndlərində qeyd edilmiş qətnamələrdən müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-370/2019 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmaqla tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin əsaslı olması üçün qeyd edilən normanın dispozitiv şərtləri hazırki işin hallarına uyğun olmalıdır. Bunun üçün iddiaçı iddia etdiyi əmlakən mülkiyyətçisi olmalı, əmlak özgəsinin sahibiyində olmalı və özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır.
22. İddiaçı bank mübahisəli əmlakın mülikyyətçisidir. Belə ki, keçirilmiş hərracın yekununda həmin ev banka təklif edilmiş və bankın evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır.
23. Cavabdehlərin həmin əmlaka sahibliyinin hər hansı bir qanuni əsası yoxdur. Çünki tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
24. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən 22A saylı evin 16 nömrəli mənzili iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin mənzildən cavabdehlərin çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
25. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mülkiyyətçi kimi hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
27. Borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və cavabdehin yeni qrafik əsasında ödənişlər etmək istəməsinin hazırkı mübahisənin predmetinə aidiyyəti yoxdur. Cavabdehin Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-451/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.