Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-306/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-306/2024 (Açar sözlər: Təbii qazdan qanunsuz istifadə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4725/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən ünvan 1 ünvanına olan X1 adına olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış və 8.812,80 manat dəymiş zərər hesablanmışdır.
2. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 1 ədəd maksimal saatlıq qaz sərfi 1,2 m³ olan PQ4, 1 ədəd maksimal saatlıq qaz sərfi 3 m3 olan QSSQ, 2 ədəd maksimal saatlıq qaz sərfi 1,4 m³ olan Dəmir soba və 1 ədəd maksimal saatlıq qaz sərfi 1,5 m³ olan İran sobası olduğu qəbul edilərək, X1 adına 73440 m³ itirilmiş qaz hesablanmışdır. 3. 13.0 4.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X3 ilə X2 arasında olan nikah pozulmuşdur.
4. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli AKX 05087xx/xx-2023 nömrəli Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanı yeni sayğac ilə əvəzlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.812,80 manat məbləğində dəymiş zərər və ödənilmiş 108,13 manat dövlət rüsumu, ümumilikdə isə 8.920,93 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05087xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarım bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaq la, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 8.812,80 manat zərər dəymişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim R.Ə.Mirzəliyev) 03 may 2023-cü il tarixli, 2(008)-1876/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1.684,80 manat məbləğində dəymiş zərər və ödənilmiş 36,85 manat dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməm əsi qət edilmişdir.
8. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m³ olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd PQ4, maksimal saatlıq qaz sərfi 3 m³ olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m³ olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m³ olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 73440 m³ itirilmiş qaz hesalanaraq 8.812,80 manat ziy an hesablanmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, ünvan 3 ünvanında 1 ədəd PQ, 1 ədəd QSSQ, 1 ədəd Dəmir soba və 1 ədəd İran sobası olduğu müəyyən edilmişdir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır.
9. Məhkəmə dəymiş ziyanın bərpasına dair tələbnamədə 1 ədəd PQ-4 üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat, hesabat müddəti isə 360 gün deyil, 180 gün, 1 ədəd QSSQ üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 360 gün deyil, 180 gün, 1 ədəd Də mir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 360 gün deyil, 180 gün, 1 ədəd İran sobası üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 360 gün deyil, 180 gün kimi qəbul etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, itirilmiş qazın bərpası 1 ədəd PQ-4 üçün 1,2x6x180=1296 m³, 1 ədəd QSSQ üçün 3x12x180=6480 m³, 1 ədəd Dəmir soba üçün 1,4x12x180=3024 m³, 1 ədəd İran sobası üçün 1,5x12x180=3240 m³ olmaqla, cəmi 14040 m³ hesablanmalı və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 (on iki qəpik) manata vurulmalıdır. İddiaçıya dəymiş zərər 1684,80 manat məbləğində olması müəyyən edilir
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında” qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin onun qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəl iklərini yerinə yetirməməsi, təbii qazdan istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir, abonentin özü tərəfindən tam ödənilməlidir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) 2(103)-4725/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra haki miyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Ancaq cavabdeh həmin halı mübahisələndirməmiş, qətnamə ilə razılaşaraq şikayət verməmişdir. Ona görə də cavabdehin qaz xəttinə qanunsuz qoşulması mübahisə doğurmur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
17. Məhkəmə tərəfindən göstərilənlər nəzərə alınmaqla vurulmuş zərər yenidən hesabl anmaqla tutulmalı olan borcun məbləği 1.684,80 manat düzgün müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 443.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na və “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də təbii qazdan qeyri-qanuni istifadə faktını tanımış, lakin həmin akt üzrə iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vuru lmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirik ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı apellyasiya instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyə t daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
30. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
31. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
32. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəf indən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Qanun
33. Maddə 13.Hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət tə qibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur.
47. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4725/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.