Məhkəmə qərarları › İş №2(102)-3091/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3091/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3091/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ziyaddin oğlunun cavabdehlər 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Ziyaddin oğlunun cavabdehlər 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı “kredit müqavilələrinə xitam verilməsi və icra qeydlərinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3606/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qərardadından İddiaçı Ziyaddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 5 aprel 2023-cü il tarixli kredit müqaviləsinə görə onun tərəfindən iddiaçıya 10.000 manat məbləğində pul verilmişdir. Həmçinin aralarında bağlanmış 8 aprel 2023-cü il tarixli ikinci kredit müqaviləsinə əsasən ona 20.000 manat məbləğində pul verilmişdir.

2. Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna hər iki kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu ya göndərilən bildiriş” (SS875281933AZ kodlu poçt qəbzinin surəti əlavə olunur) ünvanlanmış, SS875281933AZ kodlu poçt göndərişi İddiaçı Ziyaddin oğluna çatdırılmış və yoldaşı Gülbəniz Abdullayeva tərəfindən qəbul edilmişdir. 3. 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-40910 reyetr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 20.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. 4. 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-40911 reyestr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 10.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Ziyaddin oğlu cavabdehlər 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə aralarında bağlanmış hər iki müqavilədə həmin borc pulun faizsiz verildiyi göstərilsə də, əslində Cavabdeh2 tərəfindən həmin pul ona yüksək faizlə verilmişdir. Cavabdehdən götürülmüş ümumilikdə 30.000 manat pulun əvəzinə iddiaçı tərəfindən ona 60.000 manat məbləğində pul ödənilmişdir. Həmin bu pulun qaytarılması həm onun tərəfindən şəxsən Cavabdeh2 özünə nağd şəkildə ödənilməklə, həm də bank köçürmələri vasitəsilə verilmişdir. Eyni zamanda Cavabdeh2 onun barəsində Bakı şəhəri, Nizami rayon polis idarəsinə şikayət ərizəsi verdiyi üçün polis idarəsinə aparılan araşdırma zamanı da iddiaçı tərəfindən cavabdehə 12.000 manat pul ödənilmişdir. Yəni, ümumilikdə 30.000 manat pul əvəzinə iddiaçı tərəfindən 60.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 artıq iddiaçının ona borcu olmadığını bildiyi halda həmin bu borc müqa vilənin bağlandığı 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət edərək həmin pulların ondan tutulması barədə 11 oktyabr 2024-cü il tarixli icra qeydi əldə etmiş və bu icra qeydləri 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. Əgər öhdəlik tam şəkildə icra olunmuşdursa onda öhdəliyin icra olunması əsası ilə həmin öhdəliyə xitam verilməlidir. İddiaçı tərəfindən həmin bu borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuş və onun Cavabdeh2 qarşısında heç bir öhdəliyi qalmamışdır. Lakin o, haqq-ədaləti unudaraq və vicdanlıq prinsipinə əməl etməyərək notariat ofisinə iddiaçının ona olan borcun ödənilməsi ilə əlaqədar ərizə verməmiş və bu da əsassız olaraq digər cavabdeh tərəfindən iddiaçı barədə icra qeydinin verilməsinə səbəb olmuşdur.

7. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi həqiqətən də onunla iddiaçı arasında xx.xx.2023-cü il tarixlərində 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə bağladıqları kredit müqaviləsinin 2-ci bəndində qeyd edilir ki, “Borc alan” krediti 10.000 manat xx.xx.2023-cü il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. 8 aprel 2013-cü il tarixdə həmin notariat kontorunda 20.000 manat borcla əlaqədar olan kredit müqaviləsinin 2-ci bəndində isə yenə “borc alan”ın krediti xx.xx.2023-cü il tarixinədək “borc verənə” notariusun depozit hesabı ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan və hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı Ziyəddin oğlu hər iki kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aralarında bağlanan kredit müqaviləsində pulun faizsiz verilməsi qeyd olunsa da güya o pulu faizlə vermişdir. Bu uydurma yalandır və əgər aralarında olan müqavilədə faizin almadığı notarial qaydada təsdiq edilirsə, nə borclu ona faiz verərdi, nə də borcverən ondan faiz tələb edə bilərdi. Bu addım onun iddiaçıya verdiyi pulu vermir, hansı faizdən söz gedə bilər. O, iddiaçıya borc pulu verdikdən bir müddət sonra bilmişdir ki, İddiaçı Ziyaddin oğlu ona qarşı etdiyi eyni məzmunlu əməllərə görə iki dəfə məhkum edilibdir. İddiaçı iddia tələbində qeyd edir ki, ona 60.000 manat məbləğində pul ödəyib. Dələduzluq c inayət əməllərində 2 dəfə həbs edilən bu şəxs cavabdehin ona borc verdiyi pulları notariat qaydasında verdiyini bildiyi halda heç bir vaxt ona qaytardığı pulu əl-bə-əl verə bilməzdi. İddiaçı ərizəsində qeyd etmişdir ki, ona qaytardığı pulları bank köçürmələri vasitəsilə etmişdir. Notarial qaydada bağlanan “Borc müqaviləsi” əsasında İddiaçı ona borclu olduğu 30.000 manatdan əlavə o, özünün əlyazma qaydasında ona vermiş olduğu “müqavilə” əsasında ona 7.000 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Polisə müraciəti nəticəsində iddiaçı ona 7.000 ABŞ dollarını Azərbaycan puluna keçirməklə 11.000 manat qaytarmışdır, yəni 1.000 manat hələ əksik olaraq qaytarmışdır. Rəsmi qaydada verilən 10.000, 20.000 və 7.000 ABŞ dollarından əlavə İddiaçı 75.000 manatdan artıq pul vermişdir və birlikdə alver etmişlər. Bu pulları ona borc verməyi barədə ondan heç bir sənəd almamışdır. Lakin zaman keçdikcə onun hərəkətlərindən, haqq-hesab zamanı dürüst olmamasından şübhələndiyi və bu cür halları ona sübut etdiyi üçün sonradan ona verdiyi pulları qanunla müəyyən olunmuş rəsmi qaydada, yəni ya qəbz almaqla, ya da notarial qaydada verməyə başlamışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh2 aldığı pulu artıqlaması ilə sonuncuya qaytarılmışdır. Cavabdeh2 pula faiz hesabladığına görə ondan pul tələb edir. Belə ki, o Cavabdeh2 12.000 manat pulu polis orqanında aparılan araşdırma zamanı qaytarmışdır, 3.100 manatı “Kapital Bank” vasitəsilə köçürmə yolu ilə, 2.000 manatı “ABB” bankı vasitəsilə bank köçürməsi yolu ilə qaytarmışdır. Bundan əlavə də üzərində yazılar a ydın görünməyən 1 ədəd pul qəbzi ilə “Kapital Bank” vasitəsilə, 1 ədəd pul qəbzi ilə “ABB” bankı vasitəsilə və bundan əlavə də 1 ədəd qəbz vasitəsilə Cavabdeh2 pullar ödəmişdir. Bundan əlavə əldən-ələ Cavabdeh2 30.000 manatadək nağd pulu hissə-hissə müxtəlif vaxtlarda qaytarmışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynurə Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il kredit müqavilələri üzrə borclu İddiaçı Ziyaddin oğluna “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”lər qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və qeyd olunan müqavilələrə əsasən borc məb ləğlərinin tutulması (müvafiq olaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.000 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20.000 manat) üçün icra qeydlərinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydaların ziddinə yönəlmiş hallar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin əsas dəlilləri tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə qalıq borcların məbləğinin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Borc müqavilələri üzrə icra qeydləri verildiyindən, borcun məhkəmə qaydasında mübahisələndirilməsi istisna olunur. İcra qeydləri üzrə pulun ödənililib-ödənilməməsi və ödənilmiş pulun həcmi müstəqil iddianın verilməsi yolu ilə iddia icraatı çərçivəsində deyil, icra qeydinə əsasən başlanmış icra icraatı çərçivəsində müəyyənləşdirilir. Hər iki kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun tam ödənilməsi, yəni öhdəliyin icra ilə əlaqədar müqavilələrə məhkəmə qaydasında xitam verilməsi barədə iddia tələblərinə münasibətdə, məhkəmə yuxarıdakı mövqeyini rəhbər tutaraq, qeyd etmişdir ki, həmin müqavilələr üzrə borcun tutulmasına dair icra qeydləri verildiyindən, həmin müqavilələr üzrə borcların tutulması və ya buna dair öhdəliklərə xitam verilməsi məsələlərinə iddia icraatı qaydasında deyil, icra qeydləri üzrə icraat çərçivəsində hüquqi qiymət verilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1 və 37.1-ci, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, icra qeydi üzrə icra icraatı icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra məmurunun hal-hazırkı iddia ərizəsində göstərilən məsələləri aydınlaşdırmaq və araşdırmaq səlahiyyəti yoxdur. İcra məmuru yalnız on a təqdim edilmiş icra sənədi əsasında icraat işini aparır. İddia ərizəsindən və iddia ərizəsinə əlavə etdiyi vəsatətlərdən də görünür ki, bu iddianın araşdırılması üçün müxtəlif banklara sorğuların verilməsi, polis idarəsindən araşdırma sənədlərinin alınması, şahidlərin dindirilməsi və s. barədə vəsatətlər vermişdir. Yəni, onun iddia ərizəsinin araşdırılması bir çox zəruri məlumatların əldə edilməsi nəticəsində mümkün idi ki, icra məmurunun da həmin səlahiyyətləri yoxdur. Həmçinin onun cavabdehə ödədiyi pul vəsaitləri həmin bu icra qeydləri verilənə qədər olmuşdur ki, praktikada da icra məmuru icraata başlamaq haqqında ona təqdim edilmiş icra sənədindən əvvəl edilmiş ödənişləri həmin icra işi üzrə ödəmiş kimi qəbul etmir. Təbii ki, bununla əlaqədar mübahisə yarandıqda da yenə həmin məsələy ə məhkəmə müstəvisində baxılır. Bundan başqa bildirir ki, əgər iddiaya hal-hazırkı şəkildə baxılmalı deyildisə, onda hakim iddia ərizəsini onun icraatına gələn kimi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməli idi. Amma işin hallarından da görünür ki, onun iddia ərizəsi icraata götürülmüş və altı aydan artıq məhkəmə prosesi getdikdən sonra məhkəmə bu qənaətə gəlmişdir.

15. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3606/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşsa da, gəldiyi nəticəni əsaslı hesab etməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələblərinə icra icraatı qaydasında baxılmalıdır. Bu isə o deməkdir ki, həmin tələblərə iddia icraatında baxılmalı deyil və bu səbəbdən də işin icraatına xitam verilməlidir. Belə ki, iddia tələbi iki hissədən öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli icra qeydlərinin ləğv edilməsindən ibarət olmuşdur. Tərəflərin izahatlarından da göründüyü kimi, onlar arasında kredit (pul) münasibətləri olmuşdur. Tərəflər öz iradələrini sərbəst şəkildə həyata keçirməklə əqd bağlamışlar. İddiaçı da həmin əqdləri mübahisələndirməmişdir.

18. Hazırda iddiaçı hər iki müqavilə üzrə öhdəliyini icra etməsinə əsaslanaraq müqavilələrə xitam verilməsini tələb edir və Mülki Məcəllənin 528-ci maddəsinə əsasən iddiaçı hesab etmişdir ki, öhdəliyə icra nəticəsində xitam verilməlidir.

19. Məhkəmə kollegiya qeyd etmişdir ki, öhdəliyə icra nəticəsində xitam verilibverilməməsi məhkəmə aktından asılı olan hal deyil, bu (xitam) müqavilələr üzrə müəyyən olunmuş qanuni rejimdən irəli gəlir, yəni borclu öhdəliyini lazımi qaydada icra etdikdə öhdəliyə avtomotik olaraq xitam verilir. Lakin cavabdeh hər iki müqavilə üzrə icra qeydi alaraq icraya yönəltmişdir. Belə ki, iddiaçı h ər iki müqavilə üzrə öhdəliyini icra etməsi ilə bağlı icra məmuruna müraciət etməlidir. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliklərindən) narazı qaldıqda isə həmin hərəkət və ya hərəkətsizlikdən məhkəməyə şikayət edə bilər.

20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü, MPM-nin 261.0.1 və 262.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya ins tansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəlıənin 528-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehdən aldığı 30.000 manatın qarşılığında ona 60.000 manata yaxın pul ödədiyi göstərilmişdir. Yəni, iddiaçı tərəfindən həmin bu kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunmuşdur. Belə bir halda məhkəmə həmin bu öhdəliyə tam şəkildə icra ilə əlaqədar xitam verilməsi barədə qətnamə qəbul etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlinmiş və bununla əlaqədar qərardad da qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədləri və işin hallarını araşdırmaq üçün icra məmurunda yetərincə qədər səlahiyyət olmadığından məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda i ddiaçının tələbkar tərəfindən iş üzrə icra vərəqəsinin verilməsi barədə bildirişi almağı və həmin bildirişə etiraz etməməyi məhkəmə tərəfindən icra vərəqəsi və icra qeydini almağı və buna etiraz etməməyi həmin icra qeydi ilə razılaşması kimi qəbul edilmişdir. İddiaçı icra qeydini alan kimi dərhal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Həmçinin, məhkəmə işin bütün hallarını araşdırmamış və yalnız cavabdehin dediklərinə istinad edərək əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbinin daha ədalətli və obyektiv araşdırılması üçün tərəflər pul köçürmələrinə dair müxtəlif banklara sorğunun verilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən bu əsassız olaraq təmin edilməmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. a)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 6.1.4. Notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın

26. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borc luya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

31. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

38. Belə ki, məhkəmələr tərəfindən icra qeydlərinin verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edilməmişdir. İddiaçı həmin icra qeydlərini yalnız borcunu icra etməsi ilə əsaslandırır. Bunun üçün isə iddiaçı hər iki müqavilə üzrə öhdəliyini icra etməsi ilə bağlı müvafiq sübutları icra məmuruna təqdim edə, icra məmurunun hərəkətlərindən (hərəkətsizliklərindən) narazı qaldıqda isə həmin hərəkət və ya hərəkətsizlikdən məhkəməyə şikayət edə bilər.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün lazımi şərait yaradıldığından və işdə iştira k edən şəxslərin dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ziyaddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3606/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar