Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3100/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən elektron imzalanmaması) 07.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıd akı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 14362 manat məbləğində əsas, 4308 manat dəbbə pulu, 3134 manat nümayəndəyə çəkilən xərc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 21824 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1711/2011 nömrəli iş üzrə 2 may 2011-ci il tarixli qətnaməsi ilə (hakim Elmar Rəhimov) iddia qismən təmin edilərək, Cavabdeh 14362 manat məbləğində əsas, 400 manat məbləğində dəbbə pulu, 15 manat dövlət rüsumu, cəmi 14777 manat məbləğində vəsaitin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
5. Həmin qətnamədən İddiaçı MMC kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məh kəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
8. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydas ında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, şikayət sadəcə İddiaçı MMC-nin baş icraçı direktoru Gunnar Pehnke tərəfindən elektron qaydada imzalanmış, lakin Vəkil2 tərəfindən elektron qaydada imzalanmamışdır, halbuki ki MPM-in 407.3-cü maddəsində şikayətin onu tərtib etmiş vəkil tərəfindən imzalanmalı olduğu qeyd edilmişdir.
12. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
13. Odur ki, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə İddiaçı MMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri -mümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.