Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3141/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Bank Olmayan Kredit Təşkilatı) iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tələbin yeni kreditora keçməsi, ipoteka hesabına ödənilmiş borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-722/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" SKT tərəfindən xx.xx.2007-ci il tarixli 57 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh (bundan sonra – cavabdeh) 36 ay müddətinə illik 7% olmaqla 30000 manat kredit verilmiş, xxx oğlunun mülkiyyətindəki ünvan 1ndə olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi (bundan sonra – mübahisəli əmlak) həmin kreditin təminatı kimi "xxxx" SKTnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən Bərdə Rayon Məhkəməsinin 2(021)-514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə 31079 manat borcun təminatı kimi mübahisəli əmlakın açıq hərrac satış yolu ilə realizə edilərək satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-872/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi sözügedən hissədə dəyişdirilmədən saxlanılmışdır (birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə, borcun ipoteka qoyan A.Abduləliyevdən və cavabdehdən müştərək qaydada tutulması hissəsində dəyişdirilərək borcun ipoteka qoyan A.Abduləliyevdən tutulması barədə tələb olmadığından həmin hissədə qismən ləğv edilmişdir). Qətnamə qanuni qüvvəsini almışdır. 3. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın yekunları barə də xx.xx.2012-ci il tarixli №Y-996 nömrəli protokoluna əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən A.Abduləliyevə məxsus mübahisəli əmlak 25500 manata Aqrarkredit QSC-yə satılmışdır. 4. "xxxx" QSC tam mülkiyyət üzrə ona məxsus olan mübahisəli əmlakı xx.xx.2022ci il tarixli AN-İ №1031185 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1.
5. İpoteka qoyan X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 35.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh onlara mə xsus evi ipoteka qoyaraq "xxxx" QSC-dən kredit müqaviləsinə əsasən pul götürmüş, lakin həmin pulu ödəməmişdir. Onlar da məcbur qalıb evi satıb 35.000 manat banka pul ödəmişlər.
8. Birinci instansiya məhkəməsi "xxxx" QSC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
9. Bərdə Rayon Məhkəməsinin 2(021)-3235/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Qamət Əbilov)
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsi – əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birb aşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir.
11. Belə ki, Mülki Məcəllənin 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Mülki Məcəllənin 269-cu maddəsinə əsasən, girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. İpoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericilik həmç inin ipoteka qoyanın gələcəkdə reqres qaydasında pul tələb etmək kimi hüququ müəyyənləşdirilməmişdir.
13. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, məhkəmə iclaslarında dəfələrlə iddiaçıdan vərəsəliyi qəbul edibsə, həmin sənədlərin məhkəməyə təqdim olunması tələb edilmiş, lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və məhkəməyə dolğun cavab verə bilməmişdir. Buna görə də iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 390.1, 405.1, 460-cı, “İpoteka haqqında” Qanunun 1.0.1, 1.0.4, 1.0.5, 1.0.7-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndə icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh onları aldadaraq etibarlarından sui-istifadə etmiş və külli miqdarda bankdan pul götürərək sonda ödəniş etmədiyindən yeganə yaşayış evləri əllərindən çıxmışdır. İki ildir ki, kirayələrdə, son vaxtlar maddi imkansızlıqdan qohum-əqraba evində yaşayırlar. Dəfələrlə cavabdehdən evlərinin dəyərini ödəməsini xahiş və tələb etsələr də, cavabdeh uzun illərdir müxtəlif bəhanələrlə onları aldatmaqda davam edir. Belə ki, birinci instansiya məhkəmə işin hallarını tam araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.
17. Apellyasiya baxışında cavabdeh a pelyasiya şikayətinə etirazında bildirmişdir ki, kredit müqaviləsi onunla bağlanmış olsa da, o, götürdüyü pulun hamısını iddiaçının mərhum ərinə vermişdir. Belə ki, o özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və iddiaçının əri ilə yaxşı münasibətlərdə olmuşdur. İddiaçının ərinin təklifi ilə bankdan öz adına kredit götürərək ona vermiş, iddiaçının əri də mülkiyyətində olan evi ipoteka ilə yüklü etmişdir. Buna görə də hazırkı iddia tələbi əsassızdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-722/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilmiş, cavabdehdən 25500 manat pulun tutularaq iddiaçıya verilməsi, iddia tə ləbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
19. İddiaçını subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 82 nömrəli arayışa əsasən X6 ilə İddiaçı 11 iyun 1975-ci il tarixdə nikaha daxil olmuş, X4 xx.xx.2021-ci ildə ölməsi ilə bağlı nikaha xitam verilmişdir. Göründüyü kimi İddiaçı X4 arvadı olmuş və X6 xx.xx.2021-ci ildə öldüyündən Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən İddiaçı onun birinci növbədə vərəsəsidir. Buna görə də iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun ol maması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir.
20. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 311.2-ci maddəsinə istinadən göstərmişdir ki, bu normada düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir.
21. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “tələb hüququnun mülkiyyətçiyə keçməsi” nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir.
23. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiyyətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları da mülkiyyətçiyə keçir. Başq a sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur.
24. İş materiallarındana da göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə X2 mülkiyyətində olan ipoteka predmeti hərracda satılmış və iddiaçı onun təqsirindən mülkiyyətindən məhrum olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi tutulacaq pulun məbləğinə münasibətdə isə belə nəticəyə gəlmişdir ki, əmlakın hərracda satıldığı dəyəri, yəni 25500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir
26. Apellyasiya instansiyası məhkəməsi gəld iyi nəticəni Mülki Məcəlləsinin 11.2, 196, 311.2, 386.1, 509.1, 509.2, 509.3, 1159-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət cavabdehin apellyasiya instansiyası məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli əmlak satıldıqdan sonra uzun müddət ərzində təxminən 11 ildən artıq vaxt keçməsinə baxmayaraq iddiaçı hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız 2023-cü ilin yanvar ayında əri A.Abduləliye v vəfat etdikdən sonra iddia iddia tələbini irəli sürmüşdür. Həmçinin iddiaçının ərinin də xx.xx.2007-ci il tarixindən vəfat etdiyi vaxtadək keçən 16 il müddət ərzində hər hansı bir iddia ilə məhkəməyə müraciət etməməsi cavabdehin iddiaçının ərinin evini ipoteka etdirməklə götürülmüş 30.000 manat pulun tamamını sonuncuya verməsini sübut edir. Eyni zamanda kredit müqaviləsi bağlanan zaman mübahisəli əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilərkən A.Abduləliyevlə birlikdə onun arvadı olan iddiaçı da razılıq verərək bildirmişdir ki, cavabdeh götürdüyü pulu qaytara bilməsə, evlərinin satılaraq kreditin ödənilməsinə razıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Ma ddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə
196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor m əcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayə tin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirili b. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddia t ələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apelyasiya instansiyası məhkəməsini hazırkı qərarın 19-25-ci bəndində əks edilən dəyərləndirməsi ilə razılaşır.
36. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, işin hallarını həmin sübutlar əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmış, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
37. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
38. Kassasiya şikayətini dəlillərinə gəldikdə, cavabdeh kassasiya şikayətində götürülən krediti iddiaçının ərinə verməsini, iddiaçının ərinin xx.xx.2007-ci il tarixindən vəfat etdiyi vaxtadək keçən 16 il müddət ərzində hər hansı bir iddia ilə məhkəməyə müraciət etməməsini, bu halın götürülmüş pulun tamamının iddiaçının ərinə verilməsini təsdiq etməsini, eləcə də iddiaçını özünün evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu göstərmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər qətnamənin ləğvi üçün əsas deyil. İşin müəyyən edilmiş mübahisəsiz halına görə iddiaçının mərhum ərinin mülkiyyətində olan ev cavabdehin kredit borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmiş və cavabdeh borcunu ödəmədiyi üçün həmin əmlak satılaraq cavabdehin banka olan borcuna yönəlmişdir. Göründüyü kimi, cavabdehin istinad etidiyi dəlillərin işin halına hər hansı aidiyyəti yoxdur. Üstəlik, cavabdeh bu dəlillərini təsdiq e dən sübutları işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində bildirsə də, həmin məhkəməyə bu dəlilləri təsdiq edən heç bir sübut təqdim etməmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-722/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.