Məhkəmə qərarları › İş №2(102)-3158/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3158/2019

10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3158/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili Kazımov Əfqan Xanlar oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borc pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.İmanova, iş 2(010)-3947/2018) iddia təmin edilmiş, Cavabdeh 20000 (iyirmi min) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi i lə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-13171/2018) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməsi, Cavabdeh 20000 (iyirmi min) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018 -ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Kazımov Əfqan Xanlar oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmi şdir ki, İddiaçı öz avtomobilini Cavabdeh 20000 manat məbləğində pula nisyə satmış, tərəflər arasında 10 aprel 2017ci il tarixdə notariat kontorunda 20000 manat pulun borc verilməsi barədə kredit müqaviləsi bağlanmış, cavabdeh göstərilən pul məbləğini 10.02.2018-ci il tarixə qədər qaytaracağını öz öhdəsinə götürmüşdür. Bu fakt iş materiallarında olan 10.04.2017-ci il tarixli müqavilə ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, di gər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin da ha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfmdən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən onun məhkəmə prosessində iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə baş qa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəfl ərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 51-ci vərəqində olan bildirişdən görünür ki, apelyasiya instansiyası məhkəməsi 16 noyabr 2018ci il tarixli bildirişlə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehi məlumatlandırmış, Cavabdeh ona ünvanlanmış bildirişi 26 noyabr 2018-ci il tarixdə qəbul etmiş və bu barədə iş materiallarının 52-ci vərəqində olan xəbərnaməyə imza etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda he ç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin kassasiya icraatında işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Mülki işin materialarından da göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nət icələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar