Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3168/2020 02.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdehlərin vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı qızı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin c avabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19.550 (on doqquz min beş yüz əlli) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sərlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 20 19-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı qızı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı və vəkili mübahisənin faktiki halları barədə məlumat verərək, hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71-ci, Mülki Məcəllənin iddia müddətinin axımın kəsilməsi və yenidən başlanması barədə 380-cı maddələrinə və digər normativ hüquqi aktlara istinad etmişlər. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili, kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçının bildirdiyinə görə, əri xin müalicəsi ilə əlaqədar 2011-ci ildə Almaniyada olarkən sonuncunun qohumları olan cavabdehlər onlara zəng edərək, Quba şəhərində münasib ev satılması barədə məlumat vermiş və həmin evi onlar üçün ala biləcəklərini demişlər. İddiaçı və ailə üzvləri məsləhətləşdikdən sonra evi almaq qərarına gəlmişlər. Bunun üçün qohumları X2 onlara məxsus olan 20.000 manat pulu götürmələrini və sözügedən evi onlar üçün almağı cavabdehlərə bildirmişlər. Cavabdehlər həmin vəsaiti P.Məmmədovadan götürmüşlər, lakin onlar üçün heç bir ev almamış, pulu özlərinin şəxsi ehtiyaclarına xərcləmişlər. 2013-cü ildə iddiaçının əri vəfat etmişdir. İddiaçı, verdikləri pulun geri qaytarılmasını cavabdehlərdən dəfələrlə tələb etsə də bunun müsbət nəticəsi olmamışdır. İddiaçı Quba rayon Polis şöbəsinə müraciət edərək pul vəsaitinin dələduzluq yolu ilə mənimsənildiyini bildirmişdir. Polis orqanında aparılan təhqiqat zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, onlar ev almaq üçün iddiaçının ümumilikdə 19.550 ABŞ dolları məbləğində pulunu almışlar. Həmin vəsaitdən 7.000 ABŞ dollarını xin dəfn və yas xərclərinə, qalan məbləği isə banka olan kredit borcunun vaxtının uzadılmasına sərf etmişlər. Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə polis orqanının qərarı ləğv edilmiş, materiallar araşdırmanın davam etdirilməsi üçün Quba rayon prokurorluğuna göndərilsə də, bununla bağlı heç bir prosessual hərəkət aparılmamışdır. Cavabdehlər müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddianı rədd edərkən mövqeyini belə əsaslandırmağa çalışmışdır ki, tələb üzrə iddia müddəti keçmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin id diası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qanunverici iddia müddətlərini mübahisənin xarakterinə və predmetinə görə fərqləndirmişdir. Müqavilədən irəli gələn tələblərə müvafiq olaraq üç və altı illik, qanundan irəli gələn və xüsusi iddia müddəti nəzərdə tutulmayan (məsələn, mülki hüquq pozuntusu-deliktə söykənən) tələblərə isə on illik ümumi iddia müddətləri tətbiq edilir. Bu səbəbdən məhkəmə konkret mübahisədə iddia müddətinin tətbiqi haqqında ərizəyə baxarkən tərəflərin hansı hüquq münasibətlərində olmasını, yəni cavabdehin iddiaçı qarş ısındakı öhdəliyinin müqavilədən, yoxsa qanundan irəli gəldiyini və belə öhdəlik üçün xüsusi iddia müddətinin nəzərdə tutulubtutulmadığını, iddia müddətinin başlandığı tarixi və digər bu kimi əhəmiyyətli halları aydınlaşdırmalıdır. Kollegiya vurğulayır ki, tərəflər arasında müqavilə münasibətinin olması qənaətinə gəlmək üçün onların arasında etibarlı bir əqdin bağlandığı təsbit edilməlidir. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlı müqavilə sayılır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə (tərəflər üçün hüquq və öhdəliklər) yaradır. Mülki Məcəllənin 324.2-ci, 324.4-cü və 405.1-ci maddələrinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd)... zəruridir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflərdən biri razılaşma adı altında digərini aldatmaqla (onu qənaətində qəsdən yanıltmaqla) əqd bağladıqda sonuncunun iradəsini zədələdiyi üçün müqavilə qanunla müəyyən edilmiş müddətdə mübahisələndirildikdə etiba rsız hesab edilir. Mülki Məcəllənin 337.1-ci və 339.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Bu baxımdan nəzərə alınmalıdır ki, müqavilənin bir tərəfi digərini aldatmaqla və ya iradəsini başqa cür zədələməklə əmlakını ələ keçirdiyi (maddi zərər vurduğu) hallarda həm də təqsirli şəkildə hüquqazidd əməl törətmiş olur. Bu isə mülki hüquq pozuntusudur (deliktdir). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquq münasibətlərində olmalarını araşdırmadan iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi nəticəsinə gəlmişdir. Qətnamədə cavabdehlərin öhdəliklərinin müqavilədən, yaxud qanundan irəli gəlməsinə dair işin faktiki halları ilə iddia müddətinə dair tətbiq edilən konkret normanın dispozisiya şərtləri arasındakı uyğunluq əsaslandırılmamış, müxtəlif iddia müddətləri barədə Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələri ümumi şəkildə qeyd edilmişdir. Başqa sözlə, iddiaçının tələbinə hansı iddia müddətinin tətbiq edildiyi aydın deyil. Halbuki, Mülki Prosessual Məcəllənin 217.1-ci və 217.3-cü maddələrinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Baxılan işin yuxarıda qeyd edilmiş faktiki hallarından açıqca görünür ki, cavabdehlərin iddiaçının ailəsinə ev almaq adı ilə sonuncuya aid ən azı 19.550 ABŞ dolları götürmələri, buna baxmayaraq evi almadıqları, həmin vəsaiti qaytarmayaraq bir hissəsini iddiaçının ərinin dəfn və yas məsrəflərinə xərclədikləri, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etdikləri polis orqanında verilmiş izahatda etiraf edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi bu məlumatlar fonunda cavabdehlərin pul vəsaitini iddiaçıdan hansı məqsədlə və məbləğdə götürdüklərini, onlar arasında etibarlı bir tapşırıq müqaviləsinin bağlandığını, yoxsa iddiaçının vəsaitinin hüquqazidd əməllə (aldatma ilə) ələ keçirilərək mənimsənildiyini, iddiaçının əqdi nə vaxt və hansı qaydada mübahisələndirdiyini, bunlardan asılı olaraq cavabdehlərin iddiaçı qarşısında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə, yaxud mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində və hansı həcmdə maddi məsuliyyət daşıdıqlarını, müqavilə tələbləri üzrə iddia müddətlərinin, yoxsa əməlin delikt olmasına görə on illik ümumi iddia müddətinin tətbiq edilməli olduğunu, iddia müddətinin başladığı anı, yəni iddiaçının öz hüququnun pozulduğunu nə vaxt bilməsini və ya bilməli olmasını, habelə işin həlli üçün əhəmiyyət kəsb edən digər faktiki halları konkret göstərərək və həmin hallara hansı maddi hüquq normasını tətbiq etdiyini əsaslandırmaqla mübahisəni həll etməlidir. Bunun üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-3168/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3168/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver