Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3174/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2643/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh1 (bundan sonra – borcalan) və Cavabdeh3 (bundan sonra – zamin) arasında 06 oktyabr 2018-ci il tarixdə bağlanmış 3830nkBANK/18 saylı "Kredit və Bank hesabı müqaviləsin"ə əsasən, Bank tərəfindən borcalana 19 iyun 2014-cü il tarixli 2278tkİMS/14 saylı kredit müqaviləsi üzrə 529.25 manat, 19 may 2014-cü il tarixli 4983nkİMS/14 saylı kredit müqaviləsi üzrə 6290.53 manat borclarının bağlanması məqsədilə illik faiz dərəcəsi 15% müəyyən edilməklə və 55 ay müddətinə qaytarılması şərti ilə 6820 manat kredit verilmişdir. Müqavilənin İİ bəndinə əsasən zamin müştərinin bu müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Bank qa rşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Ödəniş cədvəlinə əsasən borcalan Bankdan aldığı 6820 manat kredit məbləğini cəmi 2623.20 manat faizlə birlikdə ayda 174 manat ödəməklə 06 noyabr 2018-ci il tarixdən 06 may 2023-cü il tarixədək tam şəkildə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6690.69 manat əsas borc, 525.27 manat faiz borc, 68.25 manat cərimə, cəmi 7284.21 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək, öhd əliklərini pozmuşlar. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. 14 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən, borcalanın 06 oktyabr 2018-ci il tarixdə bağlanmış 3830nkBANK/18 saylı kredit müqaviləsi üzrə Bank qarşısında yerinə yetirilməmiş kredit öhdəliyi 6690.69 manat əsas borc, 525.27 manat faiz, 68.25 manat cərimə olmaqla, ümumilikdə 7284.21 manat təşkil edir. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)905/2020 nömrəli iş üzrə 06 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada 6690.69 manat əsas borc, 525.27 faiz borcu, 5 manat cə rimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə Banka borcu yaranmışdır. Ona görə də, iddia tələbi əsas və faiz borcu hissəsində maliyyə arayışında qeyd olunmuş məbləğdə təmin edilməli və cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmalıdır. Məhkəmə tələb olunan cərimə məbləğini əsas borcun məbləğinə münasibətdə tənasübsüz yüksək hesab edərək 5 manatadək azaltmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 445.2.1, 449.4, 461.1, 467, 472.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya ş ikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göstərmişdir ki, Banka olan borcunun çox hissəsini ödəmişdir. Belə ki, Bankdan götürdüyü kredit borcu üzrə 4500 manata yaxın pul ödəmişdir, lakin Bank ödədiyi pulu borcdan çıxmamışdır. Ona görə də hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Bundan əlavə, oğlu X3 yeriyə bilmir, 1-ci qrup əlildir və həyat yoldaşı X1 onkoloji xəstəlikdən əziyyət çəkir. Aylıq qazancı onların müalicəsinə yetmir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2643/2020 nömrəli iş üzrə 25 n oyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində Bankdan almış olduğu kreditə görə 4500 manata yaxın kredit ödənişi etdiyini və həmin məbləğin qətnamə çıxarılarkən nəzərə alınmadığını qeyd etsə də, qeyd etdiyi məbləğdə kredit ödənişi etməsinə dair müvafiq qəbzləri təq dim etməməklə yanaşı, həmin məbləğin onun Bankdan almış olduğu hansı kredit üzrə ödənildiyini də qeyd etməmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkilxxxxx oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmış, bununla tərəflərin çəkişmə prinsipini pozmuşdur. İddiaçı iddiasının əsaslı olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 76.1, 76.2, 77.1, 81, 88, 106.1, 217.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyy ət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlar a qiymət verilmir. Həmçinin iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada bildiriş göndərilmişir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2643/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3174/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3174/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver