Məhkəmə qərarları › İş №2(102)-3207/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3207/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2019-cu il tarixli, 2(039)xxx/2019 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 1000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 1990 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2019-cu il tarixli, 2(039)xxx/2019 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-xxx/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2019-cu il tarixli, 2(039)xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 1000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesab ı ilə və 1990 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, A.Mahmudov) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə qızının Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-xxx/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasına və özünə aid 1000 ABŞ dolları və 1990 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili İbadov İlham İbad oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmədə iştirak edən cavabdehin ərizəsi və izahatları kifayət qədər əsas verirdi ki, iddia təmin edilsin. Faktiki olaraq iddianın etiraf edilməsi hüquqi nəticənin verilməsinə yetərli sayılırdı. Apelyasiya kollegiyası iş üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 106, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və vəkili İbadov İlham İbad oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 1000 ABŞ dolları və 1990 manat borc verməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçıdan 2012-ci ildə birinci dəfə 1000 manat borc almasını və həmin borcu 5 ay ərzində üstü ilə birlikdə qaytarması, həmçinin iddiaçıdan ikinci dəfə 1500 manat borc alması və həmin borcu 2014-cü ildə ödəyib qurtarması barədə göstərdiklərini məhkəmə kollegiyasının iclasında təsdiq etməmişdi r. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh cəmi 710 manat borc vermiş, Cavabdeh həmin borcu iki dəfəyə olmaqla iddiaçıya qaytarmışdır. Həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçı iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin iddian ı etiraf etməsi barədə dəlilə gəldikdə isə, qeyd edilməlidir ki, cavabdehin iddianı etiraf etməsi kimi istinad edilən ərizədə göstərilən məbləğ tələb edilən məbləğlə uyğunluq təşkil etməmiş, cavabdeh həmin ərizədə göstərdiyi məbləğin iddiaçıya ödənilməsini də göstərmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya m əhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar