Məhkəmə qərarları › İş №2(102)-325/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-325/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-325/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)4489/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Mazda Tribute” minik markalı, 99FY935 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 05 iyun 2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh 04 iyun 2023-cü il tarixdə, saat 21:15-də “Mazda Tribute” minik markalı, 99FY935 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8802 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 04 iyun 2023-cü il tarixdə iddiaçının oğlu avtomobili idarə edərkən yanında 3 nəfər dostu olmuşdur. Oğlu dostu ilə görüşməyə gedəndən sonra, sonuncunun xəbəri olmadan cavabdeh avtomobili idarə etmiş və Bakı şəhəri, Səbail rayonu, X5, Bayraq meydanının dayanacağında zəncirvarı av toqəza törətmişdir. Avtomobil yararsız vəziyyətə düşmüşdür. İddiaçı cavabdehə dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciət edilsə də, dəymiş ziyan ödənilməmişdir. X1 tərəfindən baxış keçirilmiş, avtomobildə dəyişilməli olan ehtiyat hissələrinin qiymətləri və ustaların xidmət haqqı hesablanmış, bu barədə 04 avqust 2023cü il tarixdə qüsur aktı tərtib edilərək müəyyən olunmuşdur ki, avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün 8802 manat pul tələb olunur.

5. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi, Vəkil vasitəsi ilə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tələb etdiyi məbləğin onun tərəfindən ödənilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mütəxəssis rəyi verən şəxsin nə dərəcədə səlahiyyətli olması məlum deyil. Kassa məda xil orderində ayın tarixi, ödənişi edənin şəxsi məlumatları və ödənişi edənin imzası yoxdur. Cavabdeh avtomobili təmir etdirməyə hazırdır. Zəncirvarı qəza zamanı əlavə olaraq 6 avtomobilə ziyan dəymişdir və tərəflər danışmışlar ki, həmin avtomobillərin təmiri məsələsi həll olunduqdan sonra qarşılıqlı razılaşacaqlar. Cavabdeh 6 avtomobilin təmirinə 30000 manata qədər vəsait xərcləmişdir. İddiaçının avtomobilinin bazar qiyməti 6000 manat civarındadır. Yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq iddiaçı avtomobilini Turbo.az saytında 6000 manata satışa qoymuşdu. Avtomobilin nominal dəyərinin ümumilikdə cavabdehdən tələb edilməsi qəti şəkildə doğru deyil. Hadisənin baş verməsi ilə iddiaçının məhkəməyə müraciət etməsi arasında cəmi 2-3 ay olmuşdur.

6. İş üzrə birinci instansiya məhkəməsi tərəf indən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X3 (VÖEN: **********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Mazda Tribute” minik markalı 99FY935 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6722 manat müəyyən edilir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(001)575/2024 nömrəli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia qismən təmin edilmiş, 6722 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan h issədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Maddi hüquq normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini mübahisələndirmir, mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, 6722 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 1097.1, 1108.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-4489/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş verilmiş və cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinə - mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır və iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. Cavabdeh iddiaçıya dəymiş zərərin daha az olmasını birbaşa yox, faktiki olaraq bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutu (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı mütəxəssisin və ya hər hansı şirkətin “Qüsur aktını”) məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in 77.1 və 14.2-ci mad dələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Apellyasiya şikayətinin dəlillərini əsassız bilən apellyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi “Qüsur aktını” və “Kassa mədaxil orderini” deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli rəyi əsas götürmüşdür.

14. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə hazırkı mülki işə aid olmayan hallar və sənədlər sadalasa da, bu hal qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz, çünki qətnamədə həmin məlumatlar ilə yanaşı hazırkı işə ai d olan hallar və sənədlər də qeyd edilmiş və birinci instansiya məhkəməsi məhz bu işə aid hallara və sənədlərə hüquqi qiymət vermişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-4489/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 8, 14.1, 76.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

18. Belə ki, birinci instan siya məhkəməsi qətnaməsində ekspertiza rəyinin nömrəsini düzgün qeyd etməmiş, başqa qüsur aktına istinad etmişdir. Apellyasiya məhkəməsi isə bu hallara ümumi sözlərlə qiymət vermişdir. Bundan başqa, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş kassa mədaxil orderinə əsasən 2950 manat pulun ödənilməsi qeyd olunmuşdur. Lakin, kassa mədaxil orderində ayın tarixi, ödənişi edənin şəxsi məlumatları və ödənişi edənin imzası yoxdur. Bundan əlavə, iddiaçı tələb etdiyi məbləğin onun tərəfindən ödənilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda mütəxəssis rəyi verən şəxsin nə dərəcədə qiymətləndirmə səlahiyyətinə malik olması məlum deyil.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxı lmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərə r), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mən bə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məh kəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı şikayətin dəlillərinə oxşar apellyasiya şikayətini n dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması və həmin zərərə görə mülki məsuliyyətin cavabdehin üzərinə düşməsi işin mübahisə olunmayan hallarıdır.

28. Cavabdeh zərərin məbləğini mübahisələndirir və iddiaçının bununla bağlı təqdim etdiyi sübutların, habelə birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyinin əsassızlığını kassasiya şikayətində göstərir.

29. Lakin, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçıya vurulan zərərin məbləği müəyyən edilərkən bilavasitə “Qüsur aktı” və “Kassa mədaxil orderi” deyil, iş üzrə keçirilmiş ekspertiza rəyi əsas g ötürülmüşdür. Cavabdeh həmin rəyin səhv və əsassız olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyini; qüsur aktını; ekspert rəyindən istinad olunan, dəyişməsi və ya təmir edilməsi tələb olunan avtomobil detallarında zədələrin olmamasını təsdiq fotoşəkillər və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

30. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan avtomobilə vurulan zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, A zərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

31. Birinci instansiya məhkəməsinin qətnaməsinə ekspert rəyinə istinad edərkən, rəyin tarixini və nömrəsini səhv göstərməsi, işə aidiyyəti olmayan qüsur aktının məzmununu yazması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ilk olaraq apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün sadalamışdır. Digər tərəfdən qətnamənin tərtibi zamanı texniki səhvlər işdə olan sübutların mahiyyətini dəyişmir və iddiaçıya vurulmuş zərərin məbləğinin sübut olunmasını inkar etmir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-4489/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar