Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3255/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3255/2023 Açar sözlər: (pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-339/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19391 (on doqquz min üç yüz doxsan bir) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə yoldaşlıq etmişlər və əvvəllər yaxşı münasibətləri olmuşdur. Sonradan bankdan pul götürərək cavabdehə vermişdir. Cavabdeh bu faktı etiraf edir və bununla bağlı vatsap yazışmaları da mövcuddur. Ancaq cavabdeh öz öhdəliyindən boyun qaçırır. Həmçinin o, kreditə görə xeyli pul itirmişdir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7% təşkil edir bu məbləğ bir ilə 1100 manat, iki ilə cəmi 2200 manat təşkil edir. O pulu depozitə qoysa idi, illik 1015% hissəsi miqdarında xeyir götürərdi. Həmçinin o, cavabdehin bu hərəkəti nəticəsində ağır sarsıntı və əzab keçirmiş, beləliklə ona mənəvi zərər dəymişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) xx.xx.2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdehlə yaxın dostluq əlaqələri olmuşdur. Lakin məhkəmə iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi “Whatsapp” yazışmalarını nəzərdən keçirərkən cavabdehin iddiaçıya 16191 manat məbləğində borclu olması barədə tərəflərin arasında olan yazışmalarla sübuta yetirilmir, belə ki, yazışmalarda borcun etiraf edilməsi və ya hansı məbləğdə etiraf edilməsi müəyyən olunmur.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansı sübut təqdim olunmamış, eyni zamanda iddi açı tərəf isə həmin halı sübut edə bilmir.
6. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 16191 manat məbləğində borc pul verməsi və cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində ona 2200 manat maddi və 1000 manat mənəvi zərər dəyməsi öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 406.1, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasın ı xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə heç bir qanuna əsaslanmamış və birinci instansiya məhkəməsi şəxsi mülahizələri əsasında çıxarılmışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməsi əsaslandırmağa çalışmışdır. Əsaslanma dedikdə qətnamə ümumiyyətlə əsaslanmamışdır. Cavabdeh onunla yoldaşlıq etmiş və əvvəllər yaxşı münasibəti olmuşdur. Cavabdeh iki-üç il ərzində ondan müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə pul istəmiş və oda ona inanaraq cəmi 16191 manat pulu ona vermişdir. Sözügedən məbləğin ona göndərilməsi və bu məbləğin onun tərəfindən qəbul olunması ilə bağlı yazışmalar mövcuddur. Cavabdeh özü də sözügedən məbləğin ondan alınması ilə bağlı mübahisə etmir və borcu olmasını etiraf edir. Lakin cavabdeh Azərbaycanda olmaması səbəbindən bu cür ifadələrin alınması qeyri-mümkün olmuşdur. Bundan əlavə onunla əlaqə saxlamaq qeyri mümkündür. Lakin cavabdehin yaxın qohumları Cavabdeh ona pul borclu olmasını etiraf etmişdir. Bundan əlavə onu da qeyd etmək istəyir ki, o hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin orqanların qərarlarından da görünür ki, əməldə cinayət tərkibi olmasa da Cavabdeh ona pul borclunun olması müəyyən olunmuşdur. Qərarın müəyyən etdi hissəsində Cavabdeh ona pul borclu olması öz əksini tapmış və qərarda göstərilmişdir. Bu faktlar öz əksini tapsa da birinci instansiya məhkəməsi bu qərarı belə nəzərə almamışdır. Bu qədər sübutun qabağında birinci instansiya məhkəməsi yalnız cavabdehin izaha tını tələb etməsi qanunsuzdur. Bundan əlavə o dəfələrlə yazışmalarda göstərilən və onun tərəfindən cavabdehə bank vasitəsi ilə göndərilmiş pulların Cavabdeh bank hesabına daxil olması barədə vəsatət versə də birinci instansiya məhkəməsi şifahi vəsatətlərini nəzərə almamış və vəsatətə rəsmi qaydada cavab verməmişdir. Belə ki, Cavabdeh bankda olan hesabına (bank kartına) onun qeyd etdiyi və yazışmalarında olan tarixlərdə bildirdiyi miqdarda pulların ödənilməsini yalnız onun bank hesabından çıxarışın alınması ilə mümkündür. Bank hesabından çıxarışın alınması isə yalnız məhkəmə qərardadı ilə mümkündür. Ona görə də məhkəmə iclasında bu cür qərardadın çıxarılmasını xahiş edir. Birinci instansiyada bildirdiyi sübutlar araşdırılsaydı və məhkəmə iddianı təmin etsəydi ədalət mühakiməsi öz yerini tap ardı. Cavabdehin hərəkətləri nəticəsində o xeyli pul itirmişdir. Belə ki, o sözügedən pulun müqabilində faiz ödəməlidir. Ona görə də hesab edir ki, mülki cavabdeh sözügedən məbləğin faizlərini də ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7% təşkil edir, bu məbləğ isə bir ilə təxminən 1100 manat, iki ilə cəmi 2200 manat təşkil edir. Ona dəymiş ziyanın əvəzi kimi hazırda o həmin pulu özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya banka depozit kimi qoysaydı ən azı sözügedən pulu illik 10-15% hissəsi miqdarında xeyir götürərdi. Sözü gedən iddia borc pul tələbi ilə bərabər maddi ziyan tələbidir. İş üzrə borcla bağlı maddələri qeyd etsə də sözügedən iddia ziyan tələbidir. Belə ki, cavabdehin hərəkətlə ri nəticəsində maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmiş. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 1000 manat ziyan dəymişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) 2(107)-339/2022 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona borclu olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə “Express Bank” la İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Halbuki iş materiallarında belə bir müqavilə mövcud deyildir.
13. Daha sonra kollegiya şikayətin məhkəmənin banka sorğu verməli olduğu halda bunu e tməməsi barədə dəlilini əsassız sayaraq vurğulamışdır ki, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini tərəflərin üzərinə qoymuşdur.
14. Birinci instansiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nəzərə almaması barədə şikayətin dəlili ilə razılaşmayan kollegiya göstərmişdir ki, cavabdeh tərəf dindirmədə iştirak etməmiş, onun izahatı alınmamışdır. Yəni cavabdehin borclu olduğu faktının həmin qərarda əksini tapmasında dair dəlillər əsassızıdır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsini ləğv edilib, yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır Qeyd etmək lazımdır ki, cavabdehin hesabına iddiaçı tərəfindən sözügedən məbləğlərin daxil olmasını yalnız banka olan sorğu nəticəsində bilmək olar ki, Şəki Apellyasiya Məhkəməsi də bu cür sübutun əldə olunmasına heç bir köməklik etməmişdir. Məhkəmə iclasında hakim əvvəl özümüzün sorğu verməyimizi və sorğuya cavab verilmədiyi halda məhkəmənin sorğu verəcəyini bildirsə də hər iki sorğuya cavab alındıqdan sonra məhkəməyə dəfələrlə vəsatət verməyimizə baxmaya raq məhkəmə bankdan sözügedən cavabın alınması üçün heç bir təşəbbüs göstərməmişdir. Halbuki hakim özü bunu bizə təklif etmiş və yalnız bizim tərəfimizdən verilmiş vəsatətlərə qiymət verdikdən sonra sorğu verəcəyini bildirmişdir. Bununla da apellyasiya məhkəməsinin işin araşdırılmasında marağının olmaması aydın görünür. Cavabdeh iddiaçı ilə yoldaşlıq etmiş və əvvəllər yaxşı münasibətimiz olmuşdur. Cavabdeh iki-üç il ərzində iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə pul istəmiş və məndə ona inanaraq cəmi 16191 manat pulu ona vermişdir. Sözügedən məbləğin ona göndərilməsi və bu məbləğin onun tərəfindən qəbul olunması ilə bağlı yazışmalar mövcuddur. Cavabdeh özü də sözügedən məbləğin iddiaçıdan alınması ilə bağlı mübahisə etmir və borcu olmasını etiraf edir. Lakin cavabdeh Azərbaycan da olmaması səbəbindən bu cür ifadələrin alınması qeyri-mümkün olmuşdur. Bundan əlavə onunla əlaqə saxlamaq qeyri mümkündür. Lakin cavabdehin yaxın qohumları Cavabdeh iddiaçıya pul borclu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci iltarixli qərardında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Məhkəməyə təqdim edilən sənədlərdən iddianın tam əsaslı olması görünür. Bununla əlaqədar yazışmalar və digər sənədlər var. Bundan əlavə, əməldə cinayət tərkibi olmasa da Cavabdeh pul borclu olması cinayət işinin rədd edilməsi barədə qə rarda müəyyən olunmuşdur. Bu qədər sübutun qabağında hakimin yalnız cavabdehin izahatını tələb etməsi qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyini əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam müba hisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin əsas dəlili cavabdehin iddiaçıya borclu olmasının etiraf edilməsi və buna dair yazışmaların məhkəməyə təqdim edilməsidir.
32. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsasl andırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
33. Kassasiya şikayətində istinad edilən yazışmalarda isə cavabdehin konkret olaraq hansı məbləğdə borcunu etiraf etməsi, həmin yazıların məhz cavabdehə aid telefon nömrəsindən göndərilməsi müəyyən edilmir. Buna görə də, həmin yazışmaların mötəbərliyi yoxlanılmadan onlara sübut kimi istinad edilməsi mümkün deyildir.
34. Həmçinin kassasiya şikayə tinin cavabdehin hesabına iddiaçı tərəfindən sözügedən məbləğlərin daxil olmasına dair bank sorğu verilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu imkandan birinci instansiya məhkəməsində istifdaə etməmiş, yalnız apelyasiya baxışı zamanı banka verdiyi sorğulara imtina cavablarını məhkəməyə təqdim etmiş və məhkəmənin bu sübutları əldə etməsi barədə vəsatət vermişdir.
35. Halbuki MPM-nin 78.1-ci maddəsinnin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanmas ı yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işdə iddiaçı həmin sübut un əldə edilməsi üçün zəruri hərəkətlərin 1-ci instansiya məhkəməsində edilməsinin mümkün olmamasını əsaslandırmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əs aslandırılma ilə razılaşır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-339/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.